-Şəmistan bəy, «Güllələnmiş generallar» kitabı necə meydana gəldi?
- Düzü, hələ sovet dönəmində müxtəlif arxivlərdə çalışmış və Azərbaycan generallarının adına rast gəlmişdim. Daha geniş məlumat toplamaq mümkün deyildi-qapalı arxivlərdə, o sıradan o dövrün təhlükəsizlik xidmətlərinin arxivlərində çalışmaq yasaq sayılırdı. Sözügedən generalların adını, sayını və ölüm tarixini dəqiqləşdirmək də, sadəcə, təhlükəli təşəbbüs idi. «Perestroyka»dan sonra bəzi kitab və televerilişlər hazırlaya bilsəm də, «Güllələnmiş generallar»dan ətraflı söz açmaq mümkün olmadı. Yalnız müstəqillik dövründə dərinləşdirdiyim axtarışlar öz bəhrəsini verdi və ötən ilin bitə-bitində sözügedən kitab meydana gəldi.
-Generallar gülləyə düzülürsə, o zaman adi adamlardan danışmağa dəyməz ki, deyəsən, adi adamların hesabını aparan da olmayıb?
-Əlbəttə, olmayıb. İnandırım sizi ki, bəlkə də yarım milyon adi insan güllələnib. Gəmilərə doldurub Bulla adasına aparıblar və ac-susuz orada tənhalığa tərk edərək geri dönüblər. Dəhşəti təsəvvür edirsinizmi? Təsəvvür edirsinizmi ki, dənizin ortasında pal-paltarsız, azuqəsiz, daldalanacaqsız qalmış insanlar necə amansız ölümün caynağına keçmişdilər? Bolşeviklər, rusların yeni imperiyası sözdə barışdan, ədalətdən, ümumbəşəri ideallardan bəhs edir, amma gerçəklikdə insanları kütləvi və ağlagəlməz ölümə məhkum edirdilər...
- Sizcə, demokratiya dəyərləri, məsələn, insan hüquq və azadlıqları, o sıradan adamların yaşamaq hüququ güllələnmiş hərbçilərdən ötrü nə qədər önəmli idi?
- Çox önəmli idi. Bir misal: General Murad Gəray bəy Tlexas 1920-ci il mayın 29-da güllələnmişdi. Milliyyətcə çərkəz olan bu general Port Artur qəhrəmanlarından olub və «Müqəddəs Georgi» ordeninə layiq görülüb. 1918-ci ilin payızından Azərbaycana gəlib. General Şıxlinski onun təyinatını dəstəkləyib. Bolşeviklərin «Ali İnqilab Tribunalı»na verdiyi ifadəyə baxın: «...Rus-yapon və alman cəbhəsində olmuşam. Heç vaxt müharibədə bir-birimizin üstünə bağıranda da, silahı tullayanda da silahı təhvil verənlərlə (əsirlərlə) sonuncu tikəmi və qəndimi bölüşmüşəm...Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim? – o zaman cavab verərdim ki, ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyənlər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim – milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi...»
-Necə düşünürsünüz, bu generalları gülləyə düzməsəydilər, onlar bir başqasını öldürmək üçün «atəş!» əmrini verməzdilər, yəni?
- Qətiyyən yox. Onlar hüquqa sayqılı, yüksək təhsilli və əsl peşəkarlar olublar. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət edən 69 generalın 67-i güllələnib və yalnız general Mehmandarovla general Şıxlinski şəxsən Nəriman Nərimanovun dəfələrlə müdaxiləsi hesabına və təcili Moskvaya göndərildiklərinə görə, sağ qalıblar. Dinc insanları alçaltmaq, onlara atəş açmaq, qanundankənar davranışlara yol vermək onların ağlına da gəlməyib. Liberal-demokratik dəyərlər həmin generallara çox doğma olub. Təsəvvür edin ki, general Mehmandarovu yaxından tanıdığı, onun döyüşçü məziyyətlərinə dərindən bələd olduğu üçün general Denikin Azərbaycana hücum etməyə özündə cəsarət tapmayıb.
-Sovet bolşevik reallığına baxanda, adama elə gəlir ki, kommunist-bolşevik rəhbərlər peşəkarlardan qorxurdular. İstər peşəkar hərbçi olsun, istər universitet professoru, istər pilot, yaxud mühəndis. Yanlış qənaət deyil, Şəmistan bəy?
- Doğru qənaətdir. 11-ci ordu ac-yalavac oğru-quldur-yolkəsən-soyğunçu dəstəsi idi. Əsasən, Volqaboyunun ac kəndlilərindən və müsəlman türklərin qanına susamış daşnak zabit elementlərindən formalaşdırılmışdı. Nimdaş, cır-cındır geyimdə gələn (yeri gəlmişkən, sayları azaldılıb 50-55 min nəfər göstərilir, amma sənədlər göstərir ki, əslində 110 min nəfərə yaxın olublar) bu silahlı quldurlar rastına çıxan əliyalın insanları gülləyə düzür, qadınları soyur, uşaqlara belə aman vermirdilər. Bu ordunun istilası və ilk qırmızı terror dalğası böyük əksəriyyəti ziyalılardan və o cümlədən yüksək peşəkar general-zabit heyətindən ibarət 48 min insanın yaşamına son qoymuşdu. Vəliəhd Abbas Mirzənin 4 oğlu – 4 general canını Azərbaycan vətənlərinin azadlığı uğrunda fəda etmişdi. Xalq rus-bolşevik ağalığını rədd etmişdi. Gəncə, Şəmkir, Zaqatala, Şəki, Lənkəran və digər bölgələrdə bir-birinin ardınca baş qaldıran qiyamlar buna sübut deyilmi?
-«Onları kim güllələdi?» sualının sadə cavabı var? Məsələn, «onları totalitar sistem güllələdi» cavabı nə dərəcədə anlaşıqlı və tutumludur?
- Əlbəttə, onları son dərəcə qəddar və totalitar sistem güllələdi. Amma, konkret adlar da məlumdur: Pankratov ən məşhurlarıdır və şəxsən Lenindən hər cür davranışına haqq qazandıracaq mandat alıbmış. Daşnak-kommunistlərin də adları məlumdur. Başqaları da olub. Qəddarlıq o həddə çatmışdı ki, doktor Nərimanov canilərdən birini – Hacı İlyas soyadlı cəlladı güllələtməyə müvəffəq olub. Araşdırmalar zamanı üzə çıxıbmış ki, milliyyətcə yarıyəhudi -yarıerməni bu qaniçən və psixi xəstə bolşevik öldürdüyü bir Odessa müsəlmanının «Hacı İlyas» soyadını mənimsəyibmiş və hətta istintaq zamanı «hayıf ki, az müsəlman qanı içdim» -deyərək heç bir peşmançılıq çəkmədiyini gizlətməyibmiş. Di gəl, doktor Nərimanov Azərbaycandan gedəndən sonra qırmızı terror yenidən şiddətlənməyə başlayıb. Biz bunları bilməli və totalitarizmin necə ayaq tutduğunu unutmamalıyıq. 67 generalın məxfi qovluqlarda saxlanan adlarının niyə gizlədilməsi də təsadüfi deyil – 2-ci növ millət-qul-kölə yaratmaq üçün. Qırmızı terrorun qurbanlarını, o sıradan general babalarımızı tanımaqla müstəqilliyə, insan hüquq və azadlıqlarına sədaqətimizi göstərir, öncül dünya ilə ayaqlaşmağa can atırıq.