İranda 16 yaşına qədər uşaqların əməyindən istifadə qadağan edilsə də, Qərbi Azərbaycan vilayəti İşçi Evinin sentyabrın sonunda verdiyi rəsmi hesabata görə, təkcə Urmiyə şəhərində 3000-dən çox fəhlə uşaq var.
Qərbi Azərbaycan vilayətinin İşçi Evinin sədri Əli Səhranəvərd Fars xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, az əməkhaqqı verib, daha çox gəlir əldə etmək istəyən sahibkarlar uşaq əməyindən geniş istifadə edirlər. Eyni zamanda bu, yoxsul valideynlər tərəfindən də həyata keçirilir. Belə ki, əmək haqqı vermək imkanı olmayan xırda iş adamları öz övladlarını pulsuz işlədirlər.
Həmin məlumata görə İranın Əmək Nazirliyinin nəzarəti nəticəsində böyük şirkət və zavodlarda bu kimi hallar müşahidə edilmir. Lakin, kiçik karxanalarda uşaq və qadınların əməyi istismar edilir, işçilərə maaş az verilir və əmək sığortası ödənilmir.
Hesabatda deyilir ki, Urmiyə şəhəri və onun ətrafında işə məcbur edilən uşaqların maşın təmiri sexlərində, şüşə emalatxanası, kərpic kürəsi və pinəçi dükanlarında işləyir. Məcburi əməyə cəlb edilən uşaqların çoxu həmçinin təhsil ala bilmirlər.