Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--
Məstanərəviş, məşyi-pərişanını görcək.
Düşdün lotuluq məşqinə, islama uyuşma,
Öldür nerədə olsa müsəlmanını görcək.
Qoy börkünü kəc qaşının üstündə, fırılda
Kəndin kimi bir lotiyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.
Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",
Vellən gecə-gündüzdə xuramanını görcək,
Var-yoxunu sərf eylə barişnalara, ancaq
Söy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cavansan,
Əyyaşi-cahansan,
Sərxoşlara cansan!
Vaxta ki, qocaldın,
Rişi döşə saldın,
Pis günlərə qaldın
Onda biləcəksən!....