Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:46

«Litvinenkonu rus mafiyası zəhərləyə bilərdi»


Luqovoy Litvinenkonun ölümündə Britaniya kəşfiyyatı MI6-nı günahlandırır
Luqovoy Litvinenkonun ölümündə Britaniya kəşfiyyatı MI6-nı günahlandırır

«Mənim üçün bir şey şübhəsizdir, Litvinenkonun zəhərlənməsi Britaniyanın təhlükəsizlik xidmətlərinin nəzarətindən kənarda qala bilməzdi», - bunu Luqovoy: Litvinenkonun ölümündə şübhəli sayılan keçmiş Rusiya kəşfiyyatçısı deyir. O, keçirdiyi mətbuat konfransında Litvinenkonun ölümündə Britaniya kəşfiyyatı MI6-nı günahlandırıb.


O, deyib ki, Litvinenko Britaniya casusu idi. İndi Britaniya Litvinenkonun ölümünü onun boynuna yıxmaqla Luqovoydan qurbanlıq keçi düzəltmək istəyir.


Bəs niyə məhz o? Luqovoyun versiyası budur ki, Litvinenko ona MI6 ilə görüşlərindən çox danışırdı, bu da Britaniya kəşfiyyatının xoşuna gələ bilməzdi. Bundan əlavə Britaniya kəşfiyyatı Luqovoyun prezident Putin və onun ailəsi haqda məxfi məlumatlar toplamasını istəyirdi.


Luqovoyun sözlərini təsdiqləmək üçün əlində kifayət qədər faktların olduğunu bildirib.


Luqovoy deyib ki, Litvinenkonu ya Britaniya kəşfiyyatı, ya Londonda mühacirətdə olan rusiyalı milyardçı Berezovski, ya da Rusiya mafiyası zəhərləyib. Ancaq istənilən halda bu, Britaniya kəşfiyyatının nəzarəti ilə baş verib. O, hətta iddia edir ki, Berezovski də MI6-ya işləyir.


Rəsmi London bu ittihamlar haqda bircə onu bildirib ki, Luqovoyun məsələsi cinayət işdir, kəşfiyyat problemi deyil.


Adı çəkilən Berezovskinin mayın 30-da mətbuat konfransı keçirməsi «Financial Times»ın yazdığı kimi Londonla Moskva arasında hərarəti yüksəldib. O, deyib ki, Moskva Luqovoyu verməsə, London sanksiya tətbiq eləməlidir.


Keçmiş sovet Dövlət Təhlükəsizlik Komitəsinin casusu Litvinenko keçən ilin noyabrında özünü pis hiss edəndə, Britaniya həkimləri onda plutonium 210 radioaktiv maddəsi ilə zəhərlənmə tapdılar. Məlum olub ki, ondan bir gün qabaq Litvinenko barda italiyalı ekspert Skaramella, daha sonra hoteldə iki keçmiş Rusiya kəşfiyyatçısı Luqovoy və Kovtunla görüşüb. Maraqlıdır ki, polis yoxlama aparanda həm barda, həm də hoteldə plutoniumun izini tapıb.


Plutoniumun izi sonradan Skaramellada və Litvinenkonun həyat yoldaşı Marinada da tapılıb.


Kovtunun və Luqovoyun müayinəsini isə Britaniya polisi həyata keçirə bilməyib. Ancaq keçən həftə prokurorluq Litvinenkonu məhz Luqovoy tərəfindən zəhərlənməsi barədə sübutlara malik olduğunu açıqlayıb.


Ötən ilin noyabrında Litvinenko öləndə dostları onun yazdığı məktubu elan elədilər. Litvinenko ölümündə Putini günahlandırıb.


Putin isə fevral ayında baş tutan mətbuat konfransında deyib ki, Litvinenkonu aradan götürməyə Rusiyanın əsası ola bilməzdi. Çünki Litvinenko heç bir dövlət sirri bilmirdi. Ancaq, nəzərə almaq lazımdır ki, Litvinenko Britaniyaya qaçandan sonra Putinin ən qatı tənqidçisi kimi ad çıxarmışdı.


İstənilən halda Britaniya Luqovoyu istəyir, Rusiya isə vermir. Britaniyanın baş naziri Bler isə elan edib ki, Litvinenkonun ölümünün istintaqına heç bir siyasi və diplomatik sədd qoyulmayacaq və Britaniya bu işi axıra çatdırmaq əzmindədir.


XS
SM
MD
LG