Məndə ar olsaydı ölmək ixtiyar etməzmidim?
Abrunun nolduğun bilsəydim ar etməzmidim?
Gər şüurum olsa idi dustü düşmən bilməyə, --
Şapşalı, Fəzlüllahı işdən kənar etməzmidim?
Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin, --
Onları məqtuli-tiği-canşikar etməzmidim?
Xaki-İranın mənə bir guşəsin versəydilər, --
Kəndimi Əbdülhəmid tək bəxtiyar etməzmidim?
Bilsə idim el məni axir belə müflis qovar, --
Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?
Mülki-İranın düşünsəydim əlimdən getməyin, --
Var ikən fürsət о mülkü tarü-mar etməzmidim?
Ah, ol dəm ki, Təqizadə mənə əl vermədi, --
Mümkün olsaydı başın təndən kənar etməzmidim?
Qoy desinlər, Məmdəli düşdü Ədes sövdasına....
Məncili versəydilər orda qərar etməzmidim?