Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!
Bu məclisimiz məclisi-ehsandır əgərçi,
Düzdüklərimiz neməti-əlvandır əgərçi,
Ehsan füqəra kəslərə şayandır əgərçi,
Bir adəti-irsiyyə dəxi var, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dövlətliləriz, məqsədimiz eyşü səfadır,
Mehmanlarımız büsbütün ərbabi-qinadır,
Kökdür, yekədir, boynuyoğundur, nücəbadır,
Bəydir, ağadır, ağzı dualı üləmadır,
Bişmişlərimiz min cürə ləzzətli qidadır,
Dikmə gözünü mətbəxə, biar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dəxli bizə nə boşda qalıb dəsti-sualın?
Yainki acından mələşir əhlin, əyalın?
Bax, bax, necə çirkindir о mənhus cəmalın!
Hax-tüf üzünə, surəti murdar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Dövlətli neçin sərf edib öz bəzlü səxasın --
Əyanı qoyub, doydura şəhrin füqərasın?
Töksün görüm allah üzünün şərmü həyasın!
Əl çək yaxamızdan, itil, idbar dilənci!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənci!
Bir dəfə fəqir olduğunu anla da, zinhar,
Dövlətlilərin bişmişinə olma həvəskar,
Voxsa yeməyə bir zadın, öl, canını qurtar!
Etmə bu qədər bizlərə azar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!