Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Üzeyir bəy Hacıbəyli. Təsəlli


Tәkcә oturmuşam, mәndәn başqa idarәdә bir kәs yoxdur. Yanımdakı şeylәrdәn tәk bir asma saat öz vәzifәsinә mәşğul olub taqqıltı elәyir. O birilәri dinmәz-söylәmәz durubdular.... Fikrә mәşğulam....

Qapının zәngi cürәtsiz bir surәtdә sәs elәyir. Kimdir bu? Gecәnin bu vaxtı nә istәyir?

Zәng yenә çalınır, gedib qapını açıram....

-- A.... Yenә sәn gәldin? Gecәnin bu vaxtı nә var?

-- Heç, elә-belә.... Ürәyim darıxdı, gәldim. İstәdim ürәyim açılsın. Burada mәnim ürәyim hәmişә açılır, tәskinlik tapıram. Mәnә elә gәlir ki, bura hәr dәrdin dәrman yeridir ... heç olmasa, adamın ürәyi boşalır.

-- Dәrdin nәdir?

-- Dәrdim nәdir? Yox, elә demә. Soruş ki, nәdәn dәrd çәkirsәn? Mәn dә deyim ki, dәrdini çәkmәdiyim bir şey yoxdur....

--Әgər dünyada tәk bir sәn dәrdli olsaydın, onda, doğrudan da, sәn çox yazıq adam olardın, amma şair doğru deyibdir ki:

Dәr in dünya kәsi biğәm nәbaşәd,

Әgәr başәd, baniadәm nәbaşәd.

Sәn deyirsәn ki, sәnin dәrdin çoxdur, mәn deyirәm ki, mәnim dәrdim çoxdur. Әgәr bir üçüncüdәn soruşasan ki, kimin dәrdi çoxdur, o da deyәr ki, hamınızdan mәnim dәrdim çoxdur.

-- Mәnim dәrdim hamıdan artıqdır. Mәn yoxsulam.... Günlәr olur ki, ac qalıram. Özüm cәhәnnәmә, külfәtim ac qalır.... İş yoxdur. Heç kәs mәnә iş vermir.... Dövlәtlilәrin qapısına gedirәm, qovurlar. Heç kәsin ağlına gәlmir ki, bәlkә mәnim әyalım acından can verir?! Dünyada bir adamın ümidini--o ümid ki, insanın diriliyi ondan asılıdır

--Hәmin o ümidi pozmaq zülmdür. Halbuki mәn hәr gün evdәn çıxıb, әhlü әyalı da ümidvar edirәm. Sonra sairlәr mәni naümid edәn kimi mәn dә öz yaxın adamlarımın ümidini zayil etmәyә mәcbur oluram. Ah, adamlar! Bәzi vaxt mәn adamlardan qorxuram. Mәn elә güman edirәm ki, bu adamlar hamısı ittifaq ilә mәnә düşmәn olub, özümü vә bütün külfәtimi ölüm cәzasına mәhkum elәyibdilәr.... Bazardan keçәrkәn mәn dükanlarda, mağazalarda gördüyüm o yeyilәn vә geyilәn şeylәrdәn qorxuram. Elә bilirәm ki, o qırmızı almalar, sarı armudlar, isti çörәklәr mәni görüb deyirlәr: "İtil burdan, pulsuz oğlu pulsuz! Bizә yaxın durma!...". Vallah, mәn onlardan qorxuram. Bәzi vaxt olur ki, bütün insanlardan zәhlәm gedir. Mәn onlara düşmәn oluram.... Әgәr bu hiss bir az da qәlәbә etsә, qabağıma çıxan adamı kamali-şövq ilә boğaram. Yanından keçmәyә qorxduğum mağazaya soxulub, şeylәrә deyәrәm: "Sus! İndi siz mәnim malımsınız. Daha sizdәn qorxmuram!" Ax, bu pulu çıxardanın evi yıxılsın....

Dedim:

-- Qәm yemә. Çalış, iş taparsan. Ancaq mәnә de görüm, sәn buraya gәlәrkәn qorxmurdun ki, soni oğurlayarlar?

Dedi:

-- Yox:

-- Bax, bu bir ümdә azadlıqdır ki, sәndә var. Amma dövlәtlilәr ondan mәhrumdular. Bundan başqa, әgәr bir dövlәtli, bir milyonçu günlәrin bir günü bütün dövlәtini itirә, müflis qala, nә olar?

-- Ya qüssәmәrg, olub ölәr, ya dәli olar.

-- Çox gözәl! Halbuki sәninlә mәnim bir qәpik pulumuz yoxdur. Özümüz dә nә qüssәmәrg olarıq, nә dәli-divanә.... Bu bizә böyük bir tәsәllidir ki, azad vә mәrdanә ömür sürürük, vәssalam....
XS
SM
MD
LG