əvvəli
İ K İ N C İ C İ L D
Düz yolla gedәnlәr öz әxlaqlarını daim saflaşdırmağa çalışmalı, tәkәbbür vә özünü öymәkdәn çәkinmәlidirlәr.
Әlqәrәz, İbrahim bәyin sәyahatnamәsinin möhtәrәm oxucuları onun işinin aqibәti intizarındadırlar. Vәtәnpәrvәrlәr o vәtәn vurğunu olan qeyrәtli cavanın vәziyyәtindәn xәbәrdar olmaq üçün hәr yandan mәktublar yazıb, peyğamlar göndәrәrәk soruşdular ki, pәrdә düşdükdәn vә yanğın söndürüldükdәn sonra o ürәyi yanıqlı vәtәn didәrgini otaqdan bayıra çıxarıldıqda öldümü, xәstәlәndimi vә ya sәlamәt qurtardı? Onun әli mehriban anasının әlinә çatdımı?
Tәәssüb çәkmәyin nә ilә nәticәlәndiyi, ölәn günә kimi nә kimi müsibәtlәrә düçar olması hamıya aydın olsun deyә o qeyrәtli cavanın taleyinin sonunu Yusif әminin yazıb qeydә almasına baxmayaraq, bir para mülahizәlәrә görә, o nakam vәtәnpәrvәrin sәrgüzәştinin çap vә nәşr etdirilmәsindәn sәrf-nәzәr olunmuşdu. Fәqәt vәtәnpәrvәrlәr hәddindәn artıq israr edib, o başıbәlalı, qeyrәtli cavanın işinin aqibәtindәn xәbәrdar olmaq arzusunda olaraq onun nәşrini tәkidlә xahiş etdilәr. Hәtta millәtini sevәn vәtәnpәrvәrlәrdәn biri iki yüz tümәn pul göndәrdi; әsәrin çap olunmasına iqdam edildikdә sәkkiz yüz tümәn dә göndәrәcәk idi. Bu o demәkdir ki, o, vәtәn yolunda, yәni bu qeyrәtli cavanın başına gәlәn macәranın nәşr etdirilmәsi yolunda min tümәn xәrclәmәyә hazırdır.
Vәtәn övladları, İran millәtinin qeyrәt vә hәmiyyәtdәn mәhrum olduğunu tәsәvvür edәn bәdbinlәrin düşündüklәri kimi deyildir. İran xalqının tәbiәtindә qeyrәtsizlik olması barәsindәki fikir әsassız vә açıq bir iftiradır; belә ki, bu vәtәnpәrvәr qocanın maddi qüdrәti vә sәrvәtinin nә qәdәr olduğunu bilәn bir şәxs onun belә bir sәrvәtә malik olmasına baxmayaraq, öz ölkәsi vә vәtәninin inkişafı yolunda min tümәni necә bağışlamasına tәәccüblәnәcәkdir. Halbuki o, ad-san vә şöhrәt tәmәnnasında deyildir vә öz pulunu sonsuz bir cәsarәtlә xәrclәyәrәk, belә tәhlükәli bir işә әl atır. Onun bu әmәli aşkara çıxarılarsa, qәrәzli şәxslәrin qәzəbinә düçar olacağı da uzaq deyildir.
Xülasә, altı aydan sonra o qeyrәtli şәxsin iki yüz tümәnini geri qaytarıb, bu kitabı nәşr etdirә bilmәdiyimizә görә üzr istәdik. Ancaq o cәnabın bağışladığı mәblәğ elә bil ki, bu kitabın çap edilmәsinә xәrclәnmişdir. Sözü vә әmәli düz olan belә insanların qeyrәt vә hümmәtinә afәrin!
Sözü ilә ürәyi bir adama can qurban!
Sözün qısası, dostlar üz vurdular ki, o nakam cavanın İstambuldan Misrә gedәndәn vә Misirdә olarkәn hәyatının axırınadәk başına gәlәnlәr haqqında Yusif әminin yazmış olduqlarını nәşr edәm. Mәn isә bu işlәrdәn bir müddәt boyun qaçırdım. Nәhayәt, qeyrәt vә hümmәtin tәhrik olunmasına sәbәb olan bir mәsәlә qulağıma çatdı vә mәni o qeyrәtli cavanın sәrgüzәştinin sonunu çap edib, onu sәyahәtnamәnin birinci cildinә qoşmağa vadar etdi. Yaxşı olar ki, hәmin kitabın nәşr edilmәsinә sәbәb olan hәmin mәsәlәni әziz oxuculara çatdıram.
Dostlarımdan biri hәr il iki dәfә Misir vә İstambuldan Tehrana gedib, oradan İstambula vә Misrә qayıdırdı. Bu günlәrdә o, Tehrandan qayıtdıqda mәndәn soruşdu:
“İbrahim bәyin sәyahәtnamәsini axtarıram, әgәr bir yerdә sorağın varsa mәnә göstәr, alım.”
Dedim:
“Kimin üçün istәyirsәn?”
Dedi:
“Tehranda filan vәzirin evindә düşmüşdüm. Onun arvadı mәnә çox hörmәt göstәrdi. Nökәrlәri gecәlәr vәzir üçün eşik hәyәtdә köhnә, dağılmış bir kitab oxuyurdular. Mәn dә qulaq asırdım. Bu kitabda qәribә vә hәlә eşidilmәmiş mәsәlәlәr yazıldığından vәzir gecәlәr onu oxumaq vә ya dinlәmәklә mәşğul idi. Başı elә qarışmışdı ki, әndәruna getmirdi. Günlәrin birindә arvadı ondan soruşdu:
“Filankәs, neçә gecәdir ki, әndәruna gәlmirsәn?”
Vәzir dedi:
“Doğrusu budur ki, hacı filankәs bir kitab oxuyur. Onu dinlәmәkdәn sәrmәst olmuşam. Yeyib-içmәk, yuxu mәnә haram olubdur.”
Gecә vәzirin arvadı adam göndәrdi ki, hacı kitabı gәtirib әndәrunda oxusun. Kitabı apardıq. Xanım hacıya buyurdu ki, kitabı gәrәk başdan oxuyasınız. O da kitabı әvvәldәn oxumağa başladı. Neçә gecә oxudu. Hörmәtli xanım gah ixtiyarsız olaraq gülür, bәzәn dә yaylıqla göz yaşlarını silirdi. O, kitabı dnilәmәyә o dәrәcәdә alışmışdı ki, bәzi vaxt şamı dörd-beş saat gecikdirirdi. Qayıdan baş mәndәn tәkidlә xahiş elәdi ki, kitabdan bir cild onun üçün alıb aparım. Dedi ki, bu kitabı mәktәbә gedәn sәkkiz yaşlı oğlum .... xan üçün kitabxanada saxlamaq istәyirәm ki, boya-başa çatdıqdan vә ağıla, kamala yetdikdәn sonra oxusun. Qoy bilsin ki, İranda nә hәngamә imiş, elәcә dә anlasın ki, İranda da, Qәrb ölkәlәrindә olan mütәfәkkirlәr kimi, mәsәlәlәri yazıb, İran hökmdarlarını әxlaqca tәmizliyә, işlәrdәki nöqsanları islah etmәyә çağıran qeyrәtli adamlar olmuşdur....
Doğrusu, mәn bu möhtәrәm xanımın sözlәrini eşitdikdә tәәccüblәndim, әllәrimi göyә qaldırıb dedim: "Allah, sәnә min şükür! Ölkәmizin qadınları bu cür qeyrәtli vә düşüncәli olanda gör kişilәri necә olacaqlar!" Әslindә sәyahәtnamәni qәlәmә almaqdan mәqsәd vә yalnız fikirlәrdә intibah yaratmaqdan ibarәt idi. O möhtәrәm qadında olan bu qeyrәt hisslәri vәtәnpәrvәrlәrin nәzdindә minlәrlә qızıl-gümüşdәn daha qiymәtlidir. Bu xәbәri eşitdikdә bundan әvvәl adı qeyd edilmiş şәxsin min tümәnini qәbul etmәkdәn imtina etmәyimә baxmayaraq, bu möhtәrәm xanımın yüksәk әfkarı müqabilindә boyun qaçırmağın çәtin olduğunu görüb hümmәtә gәldim, "allaha tәvәkkül" deyib, hәmin cildin çapına vә nәşrinә başladım.
Hәrçәid sәyahәtnamәni çap vә nәşr etmәkdәn mәqsәd әvvәlcә bu idi ki, şayәd doğru yazan qәlәmim müqәddәs vәtәnin minlәrlә eyiblәrindәn birini şişirmәdәn, mübaliğәyә yol vermәdәn yazıb göstәrә bilsin. Ola bilәrdi ki, bu, qüdrәt sahiblәrinin nәzәrinә çatdıqda qeyrәt vә insaf sahiblәri bu zәhmәtlәrin müqabilindә mәni xeyir-dua ilә yad etsinlәr. Lakin tәәssüflәr olsun ki:
"Sәhv idi әslindә bu saydıqlarım".
İnsafsız, qәrәzli adamlar bu xidmәti mәmlәkәt vә millәtin asayişinә zәrәrli bir әmәl kimi qiymәtlәndirdilәr. Sәyahәtnamәni qәti surәtdә qadağan etdilәr vә bildirdilәr ki, o, hәr kәsin әlindә göründüyü tәqdirdә haman şәxs hәbsә alınıb cәrimә olunacaqdır.
Ancaq bununla belә, bir neçә nәfәri istisna etmәklә bütün millәt sәyahәtnamәnin mündәricatını alqışlayıb, onu tәsdiq etdi. Әsәrә tutulan eyib yalnız bundan ibarәt oldu ki, onda nöqsanlardan az yazılmışdı. Bu isә tәbiidir; çünki İbrahim bәy filan şәhәri görmәmiş vә o şәhәrdә olan filan әmәldәn xәbәrsiz qalmışdır. Lakin bizim әsas mәqsәdimiz bu idi ki, iş başında olanlar, mәsul adamlar oxuyub bilsinlәr ki, orada yazılan bütün qәbahәtlәr vә yaramazlıqlar bütünlüklә onların vücudunda mövcud olmuşdur. Onlar xalqın mәnafeyini öz xüsusi mәnafeyinә zidd hesab etmişlәr, gәlәcәkdә vәzir vә ya әmir olmaq, bununla da xәyali hörmәt vә izzәt kәsb etmәk xülyası ilә faydasız tәşәbbüslәrә әl atmışlar, çünki yaxşı ad, izzәti-nәfs, mәnәviyyat fikrindә olmamış, şәrәfin mәnasını başa düşmәmiş, opportunizmi özlәrinә peşә edәrәk, adlarının müqәddәs milli tarixdә sәbt olunması üçün yaxşı şöhrәtdәn ibarәt olan әbәdi hörmәt vә izzәtin nәşәsindәn xәbәrsiz qalmışlar.
Qırx xәzinә ilә Qarun köçdü dünyadan.
Yaxşı adla yaşar indi Әnuşirәvan.
Yenә dә әrz edirәm: ey iş başında oturanlar, ey padşahın müqәrrәblәri, ey millәtin başçıları! Özünüzә rәhminiz gәlsin, bu yazılardan qorxmayın, xeyrinizә olmayan işlәrdәn, mәslәhәtinizә olmayan bәd әmәldәn çәkinin! Yәqin bilin ki, siz nә qәdәr çalışsanız da bu rәftarla hal-hazırda tutduğunuz mәqamlarda qala bilmәyәcәksiniz. Әksinә, sizin әmәliniz sizi hәr cür iftixardan mәhrum edәcәkdir. Halbuki әlinizdәki qüdrәtlә siz öz hörmәt vә qiymәtinizi elә möhkәmlәndirә bilәrsiniz ki, mәqamdan düşәndә iftixar vә asayişiniz iş başında olan vaxtdan yüz qat artıq olsun. Sizin tutduğunuz yolu istәr İranda, istәrsә dә başqa ölkәlәrdә sizdәn әvvәlkilәr dә tutmuşdular. Onların aqibәtlәrinin necә olması barәsindә diqqәtlә fikirlәşin. Onlar tam biabırçılıqla iş başından götürülüb qәzәbә düçar oldular, üstәlik başlarını da uduzdular. Sizin taylarınız olan sabiq osmanlı nazirlәri nә kimi zillәtә vә fәlakәtә giriftar oldular?!.. Özünüz bir yaxşı baxın görün alçaqlıq üzündәn әn çirkin rәzalәti әbәdi hörmәt vә izzәtdәn necә üstün tutursunuz. Böyüklәr buyurmuşlar: davamı olmayan bir şeyә könül bağlamaq düzgün deyil. Sizin qәflәtiniz vә özünüzü öymәyiniz İranı vә İran dövlәtini mәhv edәcәkdir. Dövlәtә hәr dörd tәrәfdәn üz verәn tәhlükәlәrә nәzәr salın. Özünüzә, bir dә on beş milyon İran millәtinә rәhminiz gәlsin. Qarşınızda çox çәtin bir iş dayanır. Görün bu altmış illik ömrünüzdә dövlәtin başını nә kimi alçaq oyuncaqlarla qatmısınız vә qatmaqdasınız. Siz mәmlәkәti vә millәti idarә etmәk elmindәn zәrrәcә xәbәrdar olsaydınız indi İran Yanoniyanın yerindә olardı.... Bu mәnasız qürur vә özünüöymәlәrә ata-baba şәrәfi, şәni vә nәcabәti adı qoymaqla ancaq özünüzü aldadırsınız. Sizin bu boş iddialarınız, dolaşıq xәyalatınız tamamilә yanlış, gәrәksiz vә iyrәncdir. Mәdaxil lәkәsini әtәyinizdәn silin, adınızı rüşvәtxorların siyahısından çıxarın; onda sәrvәtiniz vә gәliriniz indikindәn dә artıq olar. Hәm dә bu mal-dövlәt murdar yolla deyil, tәcrübә ilә qanun vә şәrәflә qazanılan sәrvәtdәn ibarәt olar. Firәngistan nazirlәrinә fikir verin, görün hәr biri milyondan dәm vurur. Bu barbarlıq, qanunsuzluq, intizamsızlıq üçün nә mәnә, nә dә sizә eyib tutmaq olmaz. Eyib burasındadır ki, siz әsla bu eyiblәri aradan qaldırmaq niyyәtindә deyilsiniz. Eyib bundadır ki, nöqsanlardan danışan adamın dilini kәsirsiniz, sizin әmәllәrin qәbahәtini yazanların әlini kәsirsiniz. Eyib burasındadır ki, qәlәm azadlığını qadağan etmişsiniz. Bu kimi eyiblәr hәr yerdә, hәr bir millәt arasında İranda vә İran dövlәt başçılarında olduğundan daha betәr imiş. Lakin qәlәm azadlığı bütün bunlara son qoydu. Rus Puşkin, fransız Volter, ingilis Con Stuart öz millәt vә dövlәtlәri üçün onların nöqsanlarını açıb göstәrmәkdәn başqa bir iş görmәmişlәr. Haman ingilist Con Stuart azadlığın mәnafeyini başa salmaq üçün öz kitabında belә yazır:
"Canlılar alәmindә insan elә bir növә mәnsubdur ki, gәrәk daim tәrәqqi vә inkişaf etmәyә sәy göstәrsin. Tәrәqqi isә fikir vә yüksәk mәqsәdlәri söylәmәk azadlığına malik olmadan mümkün deyildir. İnsan öz әfkarını heç bir maneәyә rast gәlmәdәn söylәmәlidir. Hәr kәs nә istәyirsә, qoyun desin, düşüncәli adamlar yanında onun sözlәri qәbul olunarsa bütün millәtә vә camaata xeyri olar. Әks tәqdirdә, bu sözlәri söylәnilmәmiş kimi hesab edib göz yumun".
Siz başqa vәhşi vә barbar millәtlәrin öz eyiblәrini qeyd etmәkdәn çәkinmәdiklәrini vә öz nöqsanlarını açıb göstәrmәkdәn utanmadıqlarını tәsәvvür edirsinizsә, bu sәhv bir tәsәvvürdür. Siz Yaponiya әhalisinin otuz il bundan әvvәlki vәhşiliyi vә barbarlığını görә bilsә idiniz, onların o günkü halını bu gün öz nöqsanlarını tәnqid etmәk sayәsindә nail olduqları cәlal, şövkәt, sәrvәt vә әzәmәtlә müqayisә etmәk iqtidarında olsaydınız, elә bu saat hal-hazırkı qanunsuzluqdan, intizamsızlıqdan vә hәrc-mәrclikdәn әl çәkib, hamı üçün bәrabәr olan qanun icrasına başlardınız, mәnasız tәkәbbür vә iddiadan әl çәkәrdiniz, bir yerә gedәrkәn ardınızca әlli nәfәr fәrraşın da yollanmasına, arxanızca bir neçә atın yedәk çәkilmәsinә icazә vermәzdiniz. Yalnız öz mәdrәsәlәriniz vә maarifinizlә fәxr edәrdiniz, boynunuzda haqqı olan millәti öz hüququndan mәhrum etmәzdiniz.
İnsafla deyin, әgәr bir adam sizә Yaponiya, Koreya vә ya Çin hәrbi nazirliyini tәklif edәrsә hansını qәbul etmәyi üstün tutarsınız? Halbuki otuz il bundan әvvәl bu ölkәlәrin üçü dә eyni vәziyyәtә malik idilәr. İndi isә elmin bәrәkәtindәn biri yüksәk mәrhәlәyә çatmış, o biri isә cәhalәt bәlası üzündәn tәnәzzülә yuvarlanmışdır. Biri hakimdir, o biri isә itaәtә mәhkum olmuşdur.
Әlbәttә, Parisdә bir frank verib 36 nömrәli bulvarın sәrgisinә tamaşa elәyib görmüşsünüz ki, fransızlar keçmişdә necә adam öldürmüşlәr, onları necә cәrimә edirmişlәr. Orada bu kimi adamların hamısının heykәlini qoyub, tәrcümeyi-hallarını yazmışlar ki, necә div tәbiәtli adamlar olduqları hamıya mәlum olsun. Şübhәsiz ki, siz İstambulda Sultan Әhmәd meydanını seyr edәrkәn yengiçәrilәrin tamaşasına gedibsiniz. Siz onların nә kimi әcayib-qәrayib heykәllәrlә hökm verib allahın bәndәlәrinә necә zülmlәr etdiklәrini görübsünüz.
Әlbәttә, İspaniyada ispan millәtinin mәnşәyinin nәdәn ibarәt olduğu vә bu millәtin nәlәr etmiş olması da sizin nәzәrinizә çatmışdır. İndi onlar tam iftixar hissilә özlәrini bütün әcnәbilәrә göstәrib deyirlәr: "görün әvvәl nә idik, indi nәyik?" Onları bu gözәl mәdәniyyәt dairәsinә fikir vә qәlәm azadlığından, xeyirxahların tәnqidindәn başqa bir şey gәtirib çatdırmamışdır.
Sizin eyiblәriniz gün kimi aşkardır. Hәm dә bu eyiblәr sizin özünüzdәn başqa bütün dünya әhalisi üçün büsbütün aydındır, bununla belә siz bu eyiblәrin üzәrinә pәrdә çәkmәk istәyirsiniz....
Bundan sonra yazılanlar bütünlüklә Yusif әminin yazılarıdır ki, İbrahim bәyin işinin aqibәtini, onun tәәssübünün nәticәsini qәlәmә almışdır.
Yusif әmi әvvәlcә öz tәrcümeyi-halını yazır
YUSİF ӘMİNİN TӘRCÜMEYİ-HALI
Nökәriniz Yusif Abdulla oğlu öz tәrcümeyi-halını müxtәsәr şәkildә bu kitabın oxucularına nağıl edir:
Doğulduğum yer Tәbrizin rayonlarından olan Tufarqan qәsәbәsidir. Әmim Tәbrizdә sakin olduğuna görә, atam mәni doqquz yaşımda Tәbrizә aparıb hörmәtli әmimә tapşırdı ki, mәktәbә qoysun. İstәyirdi onun nәzarәti altında dini elmlәri öyrәnim. Sәkkiz il mәhәllә mәktәbindә oxudum, dörd il dә mәdrәsәdә tәlәbәlәr sırasında әylәşib sәrf-nәhvi öyrәndim.
Nәstәliq xәttini dә yaxşı yazırdım. İyirmi yaşıma çatdıqda mәrhum atam tәhsil xәrcimin öhdәsindәn gәlә bilmәdi. Mәni mәdrәsәdәn çıxarıb, özü ilә birlikdә Tiflisә apardı. Orada bir il qaldıq. Sonra mәrhum atamdan İstambula getmәk üçün icazә istәdim. İzn verdi. İstambula getdim. Orada bir hәmvәtәnliyә rast gәldim. Әhvalımdan xәbәrdar olduqdan sonra dedi:
“İstambul sәrmayәsiz adamın yeri deyil, yaxşısı budur ki, Misrә gedәk.”
Onun dediyinә qulaq asdım. Misrә gәldim. İki-üç ay ruzi qazanmaq üçün çalışdım. Günlәrin birindә mәnә dedilәr ki, İbrahim bәyin atası Hacı ... yә bir mirzә lazımdır. Yanına getdim. Mәni sınayandan sonra işә götürdü, o mәrhumun mirzәsi sifәtilә işә başladım. İbrahim bәy o vaxt hәlә anadan olmamışdı. Neçә aydan sonra pәrvәrdigar İbrahim bәyi mәrhum Hacıya bağışladı. Hacı cәnabları mәnә o dәrәcәdә mәhәbbәt göstәrib hörmәt elәyirdi ki, "qardaş vә dadaş" deyә mәni çağırırdı.
İbrahim bәy sәkkiz yaşına çatdı. Onu mәktәbә göndәrdilәr. Orada әrәb, fransız vә ingilis dillәrini öyrәnirdi. Lakin fars dilinin tәlimi vә nәstәliq xәttinin mәşqi mәnim öhdәmdә idi. İş o yerә gәlib çatdı ki, İbrahim bәyin tәlim vә tәrbiyәsindәn başqa mәnә ayrı bir iş tapşırmadılar. Mәrhum Hacı mәnә xidmәt etmәk üçün xüsusi bir nökәr tәyin etdi. Rahatlıq vә asayiş şәraiti hәr bir cәhәtdәn mәnim üçün tәmin edilmişdi. Çox üz vurdular ki, evlәnim. Lakin mәn boyun qaçırdım. Evin bütün ixtiyarı mәnim әlimdә idi, heç kәs mәnә toxunmurdu. Bütün eşqim vә mәhәbbәtim yalnız bu cavanı tәrbiyә etmәkdәn ibarәt idi. Elә bir iddiada ola bilmәrәm ki, İbrahim bәyi mәn tәrbiyә etmişәm. Yox, o cavanın özü tәbiәtәn istedadlı vә qabiliyyәtli idi. Dünyanı yaradan onu ağıllı, kamallı, tәrbiyәli yaratmışdı. Gözәl әxlaqda, şirin söhbәtdә, tәvazökarlıqda, hәya vә ismәtdә heç kәs ona tay ola bilmәzdi, qәdd-qamәt, qaş-göz, mәlahәt vә gözәllikdә öz zәmanәsinin Yusifi idi.
Qamәti sәrv idi, rüxsarı bir ay,
Fәrasәt, hünәrdә olmaz ona tay.
Әsl-nәcabәtdә misilsiz insan,
Bütün xasiyyәti ürәyәyatan.
Minlәrcә misirli qızlar, qadınlar Züleyxa kimi bu Әzizi-Misrin camalına mәftun olub, hәya köynәyini parçalamaq üçün fürsәt dalınca gәzirdilәr. Ancaq bu pak vicdanlı cavanın vә әtrafında baş verәn hadisәlәrdәn heç xәbәri yox idi.
İBRAHİM BӘYİN ӘHVALATI
Ailә üzvlәri İbrahimdәn, onun hörmәtli anası vә Sәkinә adlı on iki yaşlı bacısından ibarәt idi. Çәrkәz adlı bir qızı da altı yaşında tapıb öz evlәrinә gәtirmişdilәr.
Osmanlı vә әrәb ölkәlәrindә belә bir qayda vardır ki, bir qızı uşaq yaşlarında alıb tәrbiyә edir, sonra da onu öz doğma uşaqları kimi әrә verirlәr. Bәzilәri dә özlәri alır vә ya uşaqlarına әrә verirlәr. Qeyd etdiyimiz qızın da әsil adı mәlum deyildi. Ancaq böyük xanım bu qızın adını Mәhbubә qoymuşdu. Mәhbubә olduqca fәrasәtli, qabiliyyәtli, huşlu bir uşaq idi. Az müddәt içәrisindә çox şey öyrәndi. Dәrsini oxuyub başa çatdırandan sonra onu başqa bir mәktәbә qoydular, orada aşpazlıq, evdarlıq qaydalarını öyrәndi, hәmin mәktәbdәn dә yaraşıqlı çıxdı. Sonra xanım evә bir musiqi müәllimәsi gәtirdib ona musiqi öyrәtdi. Bu dövrdә dәb olduğu kimi, bu fәnni bilmәk tәrbiyәli qadınlar üçün müәyyәn dәrәcәdә lazım idi.
Mәhbubә on dörd yaşına çatdıqda xanım onu kәnizlikdәn azad edib, "xanım" lәqәbi verdi, bütün ailә üzvlәrinә vә nökәr-külfәtә dә qәti şәkildә tapşırdı ki, heç kәs Mәhbubәnin adını "xanım" sözü әlavә etmәdәn dilinә gәtirmәsin, ya da hamı ona "balaca xanım" desin.
Mәlumdur ki, bu kimi göstәrişlәrdәn böyük xanımın mәqsәdi Mәhbubәni İbrahim bәyә almaq idi. Çünki bütün Misirdә onun kimi gözәl bir qız tapmaq çәtin idi. Әslindә o, çox nadir vücud idi.
Mәhbubә xanımı başqa bir adama әrә vermәk istәsәydilәr, onda o, görkәmli şahzadәlәrin arvadı olmağa layiq idi.
Bu da mәlumdur ki, Misirdә vә İstambulda әksәr şahzadәlәrin arvadı tәlim alıb, tәrbiyә olunmuş çәrkәz qızlarındandır. Mәhbubә xanım misilsiz gözәlliyә vә mәrifәtә malik olmaqdan başqa, iranlılara dәrin mәhәbbәt bәslәmәsi, onların tәәssübünü çәkmәsilә dә qadınlar arasında müstәsna bir yer tuturdu. Elә bil ki, İbrahim bәyin tәәssübü onun da ürәyinә yol tapmışdı. Bütün iranlılara mehribanlıq göstәrirdi, belә ki, hәlә kiçik yaşlarında ikәn qapı döyüldükdә gedib açardı, qapını döyәn iranlı olsaydı, onu hәmin adamın danışığından, geyimindәn sezib deyәrdi:
"Bismillah, buyurun içәri". Onu gәtirib biruni otaqda әylәşdirәr, sonra әndәruna xәbәr gәtirәrdi. Gәlәn әrәb vә ya Osmanlı olsaydı, qapını bağlayıb: "Kimsәn, nә istәyirsәn?" -- deyә soruşar vә mәsәlәni aydınlaşdırıb, әndәruna xәbәr gәtirәrdi. Gәlәn әrәb paşası olsaydı, elә onunla da bu cür rәftar edәrdi. Bu xırda qızın davranışına hamı gülәrdi. Doğrudan da, iranpәrәstlikdә ad qazanmışdı.
Әlqәrәz, camaat arasında belә bir xәbәr yayılmışdı ki, Mәhbubә İbrahim bәyin mәhbubәsi olacaqdır. Ona görә dә başqa yerdәn ona elçiliyә getmәyә cәsarәt göstәrmirdilәr. Bu mәsәlәni duymuş olan Mәhbubәnin özü dә İbrahim bәyә vurulmuşdu. Bir dәfә dә olsun görmәmişdim ki, öz sevgilisini gördükdә Mәhbubәnin sifәti qızıl gül kimi açılmasın. Ancaq İbrahim eşq alәmindәn çox uzaq idi. Onun bu xәbәrlәrdәn xәbәri yox idi.
Biz İran sәyahәtinә çıxanda Mәhbubә on sәkkiz yaşına qәdәm qoymuşdu. Hacı vaxtilә Mәsud adlı on dörd yaşlı bir qara qul da almışdı. Mәkkә ziyarәtinә gedәrkәn onu azad elәdi, özü ilә Mәkkәyә apardı vә o "Hacı Mәsud" oldu. Olduqca sәdaqәtli, bacarıqlı vә vәfalı bir xidmәtçi idi. Demәli, ailә üzvlәri -- İbrahim bәy, onun möhtәrәm anası Haciyә xanım, әziz bacısı Sәkinә xanım, Hacı Mәsud, Mәhbubә xanım vә bәndәdәn ibarәt idi. Qadınlı-kişili bir neçә qulluqçumuz da var idi ki, bәzilәri dәyişilir, bәzilәri dә daimi idilәr. Onların hәr birisi göstәrdiklәri xidmәtlәrinә görә mükafatlanardı. İndi İbrahim bәyin ailәsi haqqında bu mәlumatı verdikdәn sonra, yaxşısı budur ki, әsil mәtlәbә keçәk.
İBRAHİM BӘYİN İŞİNİN SONU VӘ TӘӘSSÜBKEŞLİYİNİN NӘTİCӘSİ
Sәyahәtnamәdә yazıldığı kimi, bizim möhtәrәm qonaqçımızın evindә İbrahim bәylә bir nәfәr molla arasında mübahisә vә münaqişә üz verdi. İbrahim bәy hirslәnib papağını yerә vurdu. Papaq lampaya dәydi, lampa sındı, evә yanğın düşdü. Çox tәlaşdan sonra dәhşәtli yanğını söndürdülәr. Bәdәninin yarısı yanmış molla özünü bayıra saldı. Amma İbrahim bәy oddan aralı yıxılmışdı. Kömәklәşib onu otaqdan bayıra çıxartdıq. Sәsimizә qonşular gәldilәr, çoxlu adam, polis toplaşdı. Bir saatdan sonra mәhәllәnin tulumbaçılarından (yanğın söndürәn mәmurlarından) iki dәstә gәlib çıxdı. Ancaq yanğından әsәr qalmamışdı.
İstambulda yanğın söndürmә mәsәlәsinin әhvalatı çox uzundur. Bir mәhәllәdә yanğın baş verәn kimi bütün İstambul әhalisi yanğının harada olduğundan yarım saat içәrisindә xәbәrdar olacaqdır. O küçәdә evi vә ya dost-aşnası olan adamlar atlı vә ya piyada oraya hücum çәkәcәkdir. Yanğın qanunu isә belәdir: İstambulda bir neçә yerdә "yanğın bürclәri" adlandırılan minarәlәr tikilmişdir. Növbәtçi gözәtçilәr bu minarәlәrin üstündәn gecә-gündüz şәhәrә baxırlar. Yanğın әlamәti görәn kimi növbәtçi yanğının baş verdiyi yerә xas olan әlamәti göstәrir. Haman dәqiqә toplardan yeddi yaylım atәşi açılır. Bürcün yanında duran qarovul qışqırıb "yanğın var" deyir. Onun sәsini başqa küçәnin qarovulu eşidir, o da: "filan mәhәllәdә yanğın var" deyә bağırır. Belәliklә dә, sәs-sәsә qoşulur. Qara dәnizin ağzından Böyük adayadәk, beş-altı ağac mәsafәsindә uzanmış olan İstambul şәhәrinin bütün әhalisi yarım saatın içәrisindә yanğının harada olduğunu bilir. Şәhәrin altı yerindә yanğın söndürәn alayın mәrkәzi var. Onlara dövlәt tәrәfindәn xüsusi tәlimat verilmişdir. Yanğını söndürmәyә xas olan hәr cür vәsait sәfәrbәrliyә alınmışdır. Yanğın söndürәnlәr hazır durub, siqnalın sәslәnmәsini gözlәyirlәr. Siqnal verilәn kimi cәldliklә atları arabalara qoşub, nizam vә sürәtlә özlәrini yanğın yerinә çatdırırlar. Onlar birinci növbәdә yanğın olan mәhәllәnin әtrafındakı evlәrdәn bir neçәsini yıxır, sonra da su çilәmәyә başlayırlar. Bunlardan әlavә, hәm mәhәllәnin öz әhalisi tәrәfindәn tәşkil edilmiş yanğın söndürәn dәstә dә vardır ki, onlara tulumbaçı deyirlәr. Yanğın olan kimi bunlar da öz tulumbalarını götürüb, sürәtlә oraya qaçırlar. Birinci olaraq oraya çatan adam beş lirә, ikinci isә üç lirә әnam alır, qalanlara heç bir әnam verilmir.
Bu küçә alaylarından әlavә hәr bir ölkә vә vilayәtdә әsgәri alaylar da vardır. Ancaq bәdbәxt İran mәmlәkәtindә belә şeylәrә rast gәlmәk olmaz. Hәrçәnd ki, Avropaya nisbәtәn İranda yanğın az baş verir, lakin bircә dәfә baş verdikdә bütün şәhәri, bazarı yandırıb külә döndәrir. Bir yanğınsöndürmә dәstәsi varsa o da kasa-kuzә ilә su daşıyan arvad-uşaqdan ibarәtdir. Mәhz buna görә dә Rәştin bazarı bir neçә dәfә başdan-ayağa yanmışdır. Marağa Әrdәbil şәhәrindәki yanğın bircә saat әrzindә sәkkiz yüz әlli dükanı yandırıb kül elәdi.
İran hakimlәri әsla bu kimi fәlakәtli vә xalqın evini yıxan yanğınları söndürmәk fikrindә deyillәr. Әksinә, onların fikri hәmişә rәiyyәtin var-yoxunu talamaq, ölkәni dağıdıb mәhv etmәk istiqamәtindә işlәyir. Bir yanğın baş verdikdә bu hadisә hakimin, darğanın, fәrraşbaşının, fәrraşın gәlir mәnbәyinә çevrilir. "Tağını tut, Nağını tut" bazarı qızışır. Yanğından salamat qurtarmış adamlar filan şeyi oğurlamaq, filan sandığı açmaq töhmәtinә tutulur vә belәliklә onların canı vә malı bu insafsızların şәrarәt odunda yanıb mәhv olur. "Söz sözü gәtirәr, arşın bezi" demişlәr.
Nә isә, mәtlәbdәn uzaq düşdük, mәtlәbә keçәk.
Polislәr vә başqa mәmurlar tökülüb gәldikdә yanğının söndürüldüyünü, onların yardımına ehtiyac olmadığnı gördülar. Ancaq molla evdә qәribә bir vәziyyәtdә uzanmışdı. İbrahim bәyi dә başqa bir otağa aparmışdılar. Mollanın sol tәrәfi başdan-ayağa yanmışdı. Bәdәninin tәn yarısını sanki qәsdәn yandırmışdılar. Lakin sağ tәrәfi sappasağ qalmışdı. Sol әli, ayağı, üzü, saqqalı, bığı, döşü elә yanmışdı ki, ölmәk tәhlükәsi rәdd olsaydı belә, heç vaxt tük çıxmayacaqdı.
Xülasә, polislәr mollanı xәstәxanaya apardılar. Qapını bağladılar. Özümüz qaldıq. İbrahim bәyin başı üstә gәldik. Üzünә nә qәdәr su sәpdiksә, әl-ayağını nә qәdәr ovduqsa da, gözlәrini açmadı ki, açmadı. Ağzı elә qıfıllanmışdı ki, açmaq heç vәchlә mümkün deyildi. Bu ara gözlәrini açdı. Lakin danışa bilmәdi, ağzını açmaq iqtidarında deyildi. Hәkim sәhәrәdәk orada qaldı. Gün çıxandan bir saat sonra adam göndәrib başqa bir hәkim dә gәtirdik. Yenә dә müayinә etdilәr. Heç bir şeydәn baş açmadılar. Ona görә dә dәrman vermәdilәr. İbrahim bәy üç gecә-gündüz bu vәziyyәtdә qaldı. Nә bir zәrrә yedi, nә dә bir damcı içdi. Gözlәri açıq, hissiz, hәrәkәtsiz, lal, kar düşüb qalmışdı. Mәn bu vaxt özümün nә vәziyyәtdә olduğumu bәyan etmәyә qadir deyilәm. Möhtәrәm oxucular mәnim halımı özlәri yaxşı dәrk edә bilәrlәr. Onun sağalması ümidini tamamilә itirmişdim. Ev sahibinә dedim:
“Bәs mәn hansı külü başıma әlәyim? Nә çarә qılım? İstәyirәm teleqram vurum, anası gәlsin, nә mәslәhәt görürsünüz?”
“Özün bilәrsәn, ixtiyar sahibisәn” -- dedi.
Teleqram vurmaq qәrarına gәldim. Ancaq nә yazacağıma mәәttәl qaldım. Әgәr mәtlәbin doğrusunu yazsam, o yazıq bundan әvvәl ölәr.
Әlqәrәz, bu mәzmunda bir teleqram göndәrdim: "İbrahim bәy bir qәdәr kefsiz olduğuna görә hәkimlәrin mәslәhәti üzrә bir neçә gün İstambulda qalmalıdır. Sizin tәşrif gәtirmәnizi arzulayır. Yusif".
Teleqramı verib evә qayıtdım, ev sahibinә dedim:
“Şәhәrin yaxşı hәkimlәrindәn bir neçә nәfәrini mütlәq buraya toplamalıyıq, qoy baxsınlar, görsünlәr bu bәdbәxt cavanın başının bәlası nәdir? Deyirlәr alman xәstәxanasında mәşhur bir hәkim var.”
Ev sahibi bundan әlavә iki başqa tәcrübәli hәkimin dә olduğunu bildirdi. Onların dalınca adam göndәrdik. Yarım saatdan sonra hәkimlәrin üçü dә xәstәnin başı üstündә idilәr. İbrahim bәyi müayinә elәyib mәşvәrәtә başladılar. Hәrәsi bir söz dedi: Heç birinin sözü o birisi ilә düz gәlmirdi. Biri dedi: huşunu itirib, o birisi dedi: sәrsәmlәyib, üçüncüsü dedi: beyninә mikrob düşübdür. Müşkül burasında idi, bu üç mәşhur hәkim xәstәliyә tәşxis vermәkdә aciz qalmışdılar. Hәrәsi bir dәrman nüsxәsi yazıb verdi. Qәdәm haqqını artıqlaması ilә alıb getdilәr.
Ev sahibi dedi:
“Mәn bu dәrmanların heç birisini İbrahim bәyә yedizdirә bilmәrәm, çünki hamısı bir-birinin әksinәdir. Xәstәliyi tәşxis vermәdiklәrinә görә bu dәrmanlar ona zәrәr elәyә bilәr. Bir qәdәr dözәk, qoy anası gәlsin. Ancaq gәrәk bir çarә elәyәk ki, bir şey yesin. Yoxsa zәiflikdәn tamamilә ayaqdan düşәr. Dörd gündür ki, bu cavanın boğazından heç nә getmәyibdir. Birdәn acından ölә bilәr.”
Yenә dә adam göndәrib birinci hәkimi çağırdıq. Nә qәdәr çalışdı ki, xәstә öz halını söylәsin, mümkün olmadı. Nәhayәt, xüsusi bir alәtlә onun ağzını açıb, boğazına iki stәkan inәk südü tökdü. Yarım saatdan sonra İbrahim bәy tәrpәnib dedi: "Ya hәqq, ya mәdәd!"
Mәn sevincimdәn ağladım. Ev sahibi mәndәn daha artıq başına vurub ağlayırdı. Yarım saatdan sonra xәstә әli ilә işarә elәdi. Ya su, ya da süd istәyirdi. Bir stәkan südlü çay verdik. Almaq istәdisә dә, buna qadir olmadı, әli titrәdi. Mәn çayı ona içirtdikdә ürәyim bir qәdәr sakitlәşdi. Hәkim getdi. Dedi: turşu vә göyәrtidәn başqa nә istәsә verin yesin.
Göndәrdiyim teleqram da İbrahim bәyin anasına çatır, onu oxuyan kimi iki әlli başına vurub huşunu itirir. Bu zaman Mәhbubә xanım onun yanına gәlir. O da teleqramı oxuyub, ağlaya-ağlaya öz otağına gedir. Oraya çatan kimi hissiz, hәrәkәtsiz düşüb qalır. Hacı Mәsud gәlib bunların halını görüncә qonşulara xәbәr verir. Qoşnular gәlib min müsibәtlә bu gözlәri yolda qalmış iki ürәyiyanıqlı aşiqi huşa gәtirirlәr. Onlara ürәk-dirәk verib deyirlәr: "Teleqramda dәhşәtli bir mәtlәb yoxdur. Sizin iztirabınız әsassızdır. Görünür, soyuq dәyib, hәkim bir neçә gün orada qalmasını mәslәhәt görübdür". Bu kimi sözlәrlә onları bir qәdәr toxdadırlar.
Teleqramın cavabı gәldi: "Sabah yola düşürәm".
Hacı Mәsud gecә ikәn sәfәr tәdarükü görür ki, xanım sabah sәhәr tezdәn İstambula doğru yola düşsün. Mәhbubә isә doqquz ay idi ki, gecәlәr ayıq qalıb mәşuqunun intizarını çәkirdi. İbrahim bәydәn bir xәbәr almaq üçün o, nәlәr nәzir demәmiş, nәlәr sәdәqә vermәmişdi! O, öz sevgilisinin yolunu şәn xәyallarla gözlәyir vә ürәyindә min ümid bәslәyirdi. Birdәn bütün bu şadlıq vә şәnliklәr qәm-qüssәyә çevrildi. İndi onun nә kimi bir halda olduğu aydın idi, ürәyi qanla dolmuşdu.
Eşqdir mәcnun edәn Әflatunu,
Yandıran öz atәşilә Ceyhunu.
"Söz" әgәr bir damcı dadsa eşqdәn
Onda sәn üryan görәrsәn mәzmunu.
Yazıq Mәhbubә bugünәdәk ürәk sirrini heç bir kәsә açıb söylәmәmiş, hicran oduna yana-yana dözmüşdü. Lakin indi artıq taqәti kәsilmişdi. Daha ixtiyarı öz әlindә deyildi. O, Hacı Mәsudu gizlicә öz otağına çağırır, istәr-istәmәz Hacı Mәsudun qara әlini nazәnin әli ilә tutub yanar ürәklә, ağlar gözlәrlә gül yarpağından nazik dodaqlarına yapışdırıb, dalbadal bir neçә dәfә öpür, gözlәrinin üstünә qoyub deyir:
“Hacı Mәsud, on dörd ildir ki, mәn bu evdәyәm, indiyәdәk sәndәn heç bir xahiş elәmәmişәm, sәnә bir zәhmәt vermәmişәm. İndi isә:
Ürәyimdә çox müşkül bir dәrdim var,
Çoxdandır ki, olmuşam ona düçar,
Xahişimi qәbul etsәn, dilbәrim,
Әrz edәrәm onu sәnә, sәrvәrim.
Hacı Mәsud, sәnin әlini öpmәyimin müqabilindә sәn dә, әvvәla, öz ağanın әlini öpdükdә iki dәfә dә mәnim әvәzimdәn öp. Ancaq belә bir ziyarәtin mәqsәdini ona söylәmәyәsәn. O, sәni naibülziyarә elәdiyimi bilmәmәlidir. İkincisi, al bu iki lirәni, hamıdan gizlin mәnә bir teleqram vur, sağlıq xәbәrini mәnә çatdırsan, qayıdan baş öz brilyant üzüyümü sәnә muştuluq verәcәyәm. İşdir, gәlmәyiniz tәxirә düşәrsә, mәlumdur ki, ağa İranda çox şәkil çәkdiribdir, onlardan birini gizlincә mәnә göndәr. Mәnim bu sirrimi dә özündә әmanәt saxla, heç kәsә söylәmә. Mәni bağışla, ixtiyarım әlimdә olsaydı heç vaxt cәsarәt edib әdәbsizlik etmәzdim, nә edim, çarәsizlik üzündәndir.
Eşq kuyindә әgәr Cәbrail olsa -- әyilәr.
İndi sәni allaha tapşırdım. Amanın günüdür, bu sirri heç kәsә açmayasan, bu sözlәri bir adama söylәmәyәsәn, hәtta bәyin özünә dә bu barәdә bir kәlmә danışmayasan.”
Hacı Mәsud bundan qabaq da Mәhbubә xamımın İbrahim bәyi sevdiyini onun baxışlarından, davranışından sezmişdi, lakin indi onun zәnni yәqinә çevrildi. Bununla belә o, bu sirri İbrahimgildә yaşadığı müddәtdә gizli saxlayıb, heç kәsә söylәmәdi.
Ayın on dördündә Haciyә xanım Hacı Mәsudla birlikdә Misirdәn yola düşdülәr. Sabahısı gün İsgәndәriyyәdәn bu mәzmundan teleqram vuruldu: "İstambul, Yusif, rus gәmisi ilә yola düşmüşәm".
Teleqramı alan kimi ev sahibinin yanına gedib dedim:
“Mәslәhәt bilirsәnsә teleqramı İbrahim bәyә göstәrim. Bәlkә anasını görmәk şövqü onun dilini aça.”
Qonaqçımız bu fikri bәyәnib dedi:
“Nә eybi var.”
İbrahim bәyin yanına gedib dedim:
“Bәy, qurbanın olum, muştuluğumu ver, Haciyә xanım gәlir. Hacı Mәsud da onu müşayiәt elәyir.”
İbrahim bәy sanki işin nә yerdә olduğunu duydu, gözlәrindәn iki damcı yaş axdı. "Ya hәqq, ya mәdәd!" deyib susdu. Bu zaman ev sahibi әndәrundan bir az mumya göndәrdi. Nә qәdәr elәdim İbrahim bәy ağzını açmadı, nәhayәt, mәcbur olub suda әritdim, zorla boğazına töküb içirtdim.
Axşamçağı birinci hәkim başqa bir mәşhur hәkimlә gәldi. Düz bir saat diqqәtlә onu müayinә elәdilәr. Hәr şeyi yoxladılar, hәtta nәcisinә dә baxdılar. Lakin xәstәlik haqqında qәti hökm verә bilmәdilәr. Dörd gün tamam ona hәr gün zorla bir az süd, bir qәdәr dә işgәnә içirdik.
Çәrşәnbә günü İskәndәriyyә gәmisini qarşılamaq üçün limana getdim. Bir qayıq tutub, gәmiyә sarı sürürdüm, ancaq bu bәdbәxt anaya nә deyәcәyimә mәәttәl qalmışdım. Kaş bu hadisәdәn әvvәl ölәydim!
Әlqәrәz, Hacı Mәsud mәni uzaqdan görüb, gәminin kayutlarından birinә tәrәf qaçdı. Haciyә xanımı göyәrtәyә çıxardı. Haciyә xanım qışqırıb dedi:
“Mirzә Yusif, mәnim balam hanı? Oğlumun başına nә iş gәldi? Ölübdürsә açıq söylә!”
Mәn qayığın içindә ayağa durub ucadan dedim:
“Allah haqqı, heç bir şey olmayıb, sakit olun, mәn gәlib hәr şeyi söylәyim.”
Gәmiyә gәlib çatdıq. Sürәtlә pillәlәrdәn yuxarı qalxıb, Haciyә xanımın ayaqlarına düşdüm. Öpәndәn sonra dedim:
“Özünüzü әlә alın, ağlamayın, canım üçün, sizin mübarәk başınız üçün yarım saatdan sonra İbrahim bәyi görәcәksiniz. Bir hәftәdir kefi yoxdur, yaxşı deyil. Hәkimlәr sәfәrә çıxmağa icazә vermәdilәr.”
Min and-amanla arvadı bir qәdәr sakitlәşdirdim. Körpü üstündәki faytonlardan birini tutub әylәşdik. Evә tәrәf sürdürdüm. Qonaqçımız bizi qapıda qarşıladı.
Sәbri, qәrarı tükәnmiş ana öz balasını görmәdikdә daha artıq tәşvişә düşdü, iztirabla әtrafına göz gәzdirib qışqırdı:
“Bәs mәnim oğlum hanı? Mәnim gözümün işığı hanı?”
Dedilәr:
“Buyurun, tәxtin üstündә uzanıb istirahәt elәyir.”
Ürәyi sakitlәşmәdi. İbrahim bәyin otağına girdi. "Vay oğul!" deyib elә bağırdı ki, evdә olanlar arvadlı-kişili ağladılar. Dedi:
“İbrahim, bu sәnsәn? Yox, vallah, mәnim oğlum belә deyildi. Onun gözәl qәddi-qamәti, gül yanaqları, yöndәmli boy-buxunu, qara saçları, maral gözlәri var idi. Mәnim oğlum, İbrahim, bu sәnsәn? Әgәr sәn mәnim oğlumsan, bәs nә üçün mәni qucaqlamırsan? Oğlum, İbrahim, sәnin gül üzünә harada sәmum yeli dәydi? Nә üçün sәrv qәddin büküldü? Mәnim oğlum, mәnim gözümün işığı, bәs o şirin sözlәrin harada qaldı? Nә üçün yerindәn durmursan? Nә üçün salam vermirsәn?
Cavanlıq gülşәnin, ey gül, nә soldu?
Sәnin gül çöhrәnә birdәn nә oldu?
Uca qәddin nәdәn birdәn büküldü?
Neçin sәrvin başı yerә dikildi?
Nәdәndir qonça ikәn sәn saraldın?
Nәdәn öz gülşәnindәn ayrı qaldın?”
Hey deyib üz-gözünә vurdu. Oğlunu qucaqlayıb ağladı. Hamımız gözümüzün yaşını axıda-axıda, әllәrimiz qoltuğumuzda dayanıb mat-mәәttәl qalmışdıq. İbrahim dә lal-kar, heyran-heyran anasına baxır, göz yaşları mirvari danәlәri kimi üzünә axırdı. Ancaq tәrpәnә bilmirdi, danışmırdı. Yalnız yarım saatdan sonra "Ya hәqq, ya mәdәd!" sözlәrini dedi. Anası bir neçә türk, fars şeri oxuyub, әllәrini göyә qaldıraraq dedi:
“Xudaya, xudavәnda!...”
Matәm zamanı şerlәrlә nohә deyib ağlayan әrәb qadınları kimi Haciyә xanım da fәryad qoparırdı. Elә yanıqlı sözlәr deyirdi ki, daşı suya döndәrir, qayanı әridirdi. O qәdәr bu sözlәrdәn deyib ağladı ki, taqәtdәn düşәrәk, duyğusuz, hәrәkәtsiz qaldı. Әl vurmadıq, gözlәdik ki, öz-özünә ayılıb tәbii halına qayıtsın. Anadan daha çox ona tәrәf mәzlum-mәzlum baxan oğlunun baxışları bizim ürәyimizi odlayırdı.
Bir az sonra Haciyә xanım başını oğlunun köksü üzәrindәn qaldırıb dedi:
“Anan sәnә qurban, İbrahim! Mәn sәnin ananam, gәlmişәm. Dilinә qurban, danış, sözünü eşitmәk istәyirәm. Nәyә belә hala düşmüsәn, haran ağrıyır? Sәnin şirin dilinә qurban, niyә anana rәhmin gәlmir?!”
Ana nә qәdәr razü niyaz etdisә dә bir cavab eşitmәdi. Hacı Mәsud irәli keçib, özünü ağasının ayaqlarına atdı, ayaqlarını öpüb bağrına basdı, әlindәn öpdü, sonra әlini yenidәn qaldırıb öpdü. Mәlum idi ki, ikinci dәfә Mәhbubә xanım tәrәfindәn öpürdü. O da ağlaya-ağlaya geri çәkildi. Haciyә xanım sakitlәşәndәn sonra mәni kәnara çәkib dedi:
“Mirzә Yusif, bu oğlan nә vaxtdan belә xәstәlәnib yatağa düşdü?”
“Sәkkiz gündür,” -- dedim. Sonra da molla ilә aralarında olan söhbәti әvvәldәn axıradәk söylәdim vә әlavә etdim ki, İranda xәstәlәnmәdi, yalnız iki-üç gün kefsizlәdi. Amma İranda ona xoş keçmәdi. Mәn Mәşhәddә bu sәfәrin onun tәbiәtinә münasib olmayacağını, bizә yaxşı tәsir bağışlamayacağını duyub, bәyә әrz elәdim ki, bizim mәqsәdimiz imamın qәbrini ziyarәt elәmәk idi, şükür olsun, onun ziyarәtinә nail olduq, gәl elә buradan qayıdaq. Bәy mәnim sözlәrimi qәbul elәmәdi. Mәn dә әlacsız qalıb, itaәt elәdim. Üzünü bir gün belә gülәr görmәdim.”
Haciyә xanım dedi:
“Xәstәlәnәndәn sonra hәkim gәtirdib dәrman verdinizmi?”
“Beş-altı gündür ki, hәkimin biri gәlir, o birisi gedir. Ancaq xәstәliyi müәyyәnlәşdirә bilmirlәr. Hәrәsi bir söz deyir. Biri deyir: yüngül dәlilikdir; o birisi deyir: sәrsәmdir; başqası deyir: eşqdәn, sevdadandır. Hәr biri öz qәnaәtinә görә müalicә elәmәk istәdi. Mәnim ürәyim heç birisinә fitva vermәdi. Ona görә dә sizә teleqram vurdum.”
Yemәyindәn, içmәyindәn soruşdu, dedim:
“Gündә iki-üç stәkan süd içir, dünәn bir az işgәnә verdik.”
“Göndәr, hәkimlәri buraya yığsınlar, görәk nә deyirlәr,” -- dedi.
Dedim:
“Haciyә xanım, mәn elә sәlah görürәm ki, dayanmadan Misrә tәrәf yollanaq. Orada hәkimlәri tanıyırıq, bәlkә iqlimi dәyişdirmәyin dә tәsiri oldu. Ancaq müalicә edәn hәkim bir saatdan sonra gәlәcәk.”
Bu vaxt ev sahibinin arvadı әndәrundən gәlib pәrdәnin dalından dedi:
“Haciyә xanım, zәhmәt olmasa әndәrun otağa tәşrif gәtirin, ya da buyurun Ağa Mirzә Yusif hәyәtә çıxsın, biz sizin qulluğunuza çataq.”
Mәn durub getdim, bir neçә qadın otağa girdi. Xoş-beşdәn sonra xanıma ürәk-dirәk vermәyә, onu sakitlәşdirmәyә başladılar. Hәkim gәldi. Ancaq faydası nә idi: haman aş idi, haman kasa. Xәstәyә yenә dә bir qәdәr süd verdik. Hәkimin gәtirdiyi şәrbәtdәn dә neçә qaşıq içirdik. Axşam azanının sәsi eşidildi. Deyәsәn, İbrahim bәy bәzi şeylәri duymağa, eşitmәyә başladı....
Altıncı gün pasportları qaydaya salıb, Xidivi gәmisinә bilet aldıq. Mәn burada qonaq qaldığımız evin sahibi vә onun әyalından gördüyümüz hörmәt vә mehribanlıqdan danışmaq istәrdim. İbrahim bәyin atası, özü nә qәdәr xoşbәxt adamlardır ki, belә dost tapmışlar. Hәqiqi dost nadir әlә düşür. Xüsusilә indiki alçaq zәmanәdә. İndiki zamanda camaatın işi hiylә vә aldatmaq olmuşdur. Sәdaqәt azdır, düşmәnçilik çoxdur, әmanәtin yerini xәyanәt tutmuşdur.
Bir ağıllı adamdan soruşurlar: yoldaş yaxşıdır, ya qardaş? Cavab verdi: qardaş da yoldaş olsa yaxşıdır. Buradan mәlum olur ki, qәrәzsiz, sәdaqәtli yoldaş qardaşdan yaxşıdır.
Birinci gün Misrә bu mәzmunda teleqram vurdum: Mirzә Abbas, evә xәbәr ver ki, Xidiviyyә gәmisi ilә yola düşdük.
Haciyә xanım Misirdәn gәlәrkәn yaxın adamları vә qonşularına tapşırmışdı ki, o qayıdanadәk Mәhbubә xanımı evdә tәk qoymasınlar. Qohum-qonşunun qızlarından gündә bir neçә nәfәr gәlib, sәhәrdәn axşamadәk Mәhbubәnin başını qatırdılar. Lakin Mәhbubәnin özü onlarla olsa da, könlü sevgilisinin yanında idi. "Özü burada idi ürәyi başqa yerdә".
Sevgi düşüncәlәri onun әfkarını pәrişan elәmişdi. Bәzәn qadınlara mәxsus adәt üzrә fal açırdı, gahdan da yağış kimi göz yaşı axıdırdı. Bir zaman dәlilәr kimi әrәb vә fars şerlәri oxuyurdu. Sözün qısası, eşq vә mәhәbbәt ona güc gәldi, sirri pәrdә dalında qalmadı. Qızlar Mәhbubәnin ürәyindә eşq odunun közәrdiyini yәqin etdilәr. Onun әhvalı tez-tez dәyişir, yeyib-içmәkdәn, yuxuya dalmaq imkanından mәhrum olur, hәmişә göz yaşları ilә deyib söylәmәkdә, daim piano çalmaqda olan bir adam indi çalıb-oynamaq әvәzinә yanıqlı-yanıqlı ah çәkir, gahdan da gözlәrindәn mirvari danәlәri kimi yaş axıdırdı. Mәhbubәyә daha yaxın olan qızlardan biri onun sirdaşı idi. O, mәtlәbi fәrasәtlә daha tez başa düşdü. Anladı ki, Mәhbubәnin ürәyindә mәhәbbәt, başında eşq sevdası vardır. O, Mәhbubәnin tәmizliyi, paklığı vә namuslu olduğunu da yaxşı bilirdi. Elәcә dә onun İbrahim bәyә әrә gedәcәyindәn dә xәbәrdar idi.
Әrәblәr arasında, elәcә dә әcәmlәrdә qızın oğlana eşq vә mәhәbbәt elan etmәsi eyibdir. Buna görә dә rәfiqәsi mehribanlıq vә yumşaqlıqla Mәhbubәyә nәsihәt verib, onu başa salmaq istәyirdi ki, bu işdә tәlәsmәsin, qızların gözündә özünü bәdnam elәməsin. Aramcasına Mәhbubәnin әlindәn tutub onu xәlvәt bir guşәyә çәkib deyir:
“Sәn özün bilirsәn ki, kiçiklikdәn biz bir mәktәbdә oxuyub hәmdәrs olmuşuq. Bu günәcәn dә bir-birimizdәn zәrrәcә incimәmişik, hәmişә bir-birimizә mehribanlıq edib mәhәbbәt göstәrmişik. İndi sәndәn bir söz soruşacağam, gәrәk ona düzgün cavab verәsәn.”
Bu sözlәri eşidәn kimi Mәhbubәnin rәngi ağarır:
“Nә buyurursan, mәnim әzizim,” -- deyә öz hәyәcanını gizlәtmәk istәyir.
Rәfiqәsi deyir:
“Mәn sәndә bәzi әlamәtlәr görürәm. Zәnnim doğrudursa, bu iş sәnin sәlahına deyil. Sәn әvvәllәr gül kimi açılıb gülürdün, amma indi bülbül kimi daim fәğan edirsәn. Heç elә bil o adam deyilsәn, tamamilә halın dәyişibdir. Biz sәnin xatirinә buraya toplaşırıq ki, tәk qalıb darıxmayasan, amma sәn bizim hamımızın halını pәrişan etmisәn, bunun sәbәbi nәdir? Ürәyinin dәrdi nәdir? Öz sirrini mәndәn gizlәtmә. Mәn sәnin sirrini ürәyimdә әbәdi olaraq gizli saxlayacağam, onu heç vaxt açıb bir adama söylәmәyәcәyәm.”
Mәhbubә ixtiyarsız olaraq yanıqlı bir ah çәkib deyir:
“Kimsәyә söylәmәrәm kim, ürәyim qan oldu,
Sәn dә gәl sorma ki, könlüm niyә viran oldu.”
Rәfiqәsi deyir:
“İndi ki, özün demirsәn, qoy mәn deyim. Sәnin fikrin, xәyalın İbrahim bәyin yanındadır. Mәn görürәm ki, İbrahim bәyin adı çәkilәn kimi sәn haldan-hala düşürsәn. Üzünün rәngi ürәk sirrini aşkar elәyir. Mәgәr dәli olmusan? Bütün alәm bilir ki, İbrahim bәy sәninki, sәn dә İbrahim bәyinkisәn. Geci-tezi kәbininiz kәsilәcәk, toyunuz olacaq, daha bu tәlәsmәk nәyә lazımdır? Nә bir adam İbrahim bәyә getmәk istәyir, nә dә o sәndәn başqasını almaq xәyalındadır. Daha bu әl-ayaqdan çıxmağın nә mәnası var? Sәnin bu әhvalın, yәqin ki, sirrini büruzә verәcәk, qiyamәtәdәk bu lәkә әtәyindәn silinmәyәcәkdir. Әgәr bu bәdnamçılığın üstü açılsa, belә bir rüsvayçılığı әsrlәr boyü heç bir yaxşılıqla silib tәmizlәmәk mümkün olmayacaqdır. Bu şәr xәyalları başından bir dәfәlik çıxar, elә düşünmә ki, sәnin sirrin gizli qalar.
Könül gülşәninin sәfasıdır eşq,
Uzaq mәnzillәrin әsasıdır eşq,
Sinә bir fanardır, eşq onun şamı
Ürәk bir sәdәfdir, eşq onun lәli.
Sәn özün bilirsәn ki, Misirdә bir qızın aşiq olması dilә-dişә düşsә nә kimi böyük biabırçılığa, mәzәmmәtә bais olar. Bu gözәllik, mәlahәt, ağıl vә fәrasәt ki, sәndә var, bütün şәhәrin, bәlkә dә bütün ölkәnin gözü sәndәdir. Hayıfdır ki, deyәlәr filankәs eşqbazlıq elәdi.”
Mәhbubәnin rәfiqәsi bu sözlәrdәn nә qәdәr deyirsә dә, o qulaq asır, cavab vermir. Rәfiqәsi bu barәdә tәkid göstәrdikdә Mәhbubә ağlamağa başlayır, durub ağlaya-ağlaya gedir.... Bu sirr yalnız İbrahim bәyin vәfatından sonra açıldı.
Әlqәrәz, İbrahim bәyi quçağımıza alıb evdәn çıxartdıq. Faytona qoyub körpüyә tәrәf yola düşdük. Min zәhmәt, mәşәqqәtlә gәmiyә oturduq. İki saatdan sonra gәmi üzmәyә başladı. Üçüncü gün İskәndәriyyәyә çatdıq. Mirzә Abbas İskәndәriyyәdә sakin olan dostlarımızdan bir neçә nәfәrlә gәmiyә gәldi. Qucaqlaşıb öpüşdük. İbrahim bәyi soruşdular. Hacı Mәsuda dedim xәbәr versin, Haciyә xanım kayutadan çıxsın. Haciyә xanım çıxdı, qonaqlar baş әyib salam verdilәr. İbrahim bәyin kayutasına getdik. İbrahim bәy nә İbrahim bәy, beli bükülüb, rәngi qaçıb, candan, qandan әsәr qalmayıb, dәrisi sümüyünә yapışıbdır. Qonaqlar ağlaya-ağlaya bir-bir gedib onu qucaqladılar, üzündәn öpdülәr.
İbrahim bәy onların üzünә hәsrәtlә baxmaqdan başqa bir tanışlıq әlamәti büruzә verә bilmәdi. Hamısı tәәccüb edib heyran qaldı. Kefimizi soruşdular, dedim:
“İndi demәyә fürsәt yoxdur. Gәrәk bircә ay tamam oturub sizә öz başımıza gәlәnlәri danışam. Deyin görüm, dәmir yol qatarı nә vaxt hәrәkәt elәyir?”
“İki saatdan sonra,” -- dedilәr.
Mәn Haciyә xanıma dedim:
“Bir gecә qalıb dincәlmәk istәyirsiniz, ya elә bu gün yola düşmәk meyliniz var?”
Haciyә xanım buyurdu:
“Qalmaqdan fayda yoxdur, nә qәdәr tez getsәk yaxşıdır.”
Bir saat gәmidә qalıb, bir başa dәmir yol vağzalına getdik. Mirzә Abbasla Hacı Mәsud İbrahim bәyi qolları üstә vağzala gәtirdilәr. Bilet alıb, qatara әylәşdik. Mirzә Abbasla Hacı Möhsün ağa da bizi müşayiәt edirdilәr.
Günün batmasına saat yarım qalmış Qahirә vağzalına çatdıq. İbrahim bәyi qarşılamaq üçün vağzala çoxlu adam toplaşmışdı. Qahirәdә olan iranlıların hamısı gәlmişdi. Qatar dayandı. Pişvaza gәlәnlәr uzaqdan әllәrini qaldırıb salam verdilәr, işarә ilә İbrahim bәyin harada olduğunu soruşdular. Mәn dә işarә ilә yanımızda olduğunu onlara bildirdim: Qatarda olanlar bir-bir düşüb getdilәr. İbrahim bәyin bir tәrәfindәn Mirzә Abbas, o biri tәrәfindәn qatarı müşayiәt edәn әrәb Mәhәmmәd bәy tutub düşürdülәr.
Pişvaza gәlәnlәr İbrahim bәyin halını görәn kimi hönkürtü ilә ağlamağa başladılar. Doğrusu, İbrahim bәyi tanımaq әsla mümkün deyildi. Onunla tanış olub, pişvaza gәlmiş әrәblәrdәn biri İbrahim bәyin әyilmiş qamәtini, solğun sifәtini görcәk ixtiyarsız olaraq dedi:
“Bu kimdir?”
Bir başqası tәәccüblә öz-özünә dedi:
“İlahi, bu İbrahim bәydirmi?!”
Üçüncüsü tam mәyusluqla dedi:
“Yox, vallah, bu, İbrahim bәyә oxşamır!”
Vağzalda qiyamәt qopdu -- biri onu qucaqlayırdı, başqası әlini tuturdu, üçüncüsü üzündәn öpürdü. Yazıq xәstә isә duyğusuz, hәrәkәtsiz, ruhsuz bir bәdәn kimi, bәlkә dә bәdәnsiz bir ruh kimi niskilli baxışlarla o tәrәf bu tәrәfә nәzәr salırdı. Tәxminәn yarım saat camaat yanar şamın әtrafında fırlanan pәrvanәlәr kimi İbrahim bәyin başına dolandı. İbrahim bәyin şәxsi kolyaskası gәlmişdi. Haciyә xanım gedib әylәşdi. Calal әfәndi öz faytonunu göndәrib İbrahim bәyi zorla götürüb yanında әylәşdirdi, başqaları da iki-iki, üç-üç fayton tutub evә tәrәf gәldilәr. Faytonun qabağında iki qurbanlıq qoyun hazır idi. Başlarını kәsdilәr. İbrahim bәyi faytondan düşürdülәr. Yenә dә Mirzә Abbasla Muxtar bәy Әlmәğribi İbrahimi qolları üstә alıb hәyәtә girdilәr.
Mәhbubә öz otağından bu vәziyyәti gördü. İxtiyarsız olaraq çadrasız, başı açıq özünü hәyәtә saldı. Saçları pәrişan bir vәziyyәtdә ucadan: "Mәnim istәklim, mәnim istәklim! Mәnim ağam, mәnim ağam -- deyib, o qәdәr camaatın arasında özünü İbrahim bәyin ayaqlarına saldı. Hәyәtdәkilәrin bәzisi üzünü yana çevirdi, bәzisi küçәyә qayıtdı. Haciyә xanım vә mәn nә qәdәr qışqırıb:
“Qız, bәsdir, ayıbdır, hәya elә, qayıt geri” -- dediksә dә fayda vermәdi. Onsuz da eşq bazarında hәyanın alıcısı yoxdur. Örtük vә hicab isә şurә gәlmiş bu aşiqin coşmasına mane ola bilmәz. Mәhbubә İbrahim bәyin qıçlarını iki әlli tutub, yanıqlı-yanıqlı deyirdi:
“Mәnim sevgilim, mәnim ürәyimin dayağı!”
O, qanlı göz yaşları ilә hәyәtin döşәmәsini boyayıb, bir ucdan oxşayaraq deyirdi:
“Mәnim ağam, sәni kim bu günә saldı? Mәnim ağam, sәnmisәn! Yox, vallah, mәnim ağam belә deyildi.”
Küçә-bazarda bu qızın sәsini eşidәn başına vurub ağladı. Qoşnu qadınlar tökülüb gәldilәr. Nә qәdәr çalışsalar da Mәhbubәni öz sevgilisindәn ayıra bilmәdilәr. Nәhayәt, qan vurdu mәnim kәllәmә, kәskin bir tәrzdә dedim:
“Balaca xanım, ayıbdır, bu başdan o başa camaat tamaşaya durmuş, özün dә görürsәn ki, İbrahim bәyin halı yoxdur, bu qәdәr әzab-әziyyәtә dözә bilmәz.”
İbrahim bәy belә bir hayan durmağı gözlәyirmiş kimi boynunu әyib, mәzlum-mәzlum baxırdı. Nәhayәt, Haciyә xanım dedi:
“Mәhbubә, mәnim oğlum xәstәdir, halı yoxdur, mәgәr onu öldürmәk qәsdindәsәn? Sәnә deyirәm burax! Qәribә hәyasızmışsan!”
Sonra Haciyә xanım әmr etdi, bir çadra gәtirib Mәhbubәnin başına saldılar, beş-altı nәfәr onun әllәrini İbrahim bәyin qıçlarından zorla qopardılar.
Gedib otaqda oturduq. Mәhbubә yıxılıb huşsuz-hәrәkәtsiz qaldı. Biri deyirdi: öldü, o birisi deyirdi: keçinib. Heç kәs kәsdirә bilmirdi ki, ölüb, ya qalıb.
Bәli, giriftarçılığımız bayaqdan bir idi, indi iki oldu. Birini әndәruna apardılar, o birisini dә birunda uzatdılar. Qadınlar oraya getdilәr, kişilәr burada toplandılar. Mәzәli bu idi ki, bu günәcәn Mәhbubәnin ürәyindәkilәrdәn heç kәsin xәbәri yox idi vә heç kәs bilmirdi ki, Haciyә xanımın yanında ağzını açıb danışmaq iqtidarında olmayan bu yazıqcığaz belә bir cәsarәt göstәrmәk dәrәcәsinә qәdәr özünü itirmişdi. Gahdan Mәhbubә özünә gәlib tutduğu işin peşmançılığını çәkir, bәzәn dә o qәdәr ağlayırdı ki, özündәn gedirdi. Adam göndәrdik, tez öz ailә hәkimimizi çağırdılar. Hәkim gәlәn kimi dedi:
“Xәstәnin yanında bu qәdәr adamın toplaşması münasib deyil. Deyin camaat başqa otağa keçsin.”
Qonaqları başqa otağa apardıq. Hәkim İbrahim bәyin yanına getdi. İbrahim bәyi uşaqlıqdan tәrbiyә etmiş tәcrübәli hәkim onun bütün әzasının vәziyyәtini, sәhhәtini, gücünü tәpәdәn dırnağa qәdәr beş barmağı kimi bilirdi. İndi baxan kimi gördü ki:
Qәm әlindәn çürümüşdür o bәdәn.
Üfürәrsәn dağılar lap, deyәrsәn.
Hәkim bir İbrahim bәyә baxdı, bir dә dönüb mәnә nәzәr saldı. Tәәccüblә çiyinlәrini çәkib, eyham-işarә ilә hal-qәziyyәni soruşdu. İrәli keçib salam verdi, İbrahim bәyin kefini soruşdu. Cavab almadı. Nәbzini tutdu, bir şey anlaya bilmәdi. Hәrarәt ölçәni qoltuğuna qoydu, bәdәninin hәrarәti normal idi. Döşünü, kürәyini әlilә vurub qulaq asdı, hәr bir üzv öz yerindә sağlam idi. Nәhayәt dedi:
“Allaha pәnah aparıram! Qırx il tamamdır ki, xәstәlәri müayinә edirәm, nә belә xәstә görmüşәm, nә dә belә xәstәlik.”
Әhvalatı mәndәn soruşdu, dedim:
“İranda xәstәlәnmәdi.”
İstambulda baş verәn hadisәlәri әvvәlindәn axırınәdәk danışdım. Hәkim bir qәdәr fikrә daldı, sonra xәstәnin başı üstә oturub dedi:
“İbrahim bәy, mәni tanıyırsanmı? Mәn sәni hәmişә müalicә elәyәn hәkim Salehәm. Yenә dә, inşaallah, üç-dörd gündən sonra sağalıb ayağa durarsan, hәr şey düzәlәr, öz arzuna çatarsan.”
Әlacı olmayan bir müşkül yoxdur.
İbrahim bәy dәrindәn bir ah çәkib: "Ya hәqq, ya mәdәd!" dedi. Biçarә Haciyә xanım bir saat idi ki, ayaq üstә sakit dayanıb, dinmәz-söylәmәz göz yaşı axıdırdı. Hәkim dedi:
“Haciyә xanım, ağlamaqdan bir şey çıxmaz. Oğlun üçün ölüm qorxusu yoxdur. Ancaq әcayib xәstәlikdir. Әgәr onun canı bu qәdәr әriyib incәlmәsәydi, deyәrdim heç bir xәstәliyi yoxdur, yalan deyir. Sabah bazar günü olduğuna görә hәkimlәr bir yerә toplanacaqlar. Birisi gün öz inandığım hәkimlәrdәn üç-dörd nәfәrini buraya çağıraram. Mәslәhәtlәşәk, görәk nә çarә etmәliyik.”
İbrahim bәyin necә xörәk yemәsi barәdә soruşdu, dedim:
“Süddәn başqa bir şey yemir.”
Bir şey yazıb verdi vә dedi:
“Bu dәrmandan iki qaşıq südә qarışdırıb ona içirin.”
Hәkim çay içdikdәn sonra getmәk istәdi, dedim:
“Haraya gedirsiniz, başqa xәstәmiz dә var, onu da müayinә elәyin.”
Mәhbubәnin әhvalını ona söylәdim. Haciyә xanım dedi:
“Mәn gәlmirәm, mәndәn utanar. Qonşu qadınlar oradadırlar, deyin otaqdan çıxsınlar.”
Hacı Mәsuda dedim ki, xәbәr elәsin, xanımlar otaqdan bayıra çıxsınlar. Hamı bayıra çıxdı. Hәkimlә әndәruna getdik. Mәhbubәni gördük. Mәhbubә bir meyit kimi düşüb qalmışdı. Hәkim onu o tәrәf-bu tәrәfә döndәrib baxdı. Onda heç bir duyğu, hәrәkәt görünmәdi. Bir iynә çıxarıb, Mәhbubәnin iki çiyninin arasından dәrisinә vurdu. Qız ufuldayıb әsmәyә başladı. İki-üç dәfә söyüd yarpağı kimi titrәyib gözlәrnni açdı, hәkim gülüb dedi:
“Hә, balaca xanım, kefin necәdir? Haran ağrıyır?”
Mәhbubә iki әlilә üzünü tutub hönkür-hönkür ağlamağa başladı. Hәkim dedi:
“Bismillah, İbrahim bәy, buyurun, buyurun!”
Mәhbubә әllәrini üzündәn cәld çәkib, o tәrәf-bu tәrәfә baxdı. Xülasә, hәkim daha burada tәbabәtlә mәşğul deyildi, tәdbir işlәdir, әmәli hikmәtdәn istifadә edirdi.
Hәkim su istәdi, gәtirdilәr. Alıb, özü Mәhbubәyә tәrәf uzadaraq dedi:
“Balaca xanım, al, iç!”
Mәhbubә içmәk istәmәdi. Hәkim qәfildәn bütün kasadakı suyu Mәhbubәnin üzünә sәpdi. Hәkim gülürdü, Mәhbubә ağlayırdı. Biz dә heyran-heyran tamaşa elәyirdik.
Hәkim otaqdan çıxıb dedi:
“Bu xәstәlik tәhlükәli deyildir. Elә elәyin ki, bir-iki günәdәk ac qalmasın.” -- Hәkim Mәhbubә üçün dә dәrman yazıb getdi.
Qırx-әlli nәfәrә qәdәr kişi, arvad artıq qonaqçısı olmayan evin qonağı oldular. Doğrudur, onların çoxu yad deyildi. Amma hәr biri başını itirib, ev adamlarına üz verәn müsibәtә görә pәrişanhal idi.
Mәn Hacı Mәsudu çağırıb dedim:
“Hacı Mәsud, Haciyә xanımın ki, mәtbәxә getmәyә nә vaxtı var, nә dә fürsәti, özün get, bax gör nә var, nә yox, de çay hazırlasınlar.”
Dedi:
“Soruşmuşam, hәr şey hazırdır. Yüz nәfәr dә qonağımız olsa, hamısına çatar.”
Haciyә xanımdan icazә alıb, qonaq otağına girdim. Onlardan üzr istәdim. Qonaqların hamısı qәm dәryasına batmış, dәrin düşüncәlәrә dalmışdılar. Mәnim kefimi soruşdular. Dedim:
“Vaxtımız çoxdur; әlbәttә, fürsәt olan kimi hәr şeyi sizә danışacağam.”
Süfrә başında oturduq, çörәk yedik. Şamdan sonra qonaqlar bir-bir görüşüb getdilәr. Gecәdәn üç saat keçdikdә bir qәdәr rahat olduq. Sәhәr Haciyә xanım mәni görәn kimi dedi:
“Mirzә Yusif, sәn get Mәhbubәnin yanına, o mәndәn utanır. Bir az ona öyüd-nәsihәt ver, qoy bir az ağıllansın, bizi rüsvayi-cahan elәmәsin. Xalq elә güman elәyәr ki, bunların әvvәldәn bir-birilә әlaqәsi olmuşdur.”
Mәn dedim:
“Haciyә xanım, ürәyini sıxma, bunların hәr ikisinin mәsumluğu vә paklığı gün kimi aşkardır. Hamı bu hәqiqәti yaxşı bilir.”
Әlqәrәz, Mәhbubәnin otağı xәlvәt olan kimi getdim onun yanına. Hәlә evә gәlib çatmağımızdan iyirmi dörd saat keçmirdi, Mәhbubә yarımcan olmuşdu. Rәngi solmuş, gözlәri şişmişdi, әhvalı pәrişan idi; qәlbi tәşvişdә, varlığı iztirab içәrisindә idi. Nә yemәyi var idi, nә dә içmәyi. Mәn otağa daxil olan kimi üzünü yana çevirdi. Dedim:
“Çay içmisәnmi?”
Dedi:
“Xeyr.”
“Deyirsәn gedim gәtirim,” -- dedim.
Qәhәrlәnib ağladı. Dedim:
“Balaca xanım, sәnә nә oldu? Niyә bu hala düşdün?”
Cavab vermәdi. Dedim:
“Dünәn elә bir iş tutmadın ki, camaat sәnin әhvalından xәbәfdar olmasın. Elә bir adam qalmadı ki, sәnin dәrdini anlamasın. Çox pis iş gördün. Sәnin bu әmәlin nә sәnә yaraşan bir iş idi, nә dә o möhtәrәm ailәnin yüksәk şәninә layiq bir hәrәkәt idi. İndiyәdәk sәnin bir tükünün ucunu namәhrәm adam görmәmişdi, bәs hayıf deyildi ki, çadrasız çıxıb özünü mәhrәmә, namәhrәmә göstәrdin?! Eşq sevdasının sәni örtüyü bir tәrәfә atıb üzü açıq çıxmağa vadar etdiyini hamı başa düşdü. Bәsdir, ağlını başına yığ, dur, öz işinә-gücünә baş çәk. İbrahim bәy sәnin bu halından xәbәrdar olsa narazı qalar, hәtta inciyәr dә. Sizin evlәnmәyiniz üçün İbrahim bәyin xәstәliyindәn başqa bir maneә yoxdur. O da, inşaallah, tezliklә sağalar, hәr ikiniz mәqsәdinizә çatarsınız. Haciyә xanım bilir ki, sәn ondan utanırsan. Ona görә dә mәni sәnin yanına göndәrdi. Mәn bu sözlәri xanımın adından sәnә söylәyirәm.”
Mәhbubә hönkür-hönkür ağlamağa başlayıb dedi:
“Әmican, mәn daha yaşamayacağam. Bu sözlәrlә ürәyimi incitmәyin. Sizin düşündüyünüz doğru deyil. İbrahim bәy mәnim ağam, böyüyüm vә nemәt verәnimdir. Mәn onu o halda görә bilmәrәm. Mәn dәli olmuşam, mәndәn huş-baş, ağıl gözlәmәyin. İxtiyarım әlimdәn çıxıbdır. Sizin teleqramınız İstambuldan gәlәn gündәn dünya mәnim gözlәrimә qaranlıq görünür. Kaş, allah mәnim canımı bir gün әvvәl alaydı; mәn indi bibimin üzünә necә baxacağam?” (Mәhbubә Haciyә xanıma bibi deyәrdi).
Mәn dedim:
“Mәhbubә, sәn bilirsәn ki, Sәkinә İbrahim bәyin bacısıdır. Bu da mәlumdur ki, bacı-qardaş mәhәbbәti hәr bir sevgidәn üstündür. O da qüssәdәn yanır, ağlayır, amma ismәt, hәya ilә, üzü örtülü ağlayır.”
Mәn bu sözlәrdәn nә qәdәr dedimsә dә, heç bir fayda vermәdi. Mәhbubә bir ücdan ağlayırdı.
Nәsihәt aşiqә eylәmәz әsәr,
Sözlәrin, hayıfdır, hәdәrә gedәr.
Gördüm ki, Mәhbubәnin dә mәnim sözlәrimә qulaq asmaq, nәsihәtlәrimi eşitmәk halı yoxdur. Gәlib hal-qәziyyәni olduğu kimi Haciyә xanıma danışdım. Bu da onun üçün yara üstündәn bir yara oldu. Bu qızın әhvalı ona oğlunun xәstәliyindәn daha pis tәsir elәdi. Çünki namusun canlı timsalı olan bu ailәdә belә işlәrdәn ölümdәn dә artıq mütәәssir olurdular. Dedim:
“Xanım, narahat olmayın, bundan sizin üçün vә sizin ailәniz üçün heç bir sәdamә toxuna bilmәz. Çünki bütün şәhәr әhalisi, böyükdәn kiçiyә qәdәr bilir ki, bunlar adaxlıdırlar. Kaş, elә bütün adaxlılar bunlar kimi bir-birini sevә idilәr.”
Dedi:
“Nә elәmәk olar. Sәkinәni göndәrin, Mәhbubәnin yanında otursun. Qonşu qızlarına da xәbәr verin, gәlsinlәr onun yanına, qoy tәk qalmasın, başı mәşğul olsun.”
Hacı Mәsud Sәkinәni vә qızları çağırmaq üçün yuxarı qalxdı. Bu vaxt birdәn-birә Mәhbubәnin ağlamaq sәsi ucaldı. Yazıq Haciyә xanım da eşitdi. Mәn gedib Mәhbubәni dilә tutmaq istәdim. Qapının ardından onun allaha yalvarış sәsini eşitdim. "İlahi, hәyatdan bezikmişәm, bu şәmatәtlәrә dözә bilmirәm. Mәn bibimin üzünә necә baxacağam? Mәgәr o mәni elә bu günümü görmәk üçün nazü nemәt içindә bәslәmişdi?"
Mәnim gülzari-bәxtimdә çiçәk yox, tәk tikan bitdi,
O da boy atdı, axırda bu qanlı könlümә batdı.
Haciyә xanım dedi:
“Әcәb işә düşdük. İlahi, bәs nә çarә elәyim? Dәrdim bir olsaydı, nә qәmim var idi.”
Üzünü otağa tәrәf tutub dedi:
“Sәkinә qızım, gәl aşağı. Get Mәhbubәnin yanında otur, onu tәk buraxma.”
Özü isә İbrahim bәyin yanına getdi. Mәn dә çamadanları, sәfәr yük-payını açıb, paltarlarımı dәyişdim. Dost-aşnadan dünәn gәlmәyәnlәr bu gün görüşümüzә gәldilәr. Mirzә Abbas, Hacı Möhsun ağa da tәşrif gәtirdilәr. Bir qәdәr söhbәt elәdik. Bu vaxt tәbrizli ... ağa da gәldi. Yerimdәn qalxdım, görüşdük, öpüşdük. Әylәşәn kimi soruşdu:
“Bәs İbrahim bәy hanı?”
“Öz otağındadır, Haciyә xanım da oradadır,” -- dedim.
“Eşitmişәm bir az xәstәdir,” -- dedi. -- “Tәbrizdәn mәktub almışam, qardaşım sizin gәlmәyinizi yazmışdı, amma İbrahim bәyin xәstәlәnmәsindәn bir şey yazmamışdı.”
Dedim:
“Tәbrizdә xәstә deyildi, İstambulda әhvalı pozuldu.” -- Qardaşından razılıq edib әlavә etdim: doğrudan da, qonaqpәrvәrlik elәdi, hәddindәn artıq bizә hörmәt göstәrdi, zәhmәt çәkdi.”
Qonaqlardan hәr biri İranın vәziyyәtindәn soruşurdu, mәn isә deyirdim:
“Bir az dözün, hәlәlik bir şey söylәmәyәcәyәm.”
Bu әsnada şirazlı Ağa Mirzә Әhmәd tәşrif gәtirdi. Xoş-beşdәn sonra İbrahim bәyin kefini soruşdu, dedim:
“Xәstәlәnibdir, öz otağında yatır.”
Çox heyifsilәndi, dedim:
“Bütün bunların tәqsiri sәnin boynundadır. İrana getmәyimizә sәn bais oldun. Gәlib elә bir ucdan dedin ki, İranda heç nә yoxdur. Hәr bir sözünü şişirtdin, axırda bәyi mәcbur elәdin ki, gedib öz gözü ilә görsün.”
“Yalan ki, demәmişәm, bir şey gördünmü?” -- deyә soruşdu.
Mәclisdә әylәşәnlәr bir ağızdan dedilәr ki, Ağa Mirzә Әhmәd doğru deyibdir, İranda heç nә yoxdur.
“Sәn buyur görәk nә var, nә gördün?”
Dedim:
“Hәr şey var, olmayan bir şey varsa, o da qanundan, nizam, intizamdan ibarәtdir. Elә buna görә dә hakim vә mәhkumdan tutmuş rütbә sahibinә qәdәr heç kimin vәzifәsi aydın deyildir. Mәhz bu sәbәbdәn dә İranın nә mәktәbi var, nә maliyyәsi; amma rüşvәtxorluq, mütlәqiyyәt, zülm nә qәdәr istәsәn var. Şәhәrlәr xarab, çöllәr әkinsiz qalıb, suyun qoxusundan küçәlәrdәn keçmәk çәtindir. Dilәnçilәri vәzir, vәzirlәri dilәnçi olmuşlar. İşlәr sәlahiyyәtsiz adamların әlindәdir. Bir qapa-qap, bir çәkә-çәk, bir soxa-soxdur ki, gәl görәsәn!”
Onlar ucadan gülәrәk dedilәr:
“Bu sözlәri İbrahim bәyin dә yanında danışa bilәrsәn?”
Dedim:
“Mәn cәsarәt elәmәrәm, amma özü öz gözlәrilә görüb, bilir ki, orada nә xәbәrdir. Mәnim dediyimә daha heç bir ehtiyac qalmayıbdır. Mәsәl var deyәrlәr:
"Tәәccübdәn ayaqlarım yerә yapışdı!" İndi İbrahim bәy elә tәәccüblәnib heyran olmuşdur ki, huşunu itirib. Allah bizә rәhm elәsin.”
Nahardan sonra da bir qәdәr söhbәt elәdik. Sonra hәr kәs durub öz işinә getdi. Mirzә Abbasla Hacı Möhsün ağa qalıb әhvalatı soruşdular. Dedim:
“Bizim xoş günlәrimiz sizinlә olan günlәr idi. Sizdәn ayrılan gündәn bәri üzümüz gülmәdi. Batuma daxil olandan qayıdanadәk haraya çatdıq, hәr yerә getdik vә hәr nә gördüksә, bu qeyrәtli, tәәssübkeş cavan üçün bir dәrd oldu. Hey yanıqlı ahlar idi ki, addım başı ürәyinin dәrinliklәrindәn çәkirdi. Maraqlı burasıdır ki, bir para şeylәri mәn gördüm, amma ona söylәmәdim, hәtta başqaları tәrәfindәn dә ona deyilmәsinә mane oldum. Bir para әhvalatı da o mәndәn gizlәdirdi. İstambulda xәstәlәnәndәn sonra onun Sәyahәtnamәsini oxuduqda bu mәsәlәni anladım. O cümlәdәn hәrbi nazirin evindә bir dәst yağlı kötәk yemәsidir ki, mәnim o günә qәdәr bu hadisәdәn xәbәrim yox idi.”
Günlәrin birindә kirmanlı Mәşәdi Hәsәnlә mәnzilә qayıdıb, üç gün yorğan-döşәyә düşdü. Xәstәlәnmәsinin sәbәbini mәndәn gizlәtdi. Başına nәlәr gәldiyini mәn ancaq İstambulda anladım. Demә, Tehranda vәzirlәrin bir-bir evinә gedib, bәzi söhbәtlәr elәmişdi. Cavabında onlardan yaman-yovuz eşidib, bәrk kötәk yemişdi. Allaha yüz min şükür ki, onu orada öldürmәdilәr, heç olmasa diri qayıtdı. Neçә gündәn sonra yenә getdi, gecә yarısı gәlib çıxdı. Üzü gülürdü, elә sevincәk idi ki, sanki dünyanı ona bağışlamışlar. Onun sevinci mәni dә şad elәdi. Bu sәfәrdә heç olmasa bircә gün bu cavanın üzünü gülәr gördüyümә görә allaha şükürlәr elәdim:
Sevincinin sәbәbini soruşdum, dedi:
“Yusif әmi, çox da ürәyini sıxma, İranda dövlәtpәrvәr adamlar da vardır. İşbacaran, alim, qeyrәtli, qanunvericilik vә hüquqi işlәrin yüksәk mәrhәlәlәrinә çatmış Avropa alimlәrindәn dә irәli getmiş. Bu gecә mәndә böyük bir ümid yarandı. İranın gәlәcәkdә xoşbәxtliyә vә sürәtli tәrәqqiyә nail olacağını yәqin etdim. Bәh-bәh, möhtәrәm, hәqiqәtәn möhtәrәm bir şәxsdir.”
Dedim:
“Nә olub, nә xәbәrdir?”
Dedi:
“Allaha şükür ki, qanun yazılıb hazırlanmışdır. Amma nә gözәl, müqәddәs bir qanun! İnşaallah, İranda dörd-beş min elm vә sәnәt mәktәbinin tәsis olunduğunu Misirdә tezliklә eşidәcәyik. On ildәn sonra bu mәktәblәrdә minlәrlә qeyrәtli, fәrasәtli alim tәrbiyә edilәcәk.”
Dedim:
“İnşaallah!”
Müsahiblәrim soruşdular:
“İbrahim bәy vәzirlәrin yanına şәxsәn necә yol tapdı. Bu az müddәt әrzindә onları haradan tanıdı? Kimin vasitәsilә onların hüzuruna yetişә bildi?”
Dedim:
“Bu yolun bәlәdçisi haqqında ümumi bir yığıncaqda danışmaq lazımdır. Xülasәsi budur ki, bu saat İranda Hacı xan adlı sizin hamınızın tanıdığınız bir adam ölkәnin birinci şәxsiyyәti olubdur. Onun haqqında sәyahәtnamәdә dә yazılıbdır, oxuyacaqsınız. Hәmin Hacı xan İbrahim bәyi o şәxslәrlә görüşdürürdü.”
Bir qәdәr söhbәtdәn sonra dostlar dağılışıb getdilәr. Mәn dә aşağı düşüb, xәstәnin yanına gәldim. Haciyә xanım әylәşib, bahar buludu kimi göz yaşı axıdırdı. Dedim:
“Bir şey yedimi?”
“Heç nә yemir,” -- dedi.
Gedib bir kasa süd gәtirdim, dәrmandan da iki qaşıq onun içinә tökdüm, İbrahim bәyә tәrәf uzadıb dedim:
“Sәn mәnim canım, iç, sәn allah, "o möhtәrәm şәxsin" sağlığına iç!”
Mәn güldüm. Yazıq İbrahim bәyin xumar gözlәrindәn bir neçә damcı yaş töküldü. Südü dodağına dayadım. İçdi, sonra dedi:
“Ya hәqq, ya mәdәd!”
Sәkinәnn çağırıb, Mәhbubәnin әhvalını soruşdum. Dedi:
“Qızlar onun yanındadırlar, bir ucdan ağlayır. Nә qәdәr ürәk-dirәk verib sakitlәşdirmәk istәyirlәrsә, mümkün olmur, heyran-heyran baxır, cavab vermir.”
Şam vaxtı hamı getdi. Yalnız Mәhbubәnin әn yaxın rәfiqәsi qaldı. Sәkinә dә namaz qılmağa getdi. Hacı Mәsud mәni çağırdı. Gedib gördüm, qulağını otaq qapısının deşiyinә dayayıb qulaq asır. İşarә ilә mәnә dedi ki, gedib onların söhbәtinә qulaq asım. Mәn dә qapının dalısında dayanıb, otaqdan gәlәn sәsә qulaq vermәyә başladım. Gördüm Rәfiqә Mәhbubәyә deyir:
“Mәhbubә, bir hәftә bundan qabaq mәn sәnin dәrdini duydum. Sәn mәndәn gizlәtdin. İndi bu gecә bütün evlәrdә sәnin sevgindәn danışırlar. Mәn sәnә demәdimmi ki, bu sirr gizlindә qalmayacaqdır? Amma sәn inkar edib, mәndәn söz eşitmәdin.
"Dil ağızlarda gәzәn sirri gizli saxlamaq olmaz".
Sәn bu evin bütün camaatının sevimlisisәn. Nә üçün dost-düşmәn arasında özünü rüsvay edirsәn? Mәn yenә dә sәnә deyirәm: sәbr elә, özünü әlә al, hәya-hörmәtlә mәqsәdinә çat! Eşqi büruzә vermәk qızlar üçün böyük eyib sayılır. Bu camalla, bu kamalla nә üçün özünü lәkәlәyirsәn? Sәnin şöhrәtin, tәrifin hәr yerә çatmışdır. Özün tәrbiyәli qızsan, şairsәn, әdibsәn, yüzlәrlә roman oxumusan, bu işin qәbahәtini, onun aqibәtinin pis olduğunu mәndәn yaxşı bilirsәn. Mәnim әzizim, mehriban bacım, bu işi görmә, görmә ki axırda peşman olarsan!”
Gözәl camala, xoş xasiyyәtә malik olmaqla birlikdә Mәhbubәnin gözәl sәsi dә var idi. Ramazan ayında әrәb qadınları adәtәn quran oxuyurlar. Mәhbubә "Yusif" surәsini xoş avazla oxuyanda hamı riqqәtә gәlib, ixtiyarsız olaraq ağlayardı. O, "Fәlәmma sәmeәt bimәkrihennә…." (Elә ki, onların xәyanәtkarlığını eşitdi....) ayeyi-şәrifәsini oxuyanda qulaq asanlar elә mat vә mәbhut olurdular ki, әllәrindә narınc vә bıçaq olsaydı, şübhәsiz ki, narınc әvәzinә әllәrini kәsәrdilәr.
Misirdә Mәhbubәnin qiraәti camaat arasında "Әcәm xanımının qiraәti" adı ilә şöhrәt qazanmışdı. Onun gözәl, rәvan tәbi dә var idi. Gahdan -- bir әrәb vә fars dillәrindә mәrsiyә, şer yazardı. Bir gün dә mәn gördüm ki, Mәhbubә yasdığına söykәnib zülflәrini dә bәxti kimi pәrişan edәrәk yanıqlı bir sәslә rәfiqәsinә deyirdi:
“Mәnim bacım, әgәr öz ixtiyarımı әlimdә saxlaya bilsәydim dünәn o rüsvayçılığı edәrdimmi? Öz alnıma bәdnamçılıq damğasını vurardımmı? Mәnim dәrdim özümә bәsdir, daha yaramın üstündәn yara vurma.”
Sonra o, bu mürәbbeni oxuyub ağlayırdı:
Giriban oldu rüsvalıq әlilә çak, damәn hәm.
Mәnә rüsvayçılığımda dostlar tәn etdi, düşmәn hәm.
Rәhi-eşq içrә can qıldım giriftari-bәla, tәn hәm,
Bu yetmәzmi ki, bir dәrd artırırsan dәrdimә sәn hәm?
Әgәr tutsam qәmim eldәn nihan, sәbrü qәrarım yox,
Vә gәr şәrhi-qәmi-pünhanim etsәm, qәmküsarım yox,
Әsiri-bәndi-zindanam, әlimlә ixtiyarım yox,

Olubdur әşgi-xunab ilә gülgun çöhreyi-zәrdim,
Yanıbdır atәşi-hicranә cani-dәrd-pәrvәrdim,
Cәfayi-çәrxi-kәcrәftar әlindәn var min dәrdim,

“Mәnim әziz bacım, sәn deyәnlәri mәn yaxşı qanıram, bilirәm ki, ürәyin yanır, mehribanlıq üzündәn deyirsәn. Bu vilayәtdә mәktәbdә oxuduğum illәrdәn indiyәdak mәnim bir sınanmış dostum varsa o da sәnsәn. Amma bu işdә ixtiyarım әlimdәn alınıbdır. Bircә әlacım qalmış -- gәrәk özümü hәlak elәyәm, başımı torpağa gömüb gizlәdәm. Daha başqa çarәm yoxdur. Bibim bu әhvalımdan agah oldu. Daha mәn bundan sonra başımı qaldırıb onun üzünә baxa bilmәrәm. Vay, vay, gör necә şәmatәtә düçar oldum. Rәfiqәcan, bir tәhәr elә ki, gedib öz ağamı görüm. Amma bu şәrtlә ki, bibim evdә olmasın.
Әlindәn gәlirsә mәnә et kömәk,
Bәlkә qәm-qüssәdәn azad edәsәn.
Dәrdimә dәrmanı sәn әsirgәmә,
Bu yolda gәrәkdir imdad edәsәn.”
Hacı Mәsud dedi:
“Ağa Mirzә Yusif, iş pis yerә çәkibdir. Mәnim ürәyim dözmür. Bәlkә Haciyә xanım bir yerә çıxıb gedә, biz Mәhbubәni ağanın yanına aparaq. O ki, özündә deyil.”
Mәn qәhәrlәndim, az qalırdı ağlayam, qızın halına ürәyim yandı, dedim:
“İki-üç gün gözlәmәk lazımdır. Bәlkә sabah hәkimimiz Saleh әfәndidәn xahiş elәyim, Mәhbubәnin İbrahim bәyin yanında qalmalı vә ona qulluq etmәli olduğunu söylәsin. Hәlәlik Haciyә xanıma bu barәdә heç bir söz demә.”
İbrahim bәyin yanına getdim, yatmışdı. Haciyә xanım ayaqlarını ovurdu. Bir qәdәr oturduqdan sonra Haciyә xanıma dedim:
“Әgәr icazә versәniz yarım saatlığa hamama gedәrәm.”
İcazә verdi, gedib qayıtdım. Dostlardan bir neçәsi gәlmişdi. Xahiş elәdilәr Haciyә xanım otaqdan çıxsın, onlar İbrahim bәyi görsünlәr.
İbrahim bәyin yanına getdik. Tora düşmüş ceyran kimi әtrafına hәsrәtlә göz gәzdirirdi. Adamın ürәyini odlayırdı. Şair Mehdi bәy dedi:
Vüsal getdi, qaldı hicran, eşqin bağı soldu yaman.
Ömür sürdü bağda tikan, soldu güllәr cavan-cavan.
“ Eyvah, bu İbrahim bәydirmi? İbrahim bәyliyindәn ki, bir әsәr qalmamışdır! İnsanın bu qәdәr dәyişilmәsinә әsla inana bilmirәm.”
İbrahim bәyә suallar verdilәrsә dә, heç bir cavab eşitmәdilәr.
Mehdi bәy dedi:
“Doğrusu, bu cavanı bu halәtdә görmәyә taqәtim yoxdur. Xudahafiz!”
Mehdi bәy durub getdi. O gecәni sәhrә çatdırdıq. Saat dörd radәlәrindә Saleh әfәndinin adamı bir mәktub gәtirdi. Yazmışdı: saat sәkkiz tamamda ingilis xәstәxanasının baş hәkimi doktor müsyö Volf ibn Yәhudi müsyö Haron vә Şeyx Yusifül-Seyyidin vәdәsini almışam, xәstәnin yanına gәlәcәyik.
Hәmin vaxtda iki fayton qapıya çatıb, hәyәtә daxil oldu. Hәkimlәr gәldilәr. Bir stәkan çay içdikdәn sonra dedilәr: İbrahim bәyin yanına gedәk. Haciyә xanım başına çadra örtdü, hәkimlәr otağa girdilәr.
Әvvәlcә mәndәn bәzi şeylәr soruşdular. Sәfәrimizin әhvalatını xülasә şәklindә danışdım. İbrahimin özündәn kefini soruşdular. Cavab eşitmәdilәr. İngilis hәkim dedi ki, bütün paltarlarını soyundurun. Hacı Mәsud alt paltarlarından başqa bütün geyimini soyundurdu. Hәkimlәrin hәrәsi bir-bir müayinә elәyib qulaq asdı. Xüsusi zәrrәbinlә boğazını, burnunu vә başqa üzvlәrini nәzәrdәn keçirdilәr. Qoltuğuna hәrarәtölçәn qoydular. Nәbzini tutdular.
Bu dörd hәkim düz bir saat mәni sorğu-suala tutdu: atası nә mәrәzdәn ölmüş, bunların nәslindә hansı xәstәliklәr varmış? Anası nә kimi xәstәliklәr keçirmiş? Uşaqlıqda özü xәstәlәnmişmi? Xәstәliyi nә olmuş? Nә kimi dәrmanlar yemiş?
Mәn bunların hamısına tәfsilatla cavab verdim. Öz aralarında fransızca danışıb, bon-mon elәdilәr. Mәn heç nә anlamadım. Nәhayәt, mәtlәb mәlum oldu. Bunlar da, İstambul hәkimlәri kimi xәstәnin halından heç bir şey anlaya bilmәdilәr. Dedilәr xәstәnin anasını çağırın. Haciyә xanım gәldi. Yәhudi müsyö Haron türkcә yaxşı bilirdi. Xanıma dedi:
“Xanım, deyә bilmәrik ki, oğlunuzun heç bir xәstәliyi yoxdur. Xәstәlik olmasaydı, bu hala düşmәzdi. Fәqәt biz azarını tapa bilmәdik. Qәlbi-ciyәri sağlam, bәdәninin hәrarәti adidir. Zәrrәbin alәtlәrlә dә mümkün qәdәr ağzını, burnunu, qulağını, daxili üzvlәrini müayinә elәdik. Hamısı sağlam, normal vәziyyәtdәdir. Hәlәlik ki, biz heç bir zad tapa bilmәdik. Әgәr izn versәniz bir hәftәdәn sonra yenidәn yoxlarıq. Bu gün müsyö Volf bir şey yazar, gecә-gündüz iki dәfә bәdәninә sürtün, içmәli dәrman da verәcәk. Hәr altı saatda iki fincan içirәrsiniz. Başının tükünü dә ülgüclә qaşıtdırın. Dәrmanxanadan muşamma gәtirәrlәr, isladıb yapışdırarsınız. Gәrәk nә kimi hiylә vә xahişlә olur-olsun bişmiş xörәk, sup içirәsiniz, әgәr başqa şey dә meyli istәsә eybi yoxdur, verin yesin. Ancaq turşlu xörәk vermәyin.”
Dәrmanları yazıb getmәk istәdilәr. Mәn Saleh әfәndiyә dedim:
“Mәhbubәni dә bir müayinә elәyin.”
Dedi:
“Buyurun gәlsin.”
Gedib gördüm yenә dә ağlayır. Dedim:
“Hәkimlәr gәlirlәr.”
Dedi:
“Әmican, mәni rüsvay elәmә, mәnim ki, heç bir xәstәliyim yoxdur.”
Dedim:
“Әgәr belәdirsә, bәs nә üçün üç gündür ki, oruc tutubsan, boğazından heç nә getmәyibdir?”
“Әmican, qurbanın ollam, mәni ağanın başına dolandır, hәkimi buraya gәtirmә.”
Mәn nә qәdәr üz vurdum, olmadı. Dedi:
“Özümü öldürәrәm.”
Dedim:
“Onda qoy yalnız Saleh әfәndi gәlsin.”
Razılıq verdi. Mәn gәlib dedim:
“Yalnız Saleh әfәndi qalsın.”
Başqa hәkimlәr çıxıb getdilәr. Şeyx Yusifül-Seyyid qapıdan qayıtdı. Saleh әfәndini otağa çәkib, mәni dә çağırdı. Getdim. Şeyx Yusif Saleh әfәndiyә dedi:
“İbrahim bәy haqqında sәnin fikrin nәdir?”
Saleh әfәndi dedi:
“Qırx ildir ki, hәkimәm, belә bir xәstәlik nә görmüşәm, nә dә eşitmişәm. Qәdim vә müasir kitablara baxdım, elә bir azar tapa bilmәdim.”
Şeyx Yusif dedi:
“Mәn otuz iki ildir hәkimlik edirәm. Hәrçәnd ki, bütün sәhiyyә idarәlәrindә tәzә tәbabәtdәn imtahan vermişәm, lakin eşq mәrәzinә dә etiqadım var. Mәn bu sahәdә çoxlu tәcrübәlәr aparıb, gözәl nәticәlәr әldә etmişәm. Xüsusilә bu ölkәdә. Onun xәstәliyi ya xülyadır, ya da sevda. Mәn istәyirәm iki mәsәlәdә İbn Sina hikmәtini işә salam, görәm bir fayda verәr, ya yox? Әgәr mәn xәstәliyi müәyyәnlәşdirә bilmәsәm lap dәli olaram.”
Saleh әfәndi soruşdu:
“İbn Sinanın hansı tәdbirindәn istifadә etmәk istәyirsәn?”
Dedi:
“Bir tәdbiri budur ki, böyük әmirlәrdәn biri xülya xәstәliyinә tutuldu. İbrahim bәy kimi heç nә yemirdi, bir ucdan bağırıb deyirdi: "Mәn bәslәnmiş öküzәm, mәni öldürün, şişә çәkin". Bunu vird elәyib hәmişә deyirdi. Neçә vaxt xörәk yemәdi. Hәkimlәr әlacında aciz qaldılar. Әlaüddövlә adam göndәrib İbn Sinanı hüzuruna çağırdı. İbn Sina gәlib mәtlәbi soruşdu. Xәstәnin adamları onun әhvalını olduğu kimi söylәdilәr. İbn Sina dedi:
“Gedin xәstәyә deyin qәssab çağırmışıq, sәnin başını kәssin.”
Xәstәyә dedilәr. Çox sevindi. Bir saatdan sonra İbn Sina dәhrә götürüb ucadan dedi:
“Öküz hardadır, gәtirin başını kәsim.”
Әmir öküz kimi böyürdü. Bununla da bildirdi ki, buradayam. Xülasә, әmiri gәtirdilәr. Üç-dörd nәfәr әl-ayağını bağladı. İbn Sina qәssablar kimi bıçağı itilәyirdi. Bıçağın sәsi әmirin qulağına çatırdı. Sonra gәlib ayağını qoydu әmirin döşünә, qәssablar kimi onun kәfәlini, döşünü, budlarını әllәyib, әtdaş elәmәyә başladı. Nәhayәt, әt-daş elәmәkdәn әl çәkib dedi:
“Bu öküz çox arıqdır, kәsilmәli deyil. Yaxşı ot verin, bir hәftәyәcәn kökәlsin, sonra gәlib başını kәsim.”
Әmirin әl-ayağını açdılar. İbn Sina dedi:
“İndi ona nә versәniz başının kәsilmәsi ümidilә yeyәcәk.”
Doğrudan da, qabağına nә gәtirdilәr yedi. Tәdricәn müalicә olunub şәfa tapdı.
Tәdbirlәrdәn biri dә onun eşq vә sevdada işlәtdiyi tәdbirdir. Xәstәnin dәrdinin eşq dәrdi olması yәqin olarsa, onu ancaq yeyib, içmәk vasitәsilә mәqsәdinә nail ola bilәcәyinә inandırmaq lazımdır. Bu xәstәliklәr daha dәrmanla müalicә olunası deyil. Mәnim rәyim belәdir, siz nә mәslәhәt görürsünüz?”
Saleh әfәndi dedi:
“Sizin bu tәdbirinizin xeyri olmasa da, әsla heç bir zәrәri yoxdur. Әlbәttә, zәrәrsiz bir tәdbirin, hәm dә xeyir verә bilәcәk tәdbirin sınaqdan keçirilmәsi mәslәhәtdir.”
Sonra Şeyx Yusif mәnә dedi:
“Ağa Yusif, bu cavanın Misirdә bir qadın xeylağı ilә tanışlığı var idimi?”
Dedim:
“Bütün alәm onun pak vә pakizә olduğunu bilir, onun haqqında belә bir şübhә tamamilә yersizdir.”
Dedi:
“İrana sәfәrinizdә, gedәndә vә ya gәlәndә qaldığınız mәnzillәrdә, görüşdüyünüz adamların evindә elә bir qıza vә ya qadına rast gәlmәdi ki, ona könül vermiş olsun?”
Dedim:
“Qәtiyyәn yox!”
Dedi:
“Belә iddiada olma, sәn qocasan, o cavandır, sirrini açıb sәnә demәz.”
Dedim:
“Әslәn bu barәdә düşünmәyә mәcalı yox idi, başqa hisslәrlә yaşayırdı. Onun haqqındakı bu ehtimallarınız tamamilә yanlışdır.”
Şeyx Yusif dedi:
“Әzdüddövlәnin vәliәhdi xәstәlәndi. Bütün hәkimlәr onun әlacından aciz qaldılar. Nәhayәt, İbn Sinaya xәbәr göndәrdilәr. İbn Sina xәstәdә eşq әlamәtlәri gördü. Xәlvәt elәdi, şәhәrin bütün mәhәllә vә küçәlәrini adbaad bilәn bir adamı xәstәnin yanında oturtdu. Özü xәstәnin nәbzini tutdu, sonra o adamla söhbәt elәmәyә başladı. Ondan şәhәrin mәhәllәlәrini, küçәlәrini soruşdu. O adam şәhәrin bütün mәhәllәlәrini küçәbәküçә, evbәev saymağa başladı. Nәhayәt, bildi ki, vәliәhd filan mәhәllәdә, filan evdә bir qız sevmişdir. Әzdüddövlәyә bunu xәbәr verdi. Mәqsәdә çatdıqda oğlan sağaldı.
İndi gәlin İbrahim bәyin yanına gedәk. Misirdәn çıxandan sonra gördüyü vә mәnzil elәmiş olduğu şәhәrlәri, qәsәbәlәri, kәndlәri bircә-bircә sayın, bәlkә işdi, bir şey әlә gәlә, mәqsәdә nail olaq.”
İbrahim bәyin yanına getdik. Saleh әfәndi keçib bir tәrәfdә gizlәndi. Şeyx Yusif xәstәnin nәbzini tutdu, sonra mәndәn soruşdu:
“Yusif ağa, siz bu sәfәrә hansı yolla çıxdınız, haralarda oldunuz, nә kimi yerlәri seyr etdiniz?”
Dedim:
“Buradan dәmir yol qatarı ilә İskәndәriyyәyә getdik. Oradan da gәmi ilә İstambula, İstambuldan yenә dә gәmi ilә Batuma, Batumdan dәmir yol qatarı ilә Tiflisә, Bakıya, Bakıdan gәmi ilә Rәşt, Mazandaran sahillәrinә, sonra Aşqabada gedib, İran torpağına daxil olduq.”
Birdәn Şeyx Yusif qışqırdı:
“Mәqsәdә çatdıq, dәrdi tapmışam, mabәdini söylә!”
Mәn bircә-bircә Mәşhәd, Sәbzvar, Nişapur, Simnan, Damğan, Şahrud, Tehran, Qәzvin, Zәncan, Tәbriz, Әrdәbil, Marağa, Binab, Mәrәnddәn tutmuş Araz qırağına kimi sәyahәtimizdә keçdiyimiz bütün şәhәr, qәsәbә vә kәndlәrin adını söylәdim. Sonra da Rusiyanı Batuma kimi, oradan İstambula vә İstambuldan Misrә qәdәr gәzdiyimiz yerlәri saydım.
Şeyx Yusif dedi:
“Allaha pәnah aparıram, sizin Әcәm ölkәlәrinin adı İran olmaqdan başqa, İran adlı şәhәr dә var?”
“Xeyr,” -- dedim. Soruşdu:
“Gәrәk olsun, ola bilmәz, mәnim zәnnim xәtaya gedә bilmәz.”
Dedim:
“Sizin zәnniniz әsla xәtaya getmәmiş vә sizi aldatmamışdır. Afәrin sizin fәrasәtinizә, bu biçarәni elә hәmin İran adı bu dәrdә salmışdır.”
“Necә yәni, mәgәr İran adlı bir adam da var?” -- deyә soruşdu.
“Hәkimbaşı, xeyir,” -- dedim, -- “bu qeyrәtli cavan İran mәmlәkәtinin aşiqidir. O öz mәşuqunu görmәyә, onun görüşü ilә könlünü şad etmәk ümidilә getdi. Vüsaldan sonra iş vurdu tәrsinә oldu. Vilayәtlәrdәki bir para pәrişanhallığı, bәrbadlığı gördükdә onun xeyirxah tәbinә xoş gәlmәdi. Qüssә-kәdәrin әlindәn bu günә düşdü.”
“Anlamadım,” -- dedi. -- “Vilayәtlәrdәki pәrişanlıq, bәrbadlıq nә demәkdir?”
Dedim:
“O demәkdir ki, heç yerdә nizam-intizam, qanun yoxdur. Bu fikirlәri ürәyinә salıb özünә dәrd elәdi. Nәhayәt, bu mәsәlә üstündә böyüklәrdәn birisi ilә mübahisәyә, münaqişәyә girişdi. Bәrk hiddәtlәndi. O vaxtdan bu bәlaya düçar oldu.”
Hәkim dedi:
“Demәli, mәn yanılmamışam. Eşq -- xәyali bir eşq dә ola bilәr. Adı bәlli bir şeyә, mövcud vә ya qeyri-mövcud bir şeyә dә ola bilәr. Bunun heç fәrqi yoxdur. Bunların uzun tәfsilatı var. Vaxtımız olmadığına görә qısa şәkildә şәrh etmәliyәm: Filosoflar ifrat mәhәbbәti eşq adlandırırlar. Eşq iki qismdir, bir qismi fitridir, yәni zatәn olur, xilqәtdәn yaranır, belә bir eşq bütün kainatda vә mövcudatda -- yer-göy cisimlәrindә vardır. Onlar öz tәbiәtlәrinә görә bir-birini cәzb edir, biri cәzb edir, o birisi cәzb olunur. O biri qismi sonradan gәlmә eşqdir. Belә bir eşq heyvanda vә insanlarda olur. Onun mәnşәyi lәzzәtdir, yәni normal dәrk etmә vә sağlam vәziyyәtdә әmәlә gәlәn bir haldan doğan eşqdir. Bu sonradan gәlmә eşq iki cürdür: ya ehtirasdan doğur, ya da ki, idrak qüvvәsindәn. Ehtirasdan törәyәn eşqә "cismani eşq" deyilir. Yeyintiyә, içkiyә vә s. olan meyl bu kimi eşqә misal ola bilәr. İdrak qüvvәsindәn törәnәn eşq isә ruhani eşqdir. İşlәrin hәqiqәtini müşahidә etmәk hәvәsi, yaxşını pisdәn ayırd etmәk vә s. bu kimi eşqin nәticәsidir. Lakin hәmin ruhani eşq özü dә ya zatәn olur vә ya da törәmә. Zati eşq -- hәqiqi eşq adlanır. Mәsәlәn, öz xaliqini istәyәn vә onun yaratdıqlarına könül bağlayan haqq yolunun yolçuları. Bu eşqin mәnfәәti dә zatidir, kәsbi deyil. Lakin törәmә eşq haman mәcazi eşqdir. Fәrasәt әhlinin qadına, övlada, yaşamağa, özündәn bir әsәr qoymağa vә s. olan eşqi belә bir eşqә misal ola bilәr.
Hәr halda mәhәbbәt ifrat dәrәcәdә olub, şiddәtlәndikdә vә insan hәyatının әsasını tәşkil edәn ünsürlәrә qalib gәldikdә normal vәziyyәtin pozulmasına sәbәb olur vә tәhlükә yaradır. Mәşuqәnin vüsalına çatmaqdan başqa, onun aradan qaldırılması vә çarә edilmәsi üçün ayrı bir yol yoxdur. İbrahim bәyin dә sağalması ancaq arzusuna nail olmaqla mümkündür.
Mәnim zәnnim o qәdәr dә mәni aldatmamışdır. Demәli, bu xәstәnin müalicәsi İranda nizam-intizam vә qanunun bәrqәrar olmasından asılıdır. Elә ki, İranda nizam-intizam yarandı, bәrabәrlik qanunu hökm sürmәyә başladı, xәstә dә müalicәsiz sağalmağa başlayacaqdır. Әks tәqdirdә mümkün deyil.
Sizә tapşırıram, onun yanında İran haqqında xoş xәbәrlәrdәn danışın, qoy bu xәbәrlәri eşitsin. Bәd xәbәrlәri ondan gizlәdin, çünki birdәn ürәyinә vurub onu mәhv edә bilәr. Ona xörәk yedirtmәk istәyirsinizsә, onun xoşu gәlәn adamın adını çәkin, Әlaüddövlә kimi rәftar edin, istiqbal ümüdi ilә yedizdirin.
Bundan sonra o, xüdahafiz deyib getdi. Hәkimlәrdәn yalnız Saleh әfәndi qaldı. Mәhbubәnin yanına getdik. Kefini soruşdu. Mәn Mәhbubәnin dәrdini hәkimә lazımınca söylәmişdim.
Saleh әfәndi Mәhbubәdәn soruşdu:
“Nә yemisәn?”
Mәhbubә cavab vermәdi. Mәn dedim:
“Üç gündür ki, bu qızın boğazından yemәk, içmәk keçmәyibdir.”
Saleh әfәndi dedi:
“Bәh-bәh, sәn yemә, canın üzülsün, ağan da orada pәrәstarsız qalsın. Maşallah, hәr işimiz düzәlibdir. Balam, heç olmasa sәn ye, cana gәl, ağana qulluq elә, ona baş çәk. Görürsәn ki, yazıq anası qocalıbdır, zәifdir. Xәstәyә baxan gәrәk bacarıqlı, sәhhәt-bәdәnli bir adam olsun. Sәndәn başqa kim ona layiqincә xidmәt elәyә bilәr ki, inşaallah, bir neçә günün әrzindә şәfa tapa bilsin? Bir bax gör İbrahim bәyin bacısı sizә nә qәdәr mehribanlıq elәyir, necә sizin qayğınıza qalır? Siz dә gәrәk onun xatiri üçün qüvvәtә gәlib İbrahim bәyә xidmәt elәyәsiniz.”
Hәkim dörd şüşә şәrbәt yazdı, dedi: tamamilә sağalmaq üçün gündә birini içmәlisәn. Otaqdan çıxdı. Haciyә xanımla xüdahafizlәşib getmәk istәrkәn dedi:
“Xanım, burada heç bir xәstә, azarlı yoxdur. Hәrçәnd ki, hәkimlәr bir dә gәlәcәklәrini vәd etdilәr. Lakin Şeyx Yusif tәcrübәli, bilikli hәkimdir. Mәn onun hәqqül-qәdәmini verib sizin ayağınıza yazdım. Siz yalnız çalışın İbrahim bәy xörәk yesin. Bir dә ki, mәslәhәt belәdir ki, İbrahim bәyә baxmağı Mәhbubәyә tapşırın. Qoy bәzәn bacısı, bәzәn dә Mәhbubә sizә kömәk elәsinlәr. Әlbәttә, mәnim bu mәslәhәtimi qәbul edin.”
Haciyә xanım dedi:
“Hәkimin әmri xәstәnin mәslәhәti üçün olduğuna görә, nә buyursa, qulaq asmaq lazımdır.”
Hәkim getdi. Haciyә xanım gәlib, qapının arxasında dayanıb dedi:
“Mәhbubә, nә üçün üç gündür burada özünü dustağa salmısan? Yәqin ki, namaz da qılmamısan. Dur ayağa, namazını qıl. Mәnim yuxarıda işim var, Sәkinә dә mәtbәxdәdir, İbrahim bәy yalqızdır, onu tәk qoyma.”
Haciyә xanım yuxarı çıxdı. Mәn Mәhbubәnin otağının qapısını yavaşca açdım, gördüm yatağında oturub, başını divara söykәyәrәk ağlayır. Dedim:
“Mәhbubә, bәs eşitmәdin bibin nә dedi?”
Dedi:
“Eşitdim, başıma hansı külü әlәyim?”
Dedim:
“Mәhbubә, onu bil ki, mәn sәnin әminәm, hәm dә mәnәvi atanam, özüm dә dünya görmüş, bәrkә-boşa düşmüş qocayam. Bu gündәn sәnә açıqca deyirәm: ürәyindә hәr bir dәrdin olsa mәndәn gizlәtmә. Dәrdini ürәyindә saxlasan, dığlayıb ölәrsәn. Heç ürәyini sıxma. Ağana qulluq etmәyi unutma. Haciyә xanım ona baxmağı sәnin öhdәnә qoyubdur. Hәmişә tam fәrәh hissilә ye, iç, ağana da yedirt, içirt. Dua elә, allah ona şәfa versin. Bәxtәvәr olasınız. İndi dur, namazını qıl, ağanın yanına get.”
Lakin Mәhbubәnin әhvalı teleqram gәlәn gündәn indiyәdәk İbrahim bәyin halından da bәtәr olmuşdu. Sanki hәyatının son dәmlәrini yaşayırdı. Dolu bulud kimi tutqun halda ayağa qalxıb dedi:
“Әmican, әvvәl mәni oraya apar, sonra namaz qılaram. Çünki könülsüz namaz qılmaq düzgün deyil.”
Bunu deyib әlimdәn öpdü. Mәhbubә hara, mәnim әlimdәn öpmәk hara? Bu iş nә onun şәninә uyğun idi, nә dә mәnim әlimin o hörmәti var idi. Ona çox ürәyim yandı. Doğru demişlәr ki:
Aşiq ardan qaçmağa mayil olur,
Eşq olan yerdә ağıl zayil olur.
Mәhbubәyә dedim:
“Bundan sonra mәni belә xәcalәt elәmә. Doğrudur, mәn qocayam, sәnin atan yerindәyәm. Lakin hәqiqәtdә özümü sizin nökәriniz hesab edirәm. Siz mәnim nemәtverәnimsiniz. Gәl qızım, gәl gedәk.”
Qapını açıb otağa girdik. İlahi, bu vәziyyәti görüb, ona tab gәtirmәk çәtindir. Mәhbubә otağa daxil olan kimi salam verib kәmali-әdәb vә hәya ilә qapının yanında dayandı. İbrahim bәydәn heç bir cavab eşidilmәdi. Mәhbubә irәli gedib dedi:
“Mәnim ağam, mәnim istәklim!”
Qәmindәn, sevdiyim, şam tәk әridim,
Eşqinin oduyla yanıb köz oldum.
Mәn sәni gözlәrәm bir güzgü kimi,
Başdan ayağadәk ağlar göz oldum.
“Mәnim әziz ağam, sәnin bu yazıq kәnizin mәgәr sәni bu halda görmәk üçün düz doqquz ay İran yollarına göz dikib sәnin intizarını çәkdi? Bәs o ürәk oxşayan sözlәrin hanı? O әnbәr qoxulu tellәrin necә oldu? Şümşad qәddin nә üçün büküldü? Bu qәm tikanı harada sәnin ayağına batdı? Mәn nә elәmişdim ki, bu qәddar fәlәk başıma müsibәt külü әlәdi?”
İbrahim bәy mәzlum-mәzlum baxıb dedi: "Ya hәqq, ya mәdәd!"
(Bunu da demәliyik ki, İbrahim bәyin danışmasına sәbәb İran adını eşitmәsi idi). Mәhbubә öz ağasının ayaqlarını qucaqlayıb dedi:
“Mәnim sәrvәrim, sәnin bu kiçik kәnizin qulluğunda hazırdır. Nә kimi qulluğun varsa buyur.”
Mәhbubә durub İbrahim bәyin başına dolandı vә dedi:
“İlahi, mәni ağamın sәdәqәsi qәbul elә, onun hәr bir qadasını mәnim canıma sal. İlahi, ağamsız mәnim bir günüm olmasın!”
Dedim:
“Mәhbubә, bәsdir! Namazının vaxtı keçir. Get namazını qıl. Çox әziyyәt vermә. Namazdan sonra sidq-dildәn dua elә, inşaallah, sәnin duan qәbul olacaq.”
Sonra Mәsuda dedim:
“Get, Haciyә xanıma de ki, ikindi namazı ilә şam namazını orada qılsınlar, bir az gec tәşrif gәtirsinlәr.”
Mәhbubә gedib dәstәmaz aldı, öz otağında namaz qılmağa başladı. Mәn xәstәnin yanında oturub, yavaş-yavaş ayaqlarını ovurdum. Mәhbubәnin namazı uzun çәkdi. Düşündüm, birdәn genә dә huşunu itirmiş olar. Yavaşca gedib qapının dalında dayandım. Gördüm әllәrini yuxarı qaldırıb allaha yalvarır: "Eh әrhәmәrrahimin allah! Sәn özün bilirsәn ki, bu kiçik kәnizini öz tükәnmәz lütfünlә tam izzәtlә bәslәdin, halbuki, yazıq, kimsәsiz, әsir vә sәğir bir uşaq idim. İndi mәnim bütün ümidim, pәnahım, xoşbәxtliyim bu qeyrәtli, namuslu cavanın varlığından asılıdır. Әgәr onun әcәli yetişibdirsә, mәn ürәk açıqlığı ilә, tam rәqbәtlә öz qalan ömrümü ona bağışlayıram. Ey müşküllәri açan allah, ey bәndәsinә mehriban tanrı! Sәn bilirsәn ki, onsuz mәnә yaşamaq haramdır. Sәn hәr bir möhtacın ehtiyacını ödәyәn, hәr bir dәrd әhlinin duasını qәbul elәyәn allahsan.
Kimsәsiz kәslәrin sәnsәn pәnahı,
Hamıya kәrәmin yetәr, ilahi!
Mәn bir kimsәsizәm, sәnәdir güman,
Kәrәm et, qapından qaytarma peşman!
Bu vaxt mәn qapını döyüb dedim:
“Xanım, buyurun gәlin, mәn gedirәm.”
Dönüb qayıdarkәn Hacı Mәsud gәlib dedi:
“Mirzә Abbas tanımadığım bir adamla gәlibdir.”
Dedim:
“Keçsinlәr, mәnim otağımda әylәşsinlәr, mәn dә gәlirәm.”
Mirzә Abbasla görüşәn kimi mәnim qulağıma dedi:
“Deyirlәr, bu әrәb tәcrübәli dua yazanlardandır. Qoy İbrahim bәyi görüb ona bir dua yazsın, şayәd tәsir elәyә.”
Dedim:
“Eybi yoxdur, buyurun әylәşin, bu dәqiqә İbrahim bәyin yanına gedәrik.”
Oturub bir fincan qәhvә içdilәr. Sonra İbrahim bәyin otağına getdik.
Mәhbubәyә dedim:
“Qonaq gәlibdir, sәn öz otağına get.”
Mәhbubә otaqdan çıxandan sonra qonaqlar İbrahim bәyin yanına gәldilәr. Әrәb bir az dua oxuyub, İbrahim bәyin üzünә üflәdi. Sonra bir dua yazdı. Tapşırdı göy parçaya büküb, İbrahim bәyin sağ qoluna bağlayaq, inşaallah, tezliklә şәfa tapar.”
Durub otaqdan çıxdıq, onları qapıyacan yola saldım. Qayıdıb gördüm Hacı Mәsud tәlәsik onların dalınca qaçır. Çağırıb soruşdum:
“Hara belә tәlәsirsәn?”
Dedi:
“Mәhbubә xanım, deyәsәn, bir neçә quruş dәsmala bağlayıb әrәbә nәzir deyibdir, gedirәm onu verәm.”
Dedim:
“Mirzә Abbas onun haqqını verәcәkdir.”
Dәsmalı açıb gördüm üç ingilis lirәsi, bir dә mәrhum Hacının iyirmi beş lirәyә aldığı brilyant üzük idi. Mәhbubә canının hövlündәn elә xәyal elәmişdi ki, dua hәqqi nә qәdәr çox olsa, o qәdәr tez tәsir edәr, faydası daha çox olar. Mәn üzüyü cibimә qoyub, Hacı Mәsuda dedim:
“Mәhbubәyә deyәrsәn verdim. Belә mәlum olur ki, o, bundan sonra bu kimi dәliliklәrdәn çox elәyәcәkdir. Sәnә tapşırıram, kasıblara, seyidlәrә bağışlamaq istәdiyi hәr bir şeyi әvvәlcә gәtir mәnә göstәr, ya da Haciyә xanıma xәbәr ver.”
Gecә oldu. Mәn neçә gündü ki, yatmamışdım, istәdim bir qәdәr yatam. Birdәn Mәhbubә sevincәk gәlib dedi:
“Әmican, muştuluğumu ver!”
Dedim:
“Nә xәbәr gәtirmisәn?”
Dedi:
“Dörd piyala süd verdim içdi.”
Dedim:
“Bәs sәnin özün necә? Bir şey yemisәnmi?”
Dedi:
“Vallah, әvvәlcә mәn yedim, gördü mәn yeyirәm, o da yedi.”
Dedim:
“Әlbәttә, sizin yemәyiniz ona qüvvәtdir, onun yemәyi sizә. Bәrәkallah, gәrәk hәm yemәk, hәm dә yedirtmәk.”
Sonra soruşdum:
“Yatıbdırmı?”
“Bәli,” -- dedi, -- “bibi dә yatdı. Amma mәn bir dәqiqә dә yata bilmirәm. Әslәn yuxum gәlmir. Әmican, aşpaza deyin bir az südlü aş bişirsin, mәn yeyim, bәlkә ağaya da yedirdim.”
Dedim:
“Nә eybi var, deyәrәm.”
Xәstәnin yanına getdim, yatmışdı. Dünәnkinә görә gözümә bir qәdәr yaxşı göründü. Haciyә xanım Sәkinәyә dedi:
“Aşpaza de, bir az südlü aş düzәltsin.”
Nahar vaxtı gәlib çatdı. Qablara südlü aş çәkmişdilәr. Mәn dә oturdum. Mәhbubә İbrahim bәyi mütәkkәyә söykәdi. Qaşığı İbrahim bәyin әlinә vermәk istәyirdi, o isә tuta bilmirdi. Mәhbubә onun әlini bir yaşında olan uşaq kimi qaşıqla birlikdә tutdu. Bu vaxt özünün dә әli titrәdi. Zorla qaşığı onun ağzına qoymaq istәyirdi. Lakin mümkün olmurdu. Bәzәn özü yarımçıq qaşığı ağzına aparıb guya bununla ona qandırmaq istәyirdi ki, sәn dә belә yemәlisәn.
Mәhbubәnin sifәti qızıl gül kimi qızarmış, tәr damcıları mirvari dәnәlәri kimi alnında muncuqlanmış, gözlәrindәn yaş gilәlәri axırdı. Bütün әndamı söyüd yarpağı kimi әsirdi. O cür hәyalı bir qız sanki utanmağı vә hәya elәmәyi büsbütün unutmuşdu.
Haciyә xanımın ürәyi köyrәlmişdi. Hәm ağlayır, hәm dә gülümsünüb, heyran-heyran Mәhbubәnin mәhәbbәt alәmini seyr edirdi. Bu yazıq qızın bütün fikri, huşu İbrahim bәyә bir qaşıq südlü aş yedirtmәyә yönәlmişdi. Bu әsnada Mәhbubәni odlasaydılar, yaxud onu rizә-rizә doğrasaydılar belә, xәbәri olmazdı.
Mәhbubә deyirdi:
“Ağa yeyin, İranda südlü aş yemәmisiniz.”
O, qaşığı İbrahim bәyin dodaqları arasına qoydu. İbrahim bәy ağzını açdı: "ya hәqq, ya mәdәd!" -- deyib südlü aşı yedi. Mәhbubә dalbadal qaşığı doldurub onun ağzına aparırdı. Belәliklә beş-altı qaşıq ona yedirә bildi. Elә sevinirdi ki, sanki şücaәtli, qeyrәtli bir sәrdar düşmәn qalasını fәth etmişdi. Zavallı qız tәlaş içindә idi, var qüvvәsilә çalışırdı. Hәrdәn bir dә mәnә tәrәf baxıb, işarә ilә öz müvәffәqiyyәtini andırırdı. Mәn gülümsünüb dedim:
“Yaylığı gәtir, ağzını sil.”
İbrahim bәy heyran-heyran Mәhbubәnin üzünә baxır, gahdan da üzünü anasına tәrәf çevirirdi. Xülasә südlü aşı İbrahim bәyә yedirtmәk münasibәtilә Mәhbubә bu günü südlü aş bayramı sayıb, hәr il bu günü şәnliklәr edә bilәrdi. Ancaq onu bilmirdi ki, İbrahim bәyә kömәk edәn, onun ağzını açdıran "İran" adı idi. Elә ona beş-altı qaşığı yedirәn dә hәmin ad olmuşdu.
Sonra nә qәdәr elәdi ki, bir az da yesin, mümkün olmadı.
Deyәsәn, Mәhbubә öz baxtından razı idi. O gәlib Haciyә xanımın әlini öpdü. Mәn özümü daha saxlaya bilmәdim. Gәlib öz otağımda yarım saata qәdәr ağladım. Anladım ki, Mәhbubәnin başqa alәmi var.
Gecәdәn iki saat keçmiş Mirzә Abbas, Hacı Möhsün ağa vә ... Tәbrizi gәlib xәstәnin kefini soruşdular.
Dedim:
“Allaha şükür, bu gün xәstәmizin kefi yaxşıdır.”
Dedilәr:
“Әgәr mümkündürsә gedәk İbrahim bәyin yanına.”
“Qoyun bir az istirahәt elәsin, xanımlar da oradadır.”
Qonaq otağına keçdik. Müxtәlif söhbәtlәrdәn sonra Hacı Möhsün ağa dedi:
“Yaxşı, indi, Ağa Mirzә Yusif, sәfәrinizdәn danışın, görәk nә gördünüz, nә eşitdiniz?”
Dedim:
“Srağa gün әrz elәdim ki, bu sәfәrdә üst-üstә bizә bәd keçdi. Müqәddәs Mәşhәd şәhәrindә bәyә yalvardım ki, gәl elә buradan qayıdaq, bu sәfәrin aqibәti yaxşı nәzәrә gәlmir. Bu sözdәn incidi. Qorxurdum Misrә sәlamәt gәlib çatmasın, yenә dә min şükür ki, onu heç olmasa yarımcan gәtirib anasına tapşırdım. Tehranda әmәlli-başlı döymüşdülәr. Mәndәn gizlәtmişdi. Әrz elәdiyim kimi, mәsәlәni İstambulda "Sәyahәtnamә"ni oxuyandan sonra bildim. Bu xoşagәlmәz hadisәnin baş vermәsinә sәbәb Hacı xan olmuşdu.”
Mirzә Abbas soruşdu:
“Doğrudan da, Hacı xan kimdir? Srağa gün dedin ki, siz dә onu tanıyırsanız.”
Dedim:
“Bәli, tanıyırsınız. Hacı xan -- yәni Hacı xan, bәli, Hacı xan. Bu Hacı xan İran sәrhәngidir. Döşündә iki nişan parıldayır. Zәhmәt olmasa, indi ki, adı çәkildi, şәninә bir salavat göndәrin.”
Dedilәr:
“Yusif әmi, bәsdir. Yenә dә köhnә adәtindәn әl çәkmәmisәn. De görәk, bu adam kimdir?”
Dedim:
“İkinci salavatı bundan da bir ay ucadan xәtm elәyin. Hacı xan haman xandır, yәni haman kor, keçәl molla Mәhәmmәdәlidir ki, neçә il bundan qabaq Hacı Cәfәr ağa Tәbrizi vә üç nәfәr başqa adamla buraya gәlmişdilәr, neçә gün dә rәhmәtlik Hacının qonağı oldular.”
“Canım, hansı molla Mәmmәdәli?”
Dedim:
“O gödәk arsız, yadınızda deyilmi? Hey deyib, gülür, çalıb oynayırdı, gәlәnә bir söz, gedәnә bir mәsәl deyirdi.”
Dedilәr:
“Hә, hә, tapıdıq. Elә tәlxәkliklә gedib o mәqama çatıb?”
Dedim:
“Bәli, bizә çox hörmәt elәdi. Qonaq çağırdı. İndi döşü nişanlı xan olubdur. Bәy öz "Sәyahәtnamә"sindә onunla görüşünün sәbәbini yazıbdır. O, bu yazığı nazirlәrin evinә göndәrdi. Onlar da döyüb, söyüb әbasını, saatını әlindәn aldılar. Mәn bu әhvalatdan tamamilә xәbәrsiz idim.”
Dedilәr:
“Qәribә alәmdir.”
Dedim:
“Bәli, hәlә bundan da qәribәsi var. Tәkcә bizim tanıdığımız Hacı xan deyil, onun kimi mәsxәrәbazlar, tәlxәklәr çoxdur. Mütrüflәrin, rәqqasların da çoxunun rәislәrin, vәzirlәrin yanında sözü keçir. Hamısının maşallah olsun, yekә-yәkә lәqәblәri var. Hәr birisinin yaxşı var-dövlәti var. Onların hәr biri әlli nәfәri öz himayәsinә alıbdır. Әmәlli-başlı qulluqçuluq edirlәr. Әlsiz-ayaqsızların hüququnu tapdalayırlar. Mәzәli burasıdır ki, nә istәyirlәr, onu da elәyirlәr. Birisi gedib onlardan şikayәt elәyәndә dә onun әrizәsinә heç kәs qulaq asmır. Bizim bәy Hacı xanı görәn kimi tanıdı. Doğrusu, mәn dә bir para әhvalatın şahidi oldum. Lakin Mәşәdi Hәsәnә tapşırdım ki, bu haqda İbrahim bәyә heç bir söz söylәmәsin. İranda hәtta başı әmmamәli ruhanilәrin dә bәzisi vәzirlәrin vә böyüklәrin әylәnmәsi üçün mәsxәrә olmuşdur.”
Mәn çox vaxt Mәşәdi Hәsәnlә birlikdә dükan-bazarın seyrinә çıxırdım. Günlәrin birindә әcayib şәkilli, qәribә qiyafәli, qorxunc görkәmli bir әmmamәli şәxsә rast gәldim. Qurşağı açıq, qarnı çılpaq idi. Qoz boyda göbәyi eşiyә çıxmışdı. Gen alt tumanı geymişdi. Әlini köynәyinin әtәyindәn qarnına aparıb xarta-xartla qarpınırdı. Öz-özünә burnu ilә zurna çalırdı. Mәn tәәccüblә ona baxıb soruşdum:
“Bu sәrsәri kişi kimdir?”
Mәşәdi Hәsәn dedi:
“Bunun sir-sifәtinә yaxşı bax.”
Dedim:
“Axı, de görüm bu çirkin, div görkәmli kişi kimdir?”
Mәşәdi Hәsәn dedi:
“Baba, bir az yavaş danış, İranın birinci şәxsiyyәtidir. Gәl gedәk çayxanaya, sәnә deyәrәm o kimdir.”
Yavaş-yavaş çayxanaya tәrәf getdik. Mәşәdi Hәsәn dedi:
“Bu adam bizim Hacı xanım can bir qәlb dostudur. Ancaq onu da bil ki, bu şәhәrdә Hacı xan bu adamdan başqa heç kәslә hesab aparmaz.”
Dedim:
“Nәçidir?”
Dedi:
“Misli-bәrabәri olmayan mәsxәrәbaz, tәqlid çıxarandır. Sәdr-әzәmә, nazirlәrә ağır sözlәr deyәr, açıq-saçıq söyüşlәr verәr, hamısı gülәrlәr. Hәlә üstәlik söyüşlәri üçün onlardan pul da alar. Rövzәxanlıq edәr. Özünün tәkyәsi var. Rәislәrdәn pul alıb, yoxsullara verәr. Yәni onlardan zorla otuz-qırx tümәn qoparıb, onun beş-altı tümәnini qran-qran fağır-füqәraya verәr, qalanını da qoyar cibinә. İsmi-mübarәki Şeyx Şeypurdur. Onu hamı tanıyır. Heç bir kәsdәn nә çәkinәr, nә dә utanar. Hәtta deyirlәr bir gün cәsarәt edib şahın özünә dә söyüş yağdırıb. Şah elә oradaca qәtlinә fәrman vermişdi. Şeyx Şeypur qaçıb Şah Әbdülәzim mәqbәrәsindә bәst oturubdur. Haman gün nazirlәr, әmirlәr şahdan xahiş elәdilәr, o da onu bağışladı. Bәstdәn çıxdı. O vaxtdan bildi ki, mәscid murdarçılıq yeri deyil.
Bu kişinin elә şivәlәri var ki, bu şәhәrin tәlxәklәrindәn heç birinin әlindәn gәlmәz. Әvvәla kitabla yüklәnmiş uzunqulaq kimi az-çox savadı var. İkincisi, eşşәk kimi anqırır. Anqıranda onun üzünü görmәsәlәr, elә güman edәrlәr ki, doğrudan da eşşәkdir. Üçüncüsü, dәvәnin, qoyunun, pişiyin, itin tәqlidini elә çıxarır ki, heç bilmәzsәn adamdır, ya heyvandır. Bunların hamısından artığı budur ki, axmaqları tez әlә sala bilir. Bütün nazirlәri, әyan-әşrafı bu sifәtlәri ilә özünә rağib edibdir.... Otuz min tümәn dә var-dövlәt toplayıbdır.
Bәli, İran maliyyәsinin büdcә hesabı budur. Tehran camaatı, xüsusilә vәzirlәrin vә әyan-әşrafın әlәlxüsus şahzadәlәrin vә İran saray adamlarının әxlaq dәrsi belәdir. Bizim biçarә Hacı xan bu şivәlәrdәn bacarmır. Ona görә dә onunla rәqabәt apara bilmir, qarşısında aciz olduğuna görә ona yaltaqlanır, yanınca gedir, amma fürsәt axtarır. Günlәrin birindә Hacı xan mәnә dedi:
“Mәşәdi Hәsәn, bu Şeyx Şeypurun gәrәk çarәsini elәmәk.”
Dedim:
“Hacı xan, necә elәyә bilәrsәn?”
Dedi:
“O, dәrvişlәrә, fağır-füqәraya pul vermәklә ad qazanıbdır. Sәn dә bazara gedib, onun әtrafında hay-küy salanlardan bәzisini göndәr mәnim yanıma, bәlkә mәn dә bir tәdbir işlәdib işlәri düzәldәm.”
Mәn dә gedib dәrvişlәri, hoqqabazları, sәrsәrilәri, lotuları onun yanına göndәrdim. Biçarә bu zümrә adamlara doxsan tümәnә qәdәr pul xәrclәdi, riya üzündәn ehsan verdi. Günlәrin birindә mәndәn soruşdu:
“Heç küçә-bazarda mәnim әliaçıqlığımdan, sәxavәt vә ehsanımdan söz-söhbәt olur?”
Dedim:
“Heç bir söz eşitmәmişәm.”
O da bu tәdbirdәn, daha doğrusu, tәsvirdәn әl çәkdi.
Nә isә, özlәrini müxtәlif zümrәlәrә bәnzәdәn bu növ başı әmmamәlilәrin gurultulu lәqәblәri dә var. Günlәrin birindә Mәşәdi Hәsәn onlardan birini mәnә göstәrib dedi:
“Bu ağanın lәqәbi Şәmşirül-zagirindir. İndi gedir minbәr üstündә oturub rövzәxanlıq elәsin. Gecә ki, oldu, böyüklәrin mәclisindә mәsxәrә çıxaracaq.”
Hacı ... Tәbrizi dedi:
“Yusif ağa, düzünü de görüm, bu hәrzә-hәrzә işlәrdәn Tәbrizdә dә gördün?”
Dedim:
“Әlbәttә, onlarda bu kimi rәzil, alçaq hәrәkәtlәrә rast gәlmәdim, amma dübbә adlanan adamlar gördüm.”
Hacı dedi:
“Xeyir a ... bunları onlara oxşatmaq olmaz. Bunlar ancaq zarafat elәyirlәr.”
Dedim:
“Hacı ağa, mәni bağışlayın, sizin evinizdә bizә çox xoş keçdi. Sizin qardaşınız bizә çox hörmәt elәdi, mehribanlıq göstәrdi. Mәn ondan çox mәmnunam, ürәkdәn tәşәkkür edirәm. Ona görә dә hәr şeyi açıb ağartmağa utanıram. Yoxsa nöqsanlardan daha çox danışmaq olardı. Mәn dübbә adamların dini, mәzhәbi tәhqir etdiklәrini ap-aydın gördüm. Mәnim şahidi olduqlarımı İbrahim bәy görsәydi, sözsüz, böyük hәngamә qoparar, bәrk dava salardı. Әlbәttә, bunun xәcalәtliyi vә sәdәmәsi sizin qardaşınıza da aid olardı.”
Hacı dedi:
“Sәn mәnim canım, de görüm nә gördün?”
Dedim:
“Günlәrin birindә İbrahim bәy sizin qardaşınızla hara isә getmişdi. Mәn dә sizin mirzәnizlә hücrәdәn çıxdım. İstәdik bir qәdәr gәzib dolanaq. Yolumuz bir mәscidin qabağından düşdü. Sizin mirzәniz -- Mirzә Hәbib dedi:
“Meyliniz varsa, gedәk bir az mәsciddә oturaq.”
Dedim:
“Nә eybi var, gedәk.”
Deyirlәr: "Göz gündә yeni bir şey görmәsә kor olar".
Doğrusu, mәn o günә kimi Tәbriz mәscidlәrinin vәziyyәtindәn xәbәrsiz idim. Keçib bir tәrәfdә әylәşdik. Camaat yavaş-yavaş toplaşdı. Bir molla keçib tam vüqarla minbәrin üstündә әylәşdi. Mirzәdәn onun adını soruşdum. Dedi:
“Ağa mirzә molla Hәsәndir.”
Ağzını açıb xütbә oxumaq istәdi. Elә "әlhәmdülillah" deyәn kimi tәxminәn iki yüz nәfәr uca sәslә salavat çevirdi.
Molla istәdi "rәbbül-alәmin" desin, yenә dә әvvәlki kimi camaat salavat çevirmәyә başladı. İstәdi "bismillah" desin, yenә dә salavat sәsi yüksәldi.
Mәn heyran-heyran әtrafıma baxıb düşünürdüm ki, bu nә demәkdir. Vaiz istәyir ağzını açsın, salavat sәsi ilә mane olurlar. Bir kәlmә demәmiş, camaat beş dәfә salavat xәtm elәyir. Diqqәtlә baxıb gördüm hamı gülür. Bu asnada birdәn dörd nәfәr keçib minbәrin dörd qıçından tutub qaldırdı; gәtirib mәscidin ortasında qoyub dedilәr: "Ağa, hamı sizin sәsinizi eşidib feyziyab olsun deyә burada әylәşsәniz yaxşı olar".
Mәn mirzәdәn tәәccüblә soruşdum:
“Mirzә, bu nә hәngamәdir?”
Dedi:
“Fikir vermә, bunlar dübbә adamlardır.”
Elә bil, mәscidi qaldırıb mәnim başıma vurdular. Dedim:
“Dur ayağa, çıxaq gedәk. Andıra qalsın belә mәscid, belә mәscidә gәlәnlәr. Bu necә müsәlmançılıqdır? Allahın evini teatr sәhnәsi elәyiblәr. Bunların arasında bir nәfәr qeyrәtli, haqqpәrәst müsәlman yoxdur? Bu necә namussuzluqdur? Bu necә şәri hökumәtdir? Bu necә din xadimidir? Tüllabdan birinә güldәn ağır bir söz deyәn kimi tökülüb döyür, söyür, hәr şeyi sındırırlar. Nә var, nә var -- şәriәt tәhqir olunubdur. Bu yekәlikdә müsәlman şәhәrindә belә bir biabırçılıq olur. Bir adam yoxdur ki, onlara desin: bu nә qәbahәtdir?...
Belә bir moizә, bu şәkildә tәziyә, mәscidә bu tәrzdә hörmәtin sәmәrәsi hal-hazırda düçar olduğunuz qara gündәn başqa bir şey ola bilmәz.
Bu müsәlmanlıq odursa ki, o, Hafizdә dә var,
Vay әgәr bircә sabah olsa bugündәn sonra!
"Xәsәrәd-dünya vәl-axirә" ki, deyiblәr, elә budur. Allah biz müsәlmanların fәryadına çatsın, islamiyyәtә bir rәhm elәsin.
Küfr birlәşdi, sәbәb ol ki, pәrişan olduq,
Rövnәqә gәldi muğan onda ki, viran olduq.
Yoxdur, әlbәttә ki, islamın özündәn bir eyb,
Ondadır eyb ki, bizlәr dә müsәlman olduq.
Hacı bir ucdan qәhqәhә çәkib güldü vә dedi:
“Yusif ağa, de görüm daha nәlәr gördün?”
Dedim:
“Daha nә deyim, İranda, әlәlxüsus Tәbrizdә, minbәr başında vә mәscidlәrdә nә kimi biabırçılıqlar edildiyini özün yaxşı bilirsәn. Bunları bir-bir açıb söylәmәk mümkündürmü? Mәscid әhali üçün guya bir mağazadır. Axundlar mәsciddә öz fәzilәtlәrini göyә çatdırmaqla öyünürlәr. Yazıq camaat mәscidә girәn kimi gәrәk qıçıbağlı dәvә kimi, dizә çöküb beş saat tamam orada otursun. İki vaiz, dörd rövzәxan, bir dәstә şagird -- biri çıxır, o biri düşür. Oturanlardan birisinin bәşәr tәbiәtinә görә ayağa durub getmәyә ehtiyacı olarsa, ya vacib bir iş dalınca getmәk üçün yerindәn tәrpәnәrsә, sanki dindәn dönüb, şәriәti danıbdır. O saat minbәrin başından axund qışqırıb onu tәhqir edәcәk: -- "Ay xәbis, mәclisi bir-birinә vurma". Yәni otur mәnim ağzıma gәlәn hәr bir yalan-palana, mәnalı-mәnasız sözә qulaq as, mәnim yaxşı-pis sözlәrimin hamısını qәbul elә, axırda da nәqddәn, cinsdәn nәyin var tök mәnim ovcuma. Nә özlәrindә bir ayırdetmә qabiliyyәti var, nә dә xalqın arasında doğrunu әyridәn, haqqı batildәn fәrqlәndirәn adam var.
Siz özünüz yaxşı bilirsiniz ki, Tәbrizdә maarif yoxdur, hökumәt yoxdur, ağıllı yoxdur, mürüvvәt vә insaf da yoxdur. Din-mәzhәbin düşmәni olan hәr bir zahiri müsәlman, batini yәhudinin min il әvvәl yazmış olduğu әqlә, şәriәtә sığmaz hәr bir mәsәlәni indi göydәn nazil olmuş vәhy hesab edirlәr, özlәri dә belә güman edir vә ya elә göstәrirlәr ki, guya hәr kәs bu xurafata inanmasa kafirdir, dindәn, mәzhәbdәn çıxıbdır. Bununla müsәlmanlara vә islamiyyәtә nә kimi sәdәmә vurduqlarını başa düşmürlәr. Onlar belә güman edirlәr ki, bu savadsız rövzәxanların, mollanüma ağılsız vә şüursuzların ağızlarına gәlәni dediklәrinә inanmasan kafir olarsan. Hәr kәs axunda pul versә, guya filan böyüklükdә mәlәk, hovuzda gözlәri qırmızı yaqutdan filan qәdәr qiymәti olan yekә balıqlar ona nәsib olacaqdır....
Bizim axundlar molla Bayquşәlinin yazılarını göydәn nazil olmuş vәhy hesab etmәyә necә vә nәyә әsasәn cәsarәt edirlәr, yaxud filan şairin şerlәrini imamın buyruğuna bәrabәr tuturlar?.
Bütün bunların tәqsiri hökumәtin vә millәtin ruhani başçılarının boynundadır. Onların sәhlәnkarlığının nәticәsindә başına iki arşın tәnzif vә ya şal bağlayan hәr kәs peyğәmbәrin minbәrindә özünә yer elәyib, heç nәdәn çәkinmәdәn, hәr yetәnin sәrsәmini onun hәr sözlәrindәn olduğunu söylәyir. Camaat da başdan ayağadәk qulaq olub onu dinlәyir. Hayıf ki, bizim mәzhәbi işlәrimiz hәr bir mәmlәkәtin vә millәtin yaşayışının әsasını tәşkil edәn düzgün bir qanunla idarә olunmur. Yoxsa rövzәxanın da, rәiyyәtin dә, hakimin dә hüququ vә vәzifәsi birdәfәlik müәyyәnlәşdirilәrdi.
Hacı yenә dә qaqqıldayaraq güldü:
“Ağa Yusif, Tәbrizdәn daha nә bilirsәn? De, eşidәk.”
Dedim:
“Sәn özün mәndәn yaxşı bilirsәn, bir qәdәrini özün buyur.”
Hacı dedi:
“Sәn mәnim canım, de, de.”
Yanımızdakılar Hacının üz vurmasına vә mәnim söhbәtlәrimә gülürdülәr.
Dedim:
“Baba, allah xatirinә, mәnim yaxamdan әl çәk. Bir az da özün öz mәnqәbәlәrindәn buyur, biz feyzlәnәk.”
Hacı dedi:
“Mәn Tәbrizdәn çoxdandır çıxmışam, hәm gördüklәrimi unutmuşam, hәm dә orada baş vermiş yeni dәyişikliklәrdәn xәbәrsizәm.”
Dedim:
“Mәn Tәbrizi qırx altı il bundan qabaq görmüşdüm, hal-hazırkı Tәbrizlә o zamankı Tәbrizin fәrqi odur ki, indi ev bәr-bәzәyi hәddindәn artıq çoxalıbdır. Evlәr ağzına kimi çilçıraq, lalә, büllur әsbablarla doldurulmuşdur. Böyük aynabәnd otaqlar bәzәyiblәr. Tәbriz әhalisinin cahu-cәlalından nә qәdәr desәm az demişәm. Ancaq aralarında birlik, mәhәbbәt yoxdur. Nifaq, әdavәt, düşmәnçilik, paxıllıq hökm sürmәkdәdir.”
Hacı yenә dә dedi:
“Bir az da de.”
Dedim:
“Danışmaq üçün daha taqәtim yoxdur. Qüssәdәn bağrım çatlayır. Sizin Tәbriz haqqında tәkcә bunu demәk kifayәt edәr ki, o böyüklükdә şәhәrdә bircә dәnә qәzet, bircә dәnә mәktәb yoxdur. Hal-hazırda hәr bir millәtin şәrәfi bu iki xoşbәxtlik amilinә bağlıdır. Özün fikirlәş, insafla hökm ver, Şeybani gözәl şer yazmışdır. Orada bütün İran әhalisi arasında Tәbriz әhlinә xüsusi imtiyaz vermişdir.”
Hacı soruşdu:
“Nә deyibdir?”
Dedim:
“Hacı Mәsud, kitabların arasında yaşıl cildli bir kitab var, gәtir ver Mirzә Abbasa. Qoy Hacı ağa üçün oxusun.”
Hacı Mәsud gedib kitabı gәtirdi. Açıb Mirzә Abbasa göstәrdim, dedim:
“Burdan oxu!”
Mirzә Abbas bu şerlәri oxudu:
Әmmamәdәn ötrü oturub sәn qәmә batma,
Qıl dәrdinә dәrman.
Nәleynini gey, әldә әsa tut, daha yatma,
Ver saqqala sәhman.
Bak etmә, bütün xalqı ayaq altına al, keç,
Nә yaxşı, nә yaman!
Hәr eldә, hәr oymaqda ki, oldun, bunu anla,
Tәbrizdә xüsusәn,
Nә dün, nә sabah qeydinә bir kimsә dә qalmaz,
Hal әhlidir hәr yan.
Sәn alverә can bas, özünü vur oda, suya,
Qoy hamını nalan.
London malı, Paris malı bir lәntәr әlә sal,
Çox әla billurdan.
Bu türfә matahı әlә saldın da yubanma.
As evdә tavandan.
Dedim:
“Mәşәdisi dә, hacısı da, xanı da, başqası da ancaq evlәrindә büllur çıraq asmaq fikrindәdirlәr. Vәtәnin abadlığı, millәtin tәrәqqisi haqqında düşünәn әsla yoxdur.”
Dedi:
“Yusif, bunların hamısını söylәdiyin kimi saxlayıb, inşaallah, İbrahim bәyin ovcuna qoyacağam. Deyәcәyәm gör Yusif әmi Tәbrizdәn nәlәr danışır, onun haqqında gör necә düşünür.”
Qaqqıldayıb güldüm vә dedim:
“Xәbәrin yoxdur ki, bәy özü "Sәyahәtnamә"sindә nәlәr yazıbdır. Mәn sizin mirzәdәn xahiş elәdim ki, mәsciddә olan әhvalatı gizlәdib ona söylәmәsin. Bәy özü dә mәscidә getmәk istәdi. Biz bir tәdbir çәkib ona mane olduq. Xatiriniz cәm olsun, butün bunları mәn özüm yazacam, inşaallah, bәy ayağa durandan sonra ona verәcәyәm. Çünki bәy istәyir öz "Sәyahәtnamә"sini mәtbәәdә çap elәtdirsin. Xәstәlәndiyinә görә İstambulda mümkün olmadı. İnşaallah, burada nәşri mümkün olacaqdır.”
Mirzә Abbas dedi:
“İbrahim bәyin "Sәyahәtmamә"si haradadır?”
Dedim:
“Göstәrmәrәm, çünki mümkündür bәyin acığına gәlsin.”
Mirzә Abbas dedi:
“Bu nә sözdür buyurursan? O mәndәn nәyi gizlәdir ki, "Sәyahәtnamә"sini görmәyimdәn acığı tutsun?”
Dedim:
“İndi ki, belә oldu, verәrәm. Bu şәrtlә ki, başqa adama göstәrmәyәsәn.”
“Gözüm üstә, fәqәt Hacı Möhsün ağanı istisna edirәm. Çünki onunla mәnim aramda heç bir gizli şey ola bilmәz. Xatircәm ol. Ondan başqa bir adama göstәrmәrәm.”
Hacı Mәsuda dedim:
“Mәnim çamadanımda dәftәr-kağız var, onları gәtir.”
Hacı Mәsud gedib gәtirdi. Mәn yenidәn tәkidlә Mirzә Abbasa tapşırdım:
“Gözlә, sәhifәlәrin nömrәsi qarışıq düşmәsin.”
Mirzә Abbas dedi:
“Xeyr, xatircәm ol, necә vermisәn elәcә dә qaytaracağam.”
Bir qәdәr müxtәlif söhbәtlәrdәn sonra qonaqlar durub getmәk istәdilәr.
Mirzә Abbas dedi:
“Birisi gün axşam Hacı Möhsün ağa ilә Hacı ... ağa bizim evә tәşrif gәtirәcәklәr. Xahiş edirәm siz dә gәlәsiniz. Bir qәdәr oturub söhbәt elәrik.”
Mәn Mirzә Abbasın dәvәtini qәbul elәdim. Onlar getdilәr. Yola salıb qayıtdım, astanadan baxıb gördüm Haciyә xanımı yuxu aparıb, oturduğu yerdәcә yuxuya gedibdir. Deyәsәn İbrahim bәy dә yatmışdı. Lakin Mәhbubә oturub İbrahim bәyi qoruyurdu. Mәn dә öz otağıma qayıdıb yatdım.
Sәhәr yuxudan durdum. İki rükәt namaz qılıb tәqibatından sonra gedib gördüm Haciyә xanım Sәkinәnin otağında namaz qılır. Qayıdıb İbrahim bәyin otağına gәldim. Mәhbubә xәstәnin yasdığının yanında әylәşmişdi. İbrahim bәyin kefini soruşdum.
“Axşamdan yatmışdır,” -- dedi.
Dedim:
“Siz necә?”
“Mәnim yuxum gәlmir,” -- dedi.
“Gecә yuxusuzluğu yaxşı deyil,” -- dedim.
“Nә elәyim, yuxulamaq ki, mәnim әlimdә deyil,” -- dedi.
“Bir şey yedi?”
“Bәli, süd verdim, allaha şükür, çox içdi.”
“Nә әcәb?”
“Bibi ağladı, dedi mәn әgәr belә bilsәydim qoymazdım İrana gedәsәn.”
Bu vaxt ağa dedi: "Ya hәqq, ya mәdәd!"
“Bәs sәn nә yemisәn,” -- deyә soruşdum.
“Bibim çilov gәtirdi. Sәkinә xanımla yedik.”
Dedim:
“Mәhbubә xanım, Sәkinә xanıma de ki, iki-üç dәnә yaxşı kotlet bişirib gәtirsin, götür әlindә tut de ki: "Bibi möhtәrәm cәnabdır, onun xatirinә ye". "Möhtәrәm cәnab" adını eşidәn kimi, әlbәttә, rәdd etmәyәcәk, yeyәcәkdir.”
Mәhbubә soruşdu:
“Möhtәrәm cәnab kimdir? Kişidir, ya qadın?”
Dedim:
“Ürәyini sıxma, kişidir. Böyük simalardan biridir. İran dövlәtinin mәsul işçilәrindәndir. Ona dәrin mәhәbbәti vә inamı vardır.”
Mәhbubә dedi:
“Yusif әmi, sәn alim adamsan, bibiyә möhtәrәm yox, möhtәrәmә demәk lazımdır.”
Dedim:
“Balaca xanım, belә bir mәqamda bağışlamaq olar. Hәr bir hiylә vә tәdbirlә olur-olsun xәstәni yedirmәk lazımdır. Daha burada lәfzin vә ya söz birlәşmәsinin doğru-yanlış olmasının heç bir eybi yoxdur.”
Mәhbubә xanımın әsas mәqsәdi möhtәrәm cәnabın kişi vә ya qadın olmasını iç elәmәk idi. Hәrçәnd ki, mәnә irad tutmaqda haqlı idi. Ancaq bunu bilmәk istәyirdi ki, rәqibәsi var, ya yox? Lakin mәn özümü bilmәmәzliyә vurdum. Atların arpa-samanına, tumarına baş çәkmәk üçün tövlәyә tәrәf getdim. Nazirdәn haqq-hesab almalıyam. Doğrudur o, mәrhum Hacının vә İbrahim bәyin inanılmış adamıdır. Bununla belә ortalıqda hesab olmalıdır.
Bağçada idim, Hacı Mәsud hәkim Saleh әfәndinin gәldiyini xәbәr verdi.
Dedim:
“De gәlsin bağçaya.”
Hәkim gәldi, xәstәnin halını soruşdu, dedim:
“Bu gecә yaxşı yatıbdır. Dünәn bir az südlü aş yedi. Tapşırmışam bu gün kotlet bişirsinlәr, ziyan elәmәz ki?”
“Heç bir zәrәri yoxdur,” -- dedi. -- “Hәr nә meyli çәkir, qoy yesin, eybi yoxdur. Haciyә xanım haradadır?”
“İbrahim bәyin yanındadır,” -- dedim.
“Çağırın gәlsin, onunla mәslәhәtlәşmәk istәyirәm,” -- dedi.
Hacı Mәsud gedib xәbәr verdi. Haciyә xanım gәldi. Keçib otaqda, әylәşdik. Hәkim xәstәnin kefini Haciya xanımdan da soruşdu. Haciyә xanım dedi:
“Yaxşıdır әfәndi. Amma yaxşıdır deyәndә nә danışır, nә dә tәrpәnir, әgәr belә getsә, bilmirәm hansı külü başıma әlәyәcәyәm?”
Saleh әfәndi dedi:
“Sәbrdәn başqa çarәmiz yoxdur. İnşaallah, o yeganә hәkim öz lütfünün dәrmanxanasından tezliklә şәfa, kәramәt buyuracaqdır. Tәbiәt öz-özlüyündә mәrәzi uzaqlaşdırır, xәstәni sağaltmaq istәyir. Siz ancaq nә kimi tәdbirlә olur-olsun ona bir şey yedirmәyә çalışın. Qoymayın mәdәsi boş qalsın. Genә dә o şәrbәtdәn yazım, südsüz verin içsin. Bu gün Şeyx Yusifül-Seyyid mәni gördü, dedi ki, müsyö Volf deyibdir ki, xәstәnin başını qatışdırmaq lazımdır. Mәncә mәslәhәtdir. Әgәr faydası olmasa da, yәqin ki, zәrәri dә olmayacaqdır. İzin versәniz göndәrәrәm dәllәk gәlib başını ülgüclә qaşıyar.”
Haciyә xanım dedi:
“Saleh әfәndi, mәn oğlumun sağalmasını, yaxşılaşmasını istәyirәm, sizin işinizә qarışa bilmәrәm. Onu hәr hansı bir vasitә ilә sağalda bilsәniz, mәn sizdәn razı qalacağam.”
Göndәrdik dәllәk çağırdılar. Xәstәnin otağına getdik. Sәssiz-sәmirsiz uzanmışdı. Yazıq Mәhbubә onun başı üstündә oturmuşdu. Dördüncü gecә idi ki, onun gözünә yuxu getmәmişdi. Bizi görәn kimi ayağa durub tәzim edәrәk hәkimә salam verdi. Hәkim onu xәstәyә pәrәstar tәyin etdiyinә görә sanki öz tәşәkkürünü bildirirdi. Hәkim Mәhbubәdәn xәstәnin halını soruşdu. Mәhbubә dedi:
“Bütün gecәni yatıbdır.”
Hәkim soruşdu:
“Bu gün bir şey yemәyibdirmi?”
“Bәli, döyülmüş әt, bir dәnә kotlet yeyibdir.”
Mәn dedim:
“Necә oldu ki, yedi?”
Mәhbubә cavab verdi:
“Әvvәlcә yemәk istәmәdi. Sizin buyurduğunuz tәdbiri işә saldım, yedi.”
Hәkim soruşdu:
“O nә tәdbir idi?”
Dedim:
“Bәy ağanın ancaq iki şeydәn xoşu gәlir. Yuxuda olsa da, bayılsa da, onlardan birinin adını eşidәn kimi "Ya hәqq, ya mәdәd!" -- deyәcәk. Hәr nә xahiş elәsәn müzayiqәsiz qәbul edәcәkdir. Onlardan biri İran adıdır, o biri isә "möhtәrәm cәnab"dır.
Bu hindә xәstә gözlәrini açıb dedi: "Ya hәqq, ya mәdәd!"
Saleh әfәndi dedi:
“Bәli, tәbiәt elmindә bu mәsәlәni yazmışlar. Müsyö italyan da bu haqda bir şәrh yazıb göstәrmişdir ki, guya bu vәziyyәtdә insanın üzvlәri vә әsәblәri o sözlәri zikr etmәyә mәşğul olur.”
Xülasә, dәllәk gәldi, Mәhbubә dәllәyi görәn kimi dәhşәtlә dillәndi:
“Aman, dәllәk nә üçün gәldi?”
“Bәyin başını qırxmaq üçün gәlibdir,” -- dedim.
Mәhbubә ağladı. İbrahim bәyin başını qırxdırmağa razı olmadı. Hәkim dedi:
“Balaca xanım, bir az sakit olun! Bunun heç bir zәrәri yoxdur. Yalnız xәstәnin xeyrinә, onun sağalmasına görә edirik. Siz buyurun tәşrif aparın öz otağınıza.”
Mәn durub Mәhbubәni bir qәdәr sakitlәşdirdim, aparıb otağına yola saldım. Sәkinә ilә Haciyә xanım dayanıb baxırdılar. Hacı Mәsud gәlib xәstә ilә üz-üzә oturdu. Başını qaldırıb әlilә saxladı. Dәllәk işә başladı. Yazıq xәstә mәzlum-mәzlum baxırdı. Mәhbubә gәlib qapının dalından baxıb dedi:
“Heç olmasa maşınla vurun, xәstәni incitmәyin.”
Hәkim dedi:
“Mirzә Yusif, onu aparın öz otağına, qoymayın baxsın.”
Mәn gәlib Mәhbubәyә dedim:
“Balaca xanım, allaha şükür ki, siz ağıllı, kamallı qızsınız. Xәstәnin müalicәsi barәdә hәkimlә mübahisә etmәk düzgün deyil. Nә üçün bu qәdәr üz vurursunuz? Qoy hәkim necә bilir, elә dә elәsin. Gәl gedәk.”
Әlqәrәz, dәllәk xәstәnin başını qaşıyıb qurtardı. Fitәyә yığdığı tüklәri gәtirib hәyәtә atmaq istәdi. Mәhbubә tәlәsik qalxıb dәllәyin yanına qaçdı. Bir dәsmal tutub yavaşca dedi:
“Tüklәri dәsmala boşalt!”
Saleh әfәndi içmәli dәrman nüsxәsi yazıb getmәk istәdi. Mәhbübә hәkimin yanına gәldi. Mәn elә bildim ki, ona tәşәkkür etmәk vә ya hәkimlә görüşüb yola salmaq üçün gәlibdir. Lakin sonra mәlum oldu ki, mәtlәb başqa imiş.
Hәkim getdi. Axşam yenidәn gәldi. Mәn elә xәyal etdim ki, xәstәyә başqa bir dәrman vermәk üçün gәlibdir. O, salam-duadan sonra dedi:
“Xahiş elәyirәm Haciyә xanım kabinetә tәşrif gәtirsin.”
Haciyә xanıma xәbәr verdik, gәldi. Hәkim dedi:
“Haciyә xanım, mәn bu gün sizdәn gedәndә Mәhbubә xanım mәnim yanıma gәldi, elә bildim mәni yola salmaq istәyir. Çadrasının altından bir kiçik qutu çıxarıb dedi: "Bu hәdiyyәni öz qızınıza verәrsiniz". Mәn dedim bәs şirnidir, İbrahim bәy Tәbrizdәn gәtiribdir. Alıb apardım evә. Qutunu açıb gördüm yanılmışam. Tez qayıdıb sizә xәbәr vermәk istәdim. Mәhbubә o fәrasәti vә zәkavәti ilә başını itiribdir. Әgәr әrәb falçıları vә qibqi xәspuşları onun halından xәbәrdar olsalar, bu quşu havadan, balığı dәnizdәn oğurlarlar. Mahir ovçular onun yanına adam göndәrib deyәcәklәr ki, bu xәstәyә dәrman yox, dua yazmaq lazımdır. Bir neçә gün әrzindә ağac altında zәfәr toxunduran әcinnә vә pәrilәri tutub hoqqaya salacaq, cinlәr padşahını da gәtirib, ondan әhd-peyman alıb, and-aman elәyәcәklәr ki, bir daha bu xәstәnin dövrәsinә dolanmasınlar. Bu yazıq da sevgi vә mәhәbbәtin şiddәtindәn o ev yıxan şarlatanların felinә uyacaq, öz kisәsindә olan pulları onlara vermәkdәn әlavә, ola bilsin evә dә әl atacaq. İndi o yazığın gözünә İbrahim bәyin eşqi vә mәhәbbәtindәn başqa bir şey görünmәyir. Onun gözündә dünya malının heç bir qiymәti yoxdur. Tәki sevgilisi sağalsın.”
Hәkim qutunu cibindәn çıxarıb açdı. Qutunun içindә on sәkkiz lirә qiymәti olan bir üzük, otuz iki lirә qiymәti olan bir döş nişanı, on lirәlik mirvari şәddәsi vә beş Misir lirәsi var idi.
"Eşq gәldi, bütün alәmә od vurdu."
Sevgilinin mәhәbbәti müqabilindә dünya naz vә nemәti gözә görünmәz. Mәhbubә xanım әrәb dilindә bir mәktub da yazmışdı. Onun tәrcümәsini sizә oxuyuram: Sizin bu kәniziniz cәsarәt elәyib son dәrәcә bir xәcalәtlә bu cüzi hәdiyyәni cәnabınızın sevimli kiçik qızına tәqdim edir. Bu әhәmiyyәtsiz hәdiyyәnin o böyük zat tәrәfindәn qәbulunu tәmәnna etmәklә xahiş edirәm mәnim ağamın tez sağalması üçün әlinizdәn gәlәn sәy vә hümmәti әsirgәmәyәsiniz. Ümid edirәm ki, sizin bu yaxşılığınız allah vә onun bәndәlәri yanında әcrsiz qalmayacaq. İnşaallah, ağam sağalandan sonra sizin bu aciz kәniziniz әlinizi öpәcәk vә layiqincә xidmәt göstәrәcәkdir. Mәn öz ağamın sağalmasını allahın kömәyi ilә sizdәn istәyirәm. Fәqir vә aciz Mәhbubә.”
Hәkim dedi:
“Hәkimin birinci borcu әmanәt vә dәyanәtdir. Çünki hәkim daxil olduğu evin bütün ailә üzvlәrinin mәhrәmi sayılır. Tәbabәt xәyanәtlә bir ayana sığmaz. Mәn uzun illәr boyu sizdәn mәvacib alıram, siz heç vaxt mәnim zәhmәt haqqımı gecikdirmәmisiniz. Mәn dә üzәrimә düşәn vәzifәnin yerinә yetirilmәsindә әlimdәn gәlәni elәmişәm. İndi әgәr Balaca xanımın mәnә verdiyi hәdiyyәsini saxlayıb, bu mәsәlәni sizә demәsә idim, onda, әlbәttә, öz alnıma xәyanәt damğası vurmuş olardım. Sizin ki, bu mәtlәbdәn xәbәriniz yoxdur. Mәn hәkimlәrә verdiyim qәdәmhaqqını vә başqa xәrclәri bircә-bircә yazmışam, sizdәn alacağam. Bu sözlәrdәn qәrәzim sizә xәbәr vermәkdir ki, gözlәyin yad qadınlar evә gәlmәsin, yoxsa qafil olsanız, çoxlu zәrәr çәkәrsiniz. Ancaq bir xahişim var. Rica edirәm bu haqda Balaca xanımla heç bir söz danışmayasınız. Ona görә ki, sizin xәbәrdar olmağınızı bilsә utanar, hәm özü xәstәlәnәr, hәm dә İbrahim bәyin sağalması gecikәr.”
Mәn dedim:
“Bu ikinci hadisәdir. Srağagün Mirzә Abbas dua yazan bir әrәb gәtirmişdi. Onlar gedәndәn sonra gördüm Hacı Mәsud dallarınca qaçır. Sәslәdim, qayıtdı. Soruşdum: hara tәlәsirsәn? Dedi: bu xırda yaylığa Mәhbubә xanım, deyәsәn, bir neçә quruş bağlayıb әrәbә dua pulu vermәk istәyir. Aparıb ona çatdırmalıyam. Yaylığı Hacı Mәsuddan alıb dedim: Onun zәhmәt haqqını Mirzә Abbas veribdir. Balaca xanıma de ki, aparıb verdim. Bir dә Mәhbubә hәr vaxt birinә bir şey vermәk istәsә, ya Haciyә xanıma, ya da mәnә xәbәr ver, sonra necә desәlәr elә dә elә.
Dәsmalı açıb nә görsәm yaxşıdır? Gördüm mәrhüm Hacının Mәhbubәyә bağışladığı brilyant üzük, bir dә bir az puldur. Haciyә xanım, amanın günüdür, bu qızı tәk qoymayın. İki-üç qonşu qızlarından başqa heç bir yad adamı onun yanına buraxmayın.”
Hәkim Saleh bir stәkan qәhvә içib getdi. Axşam oldu. Gördüm iki qadın küçә qapısından hәyәtә girdi. Hacı Mәsuddan soruşdum:
“Bu qonaqlar kimdir?”
“Qonşulardır,” -- dedi.
Dedim:
“Yad qadınları Mәhbubәnin yanına buraxmayasan.”
İbrahim bәyin otağına girdim. Haciyә xanım, Mәhbubә vә Sәkinә onun yanında oturmuşdular. O qadınların kim olduğunu vә haraya getdiklәrini soruşdum.
Sәkinә dedi:
“Mәhbubәnin otağına gedirlәr, onun tanışlarındandırlar.”
Dedim:
“Nә üçün onları tәk buraxmısınız?”
Sәkinә dedi:
“Onun dostlarıdırlar. Mәnә nә, Mәhbubәnin özü dә getmir.”
Dedim:
“Balaca xanım, onlar sizi görmәyә gәlmişlәr. Onları tәk qoysanız yaxşı olmaz.”
Haciyә xanım buyurdu:
“Ay qız, sәnә dedim dur ayağa, get!”
Mәhbubә tam könülsüzlüklә yerindәn durub getdi. Mәn dә onun ardınca getdim. Qapının dalından gördüm biri Rәfiqәdir, o birisi qonşu qızlardandır. Oturub söhbәt elәyirdilәr.
Rәfiqә dedi:
“Mәhbubә, bu nә haldır? Nә üçün belә arıqlayıb, zәiflәmisәn? Rәng-rufun niyә belә qaçıbdır? Mәnim әziz bacım, mәgәr dәli olmusan ki, özünü bu günә salmısan? O dünya şöhrәti qazanmış gül üzün saralıb solmuşdur. Mәgәr aynaya baxmırsan? Nә üçün özünә yazığın gәlmir? Әrәb qadınlarının evlәrdә sәndәn qeybәt elәmәkdәn başqa bir işlәri yoxdur. Çox keçmәz ki, sәnin әhvalatın "Leyli-Mәcnun", "Vamiq vә Әzra" dastanı kimi dillәrә düşәr, mahnılar qoşulub mәclislәrdә tar-qavalla oxunar. Sәn özün bilirsәn ki, Misir ağzıyavaları heç nәdәn çәkinmәzlәr. Sәnin şan-şöhrәtinә yaraşmaz ki, camaatın dilinә düşәsәn. Özünü, öz tay-tuşlarını biabır elәmәk sәnә yaraşmaz. Bu işin aqibәti yaxşı deyil. Rüsvayçılıqla nәticәlәnәr. Bu xam xәyallardan әl çәk, onları birdәfәlik tulla bir tәrәfә. Dünәn gecә ... xanımgildә idim. Qızlar yığıncaq tәşkil elәmişdilәr, hәrәsi sәndәn özünә layiq bir lәtifә danışırdı. Dostluq, bacılıq qeyrәti coşdu, sәbrim tükәndi, hamısının bircә-bircә, necә ki, lazımdı, cavabını verib qeyzlә ayağa durdum. O әdәbsiz ... xanım mәnә dedi:
"Qorxma, sәn özün dә o cici-bacıdan geridә qalmayacaqsan, hәlә bәlkә onu yarı yolda qoyacaqsan. Ona görә ki, bir mәktәbdә oxuyub dәrs almısınız, roman әlinizdәn heç vaxt yerә düşmür. Hәlә pis-pis dә başqalarına rişxәnd elәyib deyirsiniz: biz oxumuşuq, mәdәni adamıq. Daha bilmirsiniz ki, sizin elminiz, mәdәniyyәtiniz başınıza nәlәr açacaq, tәpәnizә hansı küllәri әlәyәcәk. Roman oxumağın son nәticәsi eşqbazlıqdır. Eşqә düçar olan da sevda odunda yanmalıdır. Çox çәkmәz görәrik qәzetlәrdә yazıblar ki, filan xanım eşq ordusunun hücumuna dözә bilmәyib özünü öldürdü." Mәnim әziz bacım, elәmә, elәmә! Sonrakı peşimançılığın faydası yoxdur.”
Bu sözlәr Mәhbubәyә çox pis tәsir elәdi. O, hirsindәn qıvrılıb dedi:
“Әziz bacım, mәn sәnin bacılığına, vәfalı dostluğuna möhkәm inanıram. Doğrudan da, belәdirsә, mәnim haqqımda deyilәnlәr doğrudursa, daha mәzәmmәt elәmәk, lağa qoymaq, ürәyә dәymәk nә lazımdır? Sәnin bu ürәyә toxunan şәmatәtli sözlәrinin hәr biri mәnim sınıq könlümü, kәdәrli ruhumu әqrәb tikanından bәtәr ağrıdır. Elә mәnim dәrdim guya çox az idi, indi bir az da sәn üstünә artırırsan. Mәndәn hansı bir xәta baş vermiş, ya kimә pislik elәmişәm? Hansı yaramaz işi görmüşәm ki, onun rüsvayçılığı, biabırçılığı sәnin dә ayağını tutsun? Әziz bacım, sәninlә bir mәktәbdә dәrs oxumaqdan başqa bizim aramızda nә kimi әlaqә vә ya münasibәt olmuşdur? Axı mәndәn şәriәtә vә ya әxlaqa zidd hansı iş baş vermişdir? Kimin evinә getmişәm, kimi evimә gәtirmişәm? Duz-çörәk tanımaq, hörmәt saxlamaq mәgәr insan üçün eyib sayılır? Mәn öz ağamı, boynumda nemәt haqqı olanı ölüm halında görüb ixtiyarsız olaraq çadrasız qarşılamışam, daha nә bilәydim ki, bununla rüsvay olacağam, hәm dә özgәlәrini rüsvay elәyәcәyәm? Bunun üstündә әdәbsiz, alçaq әrәblәr sәnә dә kinayәli sözlәr deyәcәklәr. Mәnim tәqsirim nәdir? Bütün alәm mәni dә, ... xanımı da tanıyır. İtin ağzı dәnizi murdarlamaz.
Mәn bir qızam -- işim-peşәm hamıya yaxşılıqdır.
Örpәyimin altındadır әrlәrә mәxsus papaq.
Hәr bir arvad iki arşın örtüklә xanım olmaz,
İstәrәm mәn dәrd әhlinin dәrdinә olam ortaq.
Әlbәttә, әgәr o ölsә, mәn özümü öldürәcәyәm. Dünya bilir ki, onun atası mәni qızıla alıbdır. Mәn onun satın alınmış kәniziyәm. O mәnim ağam, nemәt verәnim, hәyat bәxş edәnim, arxamdır. Mәnim intiharımı qәzetlәr yazsalar, mәnim üçün alçaqlıq deyil, şәrәfdir. Ona görә ki, yazacaqlar: filan qızıla alınmış kәniz, öz ağasının, nemәt verәninin, izzәt vә hörmәtinә sәbәb olanının ayrılığına dözә bilmәyib özünü öldürdü. Sәdaqәtli vә vәfalı bir kәniz idi.
Mәnim ismәtimә şahiddir allah,
Mәsum könlüm әsla etmәmiş günah
Xahiş edirәm, daha mәnә nәsihәt vermәyәsәn, mәni bağışla, öz halıma burax.
Yaxşıyam, ya ki, pisәm, sәn yeri öz fikrini çәk,
Özgәnin pis әmәli öhdәnizә düşmәyәcәk.
Mәnimlә dostluq etmәklә sizin ismәtinizin әtәyinә rüsvayçılıq tozu qonursa mәndәn uzaq gәzin, öz yolunuzla gedin, dostluğunuzu birdәfәlik qırın, mәni kökündәn unudun. Yox, әgәr dostluq elәmәk istәyirsinizsә, onda bu kimi nәsihәtlәri, söz-söhbәtlәri büküb bir tәrәfә qoyun. Belә sözlәri qulağım eşitmir.
Ey mәni mәn eylәyәn didari-baği-hüsndәn,
Sәn hәlә qәflәtdәsәn, vaqif deyilsәn eşqdәn.
İndi ixtiyar sizin әlinizdәdir, istәyirsiniz gedin, istәyirsiniz qalın. Bәy yalqızdır, gәrәk gedib ona pәrәstarlıq elәyim.”
Belәliklә, Mәhbubә durub tam qüssә-kәdәrlә әziz qonaqları tәrk etdi. Hirsindәn bütün bәdәni әsirdi. Az sonra ev sahibinin bu rәftarını görәn qızlar da çıxıb getdilәr.
Mәn gedib aşpazdan soruşdum:
“İbrahim bәyin şamı üçün nә hazırlamısan?”
Cavab verdi:
“Firni hazırdır. Ağa üçün bir az da döyülmüş әt ayırmışam.”
Şam vaxtı Haciyә xanıma dedim:
“Gündüzlәr ki, mümkün olmur, izn verin görüşümә gәlәnlәrin mәn dә görüşlәrinә gedim.”
Xanım icazә verdi. Bircә saatın içindә dörd nәfәrin görüşünә gedib qayıtdım. Öz otağımda namaz qılıb yatdım. Sәhәr Haciyә xanım buyurdu:
“Bu gün nazirlә bu ayın hesabını çürütmәk lazımdır.”
Doğrusu, mәnim dә heç huşum başımda deyildi. Axşamadәk haqq-hesabla başım qarışıq idi. Gün batana yaxın qurtarıb xanıma dedim:
“Bu gecә Mirzә Abbas mәni qonaq çağırıb, izn versәydiniz gedәrdim.”
Haciyә xanım dedi:
“Onun evi uzaqdadır, piyada getmә, de atı qoşsunlar, faytonla get.”
Dedim:
“Lazım deyil, elektrik tramvayı ilә on dәqiqәyә oraya çataram, atı incitmәyә dәymәz, bir dә ki, atın ayağı yel çәkibdir.”
“Nә üçün,” -- deyә Haciyә xanım soruşdu?
“Bilmirәm,” -- dedim. -- “Faytonçu deyir ki, siz gәlәn gündәn belә olubdur.”
Haciyә xanım dedi:
“Kaş bunların hamısı İbrahim bәyin başının sәdәqәsi olaydı. Mirzә Yusif, bu gün onun başını qırxanda mәnim ciyәrim odlandı. Mәhbubәnin hәsrәtlә ona baxması, göz yaşları axıtması mәni öldürür. Bilmirәm bu işin aqibәti necә olacaq?”
Mәn bir qәdәr Haciyә xanıma tәskinlik verib, evdәn çıxdım. Mәqsәdә doğru hәrәkәt elәdim. Evә çatan kimi kiçik bir otaqda ikindi, şam namazını qılıb, qonaqlar olan otağa keçdim. Hacı Möhsüm ağa, Hacı ... Tәbrizi, Mirzә Xәlil İsfahani vә Hacı Möhsün ağanın kürәkәni vә neçә nәfәr başqa adam gәlib әylәşmişdilәr.
Salam-duadan sonra Hacı ... Tәbrizi zarafatla dedi:
“Hә, Mirzә Yusif, indi dә tәbrizlilәrin qiybәtini elәyirsәn? Bütün bunları İbrahim bәyә xәbәr verәcәyәm.”
Hacı Möhsün ağa dedi:
“Heç xәbәrin yoxdur ki, İbrahim bәyin özü nәlәr yazıbdır? Sizin qardaşınızla qonaqlıqda nә kimi söhbәtlәr elәyibdir? Sizin evinizdә nә deyibdir? Doğrudan da, Ağa Mirzә Yusif, onun yazdıqlarının hamısı hәqiqәtdirmi?”
Dedim:
“Hәlә bәzi mülahizәlәrә görә bir çox mәtlәblәrin üstündәn keçib, onları qәlәmә almayıbdır.”
Hacı Möhsün ağa dedi:
“Yox, nә üçün, yazıbdır. Qәzvindә sәnin şahzadә xanıma tәrsinә tәzim elәdiyini, fәrraşlardan kötәk yemәyini dә yazıbdır. Bu da doğrudur?”
“Bәli, hәqiqәtdir,” -- dedim.
Hacı ... Tәbrizi soruşdu:
“Necә yәni tәrsinә tәzim elәdin. O, hansı şahzadә xanım idi?”
Hacı Möhsün ağa dedi:
“Mirzә Abbas, mәn ölüm, oxu, qoy özü dә qulaq assın.”
Dedim:
“Mәn ki, danmıram, İstambulda özüm onu oxumuşam. Nә artırıb, nә dә әskildibdir. Axı mәnim nә tәqsirim var idi; babalı şahzadә xanımın boynundadır. Şahrudda mәnә öyrәtdilәr ki, gәrәk onların qabağında baş әyәsәn. Qәzvindә hamı üzünü divara çevirdi. Mәn elә zәnn elәdim ki, gәrәk burada da baş әyәm. Kәmali-ehtiramla ikiqat oldum. Bir vaxt gördüm dәyәnәkdir ki, baş-gözümә yağdırırlar.
İbrahim bәyin o günkü vәziyyәtini tәsәvvürә gәtirmәk çәtindir. Qeyzindәn sifәtinin rәngi kömür kimi qaralmışdı. Axı görün nә qәdәr vәhşilikdir, nә dәrәcәdә insanlıq alәmindәn uzaqdır. Mәn qürbәtdә qaldığım әlli il müddәtindә bütün bunları unutmuşdum. İndi düşünürәm ki, bizim yazıq babalarımız Çingiz övladının әlindәn nә kimi müsibәtlәr çәkmiş vә nә kimi bәlalar görmüşlәr.
Siz allah, özünüz insafla deyin, dünәn bazardan keçirdim. Birdәn әfәndimiz Xidiv Abbas paşa at üstündә gәlib keçdi. Mәn dayanıb iltifat vә mehribanlıqla salam verdim. O saat xәyalımda Şahrud hakimi canlandı. Öz-özümә dedim: ey kor olmuş, adam üzü görmәmiş, insanlığın lәzzәtini dadmamış, gәl tamaşa elә, bu nәcib, möhtәrәm şәxsin izzәtini, dövlәtini gör, öz malına, iqtidarına da bir nәzәr sal. Hökumәt olmaq istәyәndә tümәni on şahı faizlә sәrrafdan pul borc elәyib rüşvәt, tәarüf vermisәn. Sizlәr mәqamdan düşәndә qәssabın, baqqalın, әllafın borcunu da verә bilmirsiniz. Aciz-avaranın ciyәr qanı bahasına aldığınız atı, yaraq-әsbabı, hökumәt bәr-bәzәyini satıb, minlәrlә mәzlümun haqqı boynunuzda ikәn, gecә ilә baş götürüb qaçırsınız. İndi gәlin öz biçarә rәiyyәtinizin vәziyyәtini bu şövkәti yüksәk dövlәtin bәxtiyar rәiyyәtinin vәziyyәti ilә müqayisә elәyin. Sizin yazıq rәiyyәt sizi görәn kimi bәdәni әsir, sanki yırtıcı bir heyvana rast gәlibdir. Amma bu xoşbәxt rәiyyәt öz hakiminin üzünü gördükdә sevinir vә ixtiyarsız olaraq yaşasın söylәyir.
davamı