Avqustun 10-da Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri HIV/AIDS-lə bağlı qan analizi veriblər.
Bu barədə «Azadlıq» radiosuna Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məlumat verib:
«Tanınmış ictimaiyyət nümayəndələri arasında da elələri var ki, HIV/AIDS-dən qan analizini anonim verməyə üstünlük verir, nəinki KİV nümayəndələrinin gözü qarşısında. Amma biz çoxlarını aksiyaya dəvət etmişik».
Z.Mustafayeva deyir ki, cəmiyyətin tanıdığı insanların bu aksiyada iştirakı əhalini AIDS-dən analiz verməyə həvəsləndirməkdən ötrüdür.
AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyir ki, əhalinin müraciət edəcəyi təqdirdə analizlərin götürülməsində heç bir problem yoxdur. HIV/AIDS-dən qan analizi vermək isə pulsuzdur.
Hazırda Azərbaycanda mindən çox virus daşıyıcısının olduğu bildirilir.