Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 ay həbs aldı


Arif Hacılı
Arif Hacılı
Səbail rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində də 2 aylıq həbs-qətimkan tədbiri seçib.

FUAD QƏHRƏMANLI BURAXILDI

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istintaq müddətində polisin nəzarətində olmaqla sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil deyir ki, əvvəlcə F. Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə iş açılsa da, sonradan bu, 233 maddə ilə əvəzlənib.

ARİF HACILI 2 AY HƏBS ALDI

Səbail rayon Məhkəməsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP üzvü Məhəmməd Məcidli barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

MÜXALIFƏTÇİLƏRİN MƏHKƏMƏSİ QAPALI KEÇİRİLİR

2 Aprel mitinqinə görə haqlarında cinayət işi açılmış 4 nəfərlə bağlı Səbail rayon Məhkəməsindəki proses qapalı keçirilir.

Jurnalistlər, hüquq müdafiəçiləri və ittiham edilən şəxslərin yaxınları məhkəmənin yerləşdiyi ərazidən uzaqlaşdırılıblar. Bu zaman jurnalistlər və ittiham edilən şəxslərin yaxınları ilə polis arasında qarşıdurma olub. Hadisə yerində olan Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov adamların ərazidən nə səbəbə uzaqlaşdırılmasına aydınlıq gətirməyib.

2 Aprel aksiyalarında saxlanılan 4 nəfərə - Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin üzvü Məhəmməd Məcidliyə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda proses davam edir.

4 AKSİYAÇIYA QARŞI İTTİHAM İRƏLİ SÜRÜLÜB

2 Aprel aksiyasında saxlanan 4 nəfərə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə AzadlıqRadiosuna Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Bunlar Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin üzvü Məhəmməd Məcidlidir.

Yaxın dəqiqələrdə Səbail rayon Məhkəməsində məhkəmə iclasının keçiriləcəyi bildirilir.

2 APREL MİTİNQİNDƏ SAXLANAN 3 NƏFƏRİN HARADA OLDUĞU BİLİNMİR

2 Aprel mitinqində tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Eldar Hüseynov, partiyanın sıravi üzvləri Məmməd MəcidliVüqar Qədirovun harada saxlandığı, onlara nə qədər cəza verildiyi bilinmir.

Bu haqda İctimai Palata (İP) məlumat verib.

Məlumatda bildirilir ki, aksiyada saxlananlardan 13-nə 3-8 sutka həbs cəzası verilib. Onlardan 5-i Müsavat, 5-i isə AXCP üzvlərdir. Qalanlar isə palatada ya fərdi, ya da başqa təşkilatlar adından təmsil olunan şəxslərdir.

Məlumatda aksiyada şübhəli şəxs qismində saxlanılan 4 nəfərin adı da qeyd edilir. Bunlar Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, bu partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və KXCP Nərimanov şöbəsinin Məclis üzvü Cavid Mehrəliyevdir.

Məlumatda deyilir ki, 2 Aprel mitinqi ərəfəsində saxlanan müxalifətçilərdən də 13-nə bir neçə sutkalıq həbs cəzası verilib. Onlardan AXCP funksioneri Şahin Həsənli CM -228.1 (Qanunsuz olaraq döyüş sursatının saxlanması) maddəsi ilə ittiham edilərək 1 aylıq həbs cəzası alıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında 70 nəfər haqqında tənbeh tədbirlərinin görüldüyü bildirilirdi. Ancaq onlardan neçə nəfərə həbs cəzası verildiyi qeyd edilmirdi.

İctimai Palata isə aksiyada ümumilikdə, 150 nəfərin saxlandığını bildirir.
XS
SM
MD
LG