Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Beynəlxalq insan hüquqları təşkilatları BMT Şurasının qərarını pisləyir


Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov
Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov

BMT-nin İnsan Haqları Şurası Özbəkistan və İranda insan haqlarının pozulmasına dair araşdırmanı dayandırmaq qərarını verib. Araşdırmanın dayandırılmasına dair təklifi 5 dövlətin daxil olduğu komissiya verib. Azərbaycan, Banqladeş və Zimbabve araşdırmanın dayandırılmasına, Argentina və Fransa isə davam etdirilməsinə səs veriblər.


«Nə üçün Azərbaycan İranda və Özbəkistanda insan haqları pozuntularını araşdırmasını istəmir?» Bu suala cavab verən Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov «Azadlıq» radiosuna bildirib ki, Şura insan haqlarının pozulması ilə bağlı hər hansı ölkədən edilmiş fərdi şikayətlərə baxır: «Bu prosedura məxfi xarakter daşıdığına görə, hər hansı açıqlama yayılmayıb. Azərbaycan doğurdan da İran və Özbəkistanda insan haqlarının vəziyyəti ilə BMT araşdırmaların dayandırılmasına tərəfdar olub».


Cənab Əmirbəyov deyir ki, İranla bağlı şikayətlərə 2006-cı ilin oktyabr ayında da baxılıb və bu ölkəyə tövsiyə olunub ki, İran hər bir şikayətlə bağlı əlavə məlumatlar versin. «Bu dəfə İran tərəfi məsələ ilə bağlı çox detallı araşdırma aparıb izahat təqdim etdi. Həmin məlumatları nəzərdən keçirəndə aydın oldu ki, şikayətlərin özlərində bir sıra qüsurlar var. Gördük ki, hökumət tərəfindən də əməkdaşlıq etmək üçün siyasi idarə ifadə mövcuddur. Komissiya belə qərara gəldi ki, bir sıra şikayətlərlə bağlı iş dayandırılsın. Bir şikayətlə bağlı isə İran hökuməti əlavə məlumatlar verməlidir».


Özbəkistan məsələsinə gəldikdə isə Azərbaycan nümayəndəliyinin rəhbəri Əndican hadisələrinə münasibət bildirmək istəməyib. Diplomat vurğulayıb ki, söhbət yalnız hər hansı ölkədən gələn fərdi şikayətlərdən gedir.


Azərbaycanın adının Banqladeş və Zimbabve kimi ölkələrlə bir sırada çəkilməsinə gəldikdə isə Elçin Əmirbəyov deyir ki, komissiyanın tərkibi regional prinsip əsasında formalaşıb. Azərbaycan şərqi Avropa ölkələri qrupunu təmsil edir.


Bir sıra beynəlxalq insan hüquqları təşkilatları BMT-nin İnsan Haqları Şurasının bu qərarını pisləyiblər. Beynəlxalq Helsinki Federasiyasının icraçı direktoru Aaron Rods deyir ki, bu qərardan təəccüblənməyə dəyməz, amma, bu həm də onları məyus edib. Ona görə təəccüblənməyə dəyməz ki, Rodsun fikrincə, BMT-nin İnsan Haqları Şurasında regional blokların verdiyi səslər üstünlük təşkil edir: «Bu qərar da o, blokların səyi ilə qəbul edilib ki, onlar insan haqları dəyərlərini yox, siyasi motivləri əsas götürərək hərəkət edirlər. Bu İnsan Haqları Şurasının uğursuzluğudur. Ən dəhşətlisi isə odu ki, İnsan Haqları Şurası Özbəkistan və İranını müdafiə etməli olduğu halda siyasi qrupların əlində alətə çevrilir».


Özbəkistan Hüquq Müdafiəçilərinin Təşəbbüs Qrupunun sədri Surat İkromov araşdırmaların dayandırılmasını tamamilə səhv bir qərar sayır. Cənab İkromov təəssüflənir ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr belə bir qərar qəbul ediblər. O, hesab edir ki, Əndican hadisələri bu ölkələrin hər birində baş verə bilər-yüzlərlə günahsız adamlar ölə bilər və bununla bağlı araşdırmanı dayandırmaq cinayətdir: «Mən Azərbaycanda olmuşam, orda insan haqlarının pozulması halları kifayət qədərdir. Zimbabve və Banqladeş isə insan haqlarının pozulması üzrə siyahılarda «liderlik» edirlər. Bu ölkələrdə Özbəkistanla oxşar diktatura rejimləri var və onların Əndican hadisələrinin araşdırılmasına qarşı çıxması müəyyən mənada təbiidir».


Azərbaycan 2006-cı ildə BMT-nin İnsan Haqları Şurasına üzv seçilib.


XS
SM
MD
LG