Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Üzeyir bəy Hacıbəyli. Bir qədər qəzetçilik dərsi


M ü ә l l i m. Qәzetә hәr bir şey yazmaq olarmı?

Ş a g i r d l ә r. Xeyr, olmaz!

M ü ә l l i m. Necә olmaz? Bәs qәzetin başında "Hürriyyәt" yazılıbdır?

Ş a g i r d l ә r. Doğrudur, hürriyyәt yazılıbdır, amma hürriyyәt ondan ötrü yazılmayıbdır ki, hәr kәsin ağlına nә gәlsә, götürüb qәzetә vurdursun.

M ü ә l l i m. Çünki o halda qәzet nә olar?

Ş a g i r d l ә r. O halda qәzet zibil sәbәti olar.

M ü ә l l i m. Çox yaxşı, bәs o surәtdә kim kimdәn incimәlidir: qәzetin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qәzetin müdirindәn?

Ş a g i r d l ә r. Qәzetin müdiri yazı yazıb da yazdığı çap olunmayandan incimәlidir.

M ü ә l l i m. Nә üçün?

Ş a g i r d l ә r. Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qәzetini zibil sәbәtinә döndәrmәk istәyirmiş. (Bәzi yazı yazıb da yazdıqdarı çap olunmayan şәxslәrdәn tәvәqqә olunur ki, bu sözlәrdәn hәlә tez incimәyib, dәrsin dalına qulaq assınlar).

M ü ә l l i m. Bәs qәzetә nә tövr mәqalә yazmalıdır ki, çap olunsun?

Ş a g i r d l ә r. Әvvәlәn, qәzetin mәslәkinә müvafiq olsun.

M ü ә l l i m. Mәsәlәn, nә tövr?

Ş a g i r d l ә r. Mәsәlәn, qәzetin mәslәki budur ki, tәrәqqiyә mane olan şeylәr rәf edilsin. Ona görә, әgәr birisi durub yaza ki, dәmir yolu şeytan әmәlidir vә gödәk paltar geymәk haramdır, o surәtdә onun mәqalәsi çap olunmayıb, zibil sәbәtinә düşәr.

M ü ә l l i m. Vә saniyәn?

Ş a g i r d l ә r. Vә saniyәn, mәtbuat qanunlarına müğayir olmasın.

M ü ә l l i m. Nә tövr?

Ş a g i r d l ә r. Mirzә, onu müdir özü canının qorxusundan yaxşı bilir.

M ü ә l l i m. Vә salisәn?

Ş a g i r d l ә p. Vә salisәn, qәrәzi-şәxsi ilә yazılmasın.

M ü ә l l i m. Nә tövr?

Ş a g i r d l ә r. Mәsәlәn, Әli Vәli ilә qumar oynaya, Vәli dә Әlinin pulunu uda. O surәtdә Әli götürüb qәzetә belә bir şey yaza: "Ay, cәhalәt bizi basdı, qәflәt yuxusu axırımıza çıxdı. Biz nә vaxtadәk öz hüququmuzu anlamayıb, onun-bunun әlindә müztәr qalacayıq? Bir insaf edin, özgә millәtlәrin cavanları elm vә әdәb dalına düşüb, millәtә xidmәt etmәk yolunda can qurban edirlәr, amma bizim cavanlarımız, әzoncümlә, mәsәlәn, cәnab Vәli bәy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır vә xalqın pulunu udur. Müdiri-möhtәrәm tәvәqqә edirәm ki, adımı yazmayıb, imzamı "Canıyanan" qoyasınız".

Bu cürә kağızların da yeri zibil sәbәtidir.

M ü ә l l i m. Xub. Vә rәbiәn?

Ş a g i r d l ә r. Vә rәbiәn, şәxsi işlәr yazılmasın.

M ü ә l l i m. Nә tövr?

Ş a g i r d l ә r. Mәsәlәn, biri belә yaza: "Müdiri-möhtәrәm, çox tәvәqqә edirәm ki, mәnim bu kağızımı çap edәsәn. İsrağa gün mәn çәkmә almaqlıq qәsdilә Mәşәdi filanın dükanına getdim. Mәşәdi filan mәndәn 12 manat nәqd pul alıb, bir cüt çәkmә verdi. Çәkmәni geyib bir gün gәzәndәn sonra gördüm çox dardır vә ayağımı bәrk sıxır. Әhvalatı Mәşәdi filana nağıl etdim. Dedi: Mәn nә qayırım? Dedim: çәkmәni geri al vә ayrısını ver. Dedi: olmaz, xarablamısan! Nә qәdәr elәdim olmadı. İndi bu әhvalatı cәmi müsәlman qardaşlarıma bildirib sual edirәm ki, aya rәvadırmı ki, hәm pulum getsin, hәm dә çәkmә ayağımı çolaq elәsin!"

Bu da sәbәt malıdır.

M ü ә l l i m. Xub vә xamisәn?

Ş a g i r d l ә r. Vә xamisәn, bimәna şeylәr yazılmasın.

M ü ә l l i m. Nә tövr?

Ş a g i r d l ә r. Mәsәlәn, bu gün tәk vә tәnha әylәşib öz-özümә fikir edirdim. Müsәlman millәtinin xar vә zәlil olmağı barәsindә. Hansı ki, ayrı millәtlәr hamısı qabağa gedib, amma biz bәdbәxtlәr geriyә qalıb, hansı ki, gәrәk biz hamı millәtlәrdәn qabaqda olub, yüzlәrcә mәktәblәrimiz olub, uşaqlarımız dәrs oxuya idi. Hansı ki, indi küçәlәrdә әlmәndә oynayırlar. Müdiri-möhtәrәm, tәvәqqә olunur ki, çox tez qәzetinizdә çap elәyib, adımı da "Nalan" qoyasınız.

M ü ә l l i m. Müdiri-möhtәrәm bu mәqalәni tezmi çap edәr?

Ş a g i r d l ә r. Xeyr, müdiri-möhtәrәm bu mәqalәni cırıq-cırıq edib öz-özünә deyәr: Bunun әvәzinә bir әhvalat yazılaydı, yenә bir şey olardı.

M ü ә l l i m. Vә sadisәn?

Ş a g i r d l ә r. Vә sadisәn, fitnә vә fәsad qovzayan olmasın.

M ü ә l l i m. Nә tövr?

Ş a g i r d l ә r. Daha onu burada yazmaq lazım deyil. Çünki mәqalә yazan özü bilir ki, fitnә qәsdi ilә yazıbdır.

M ü ә l l i m. Çox gözәl, dәrsinizi yaxşı bilirsiniz. Әgәr müsәlman yazıçıları da bu dәrslәri әzbәrlәsәydilәr nә olardı?

Ş a g i r d l ә r. Özlәrinin vә müdirin vaxtını zay etmәzdilәr. 7 qәpiklik markanı, iki qәpiklik mürәkkәbi vә bir qәpiklik qәlәmi kor qoymazdılar vә zibil sәbәtini ağzınadәk doldurub xidmәtçinin dә әziyyәtinә sәbәb olmazdı-lar.

İ d a r ә d ә n. Ay olaydı, ha!
XS
SM
MD
LG