«Vaşinqton Post» qəzetində çıxan «Bu gün diaspora Ermənistanın özünə yardım etməlidir» sərlövhəli yazıda belə deyilir.
Məqalə müəllifi Fred Hayatt yazır: «Ötən həftə ABŞ-dakı erməni icması siyasi qələbə qazandı: Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi 21 səsə qarşı 27 səslə qətnamə qəbul edib, hökumətdən istəyir ki, 20-ci əsrin əvvəllərində ermənilərin soyqırımı faktını rəsmən tanısın. Ankara israr edir; bəli, o vaxtlar dəhşətli hadisələr baş verib, amma onları soyqırımı ilə eyniləşdirmək olmaz. Vacib müttəfiqi təhqir etmək istəməyən Buş administrasiyası isə qətnamənin qəbuluna yol verməməyə çalışıb».
Fred Hayatt bildirir ki, hər iki münaqişə tərəfi qızğın şəkildə öz mövqeyini müdafiə edir: «Biri tarixi faktlara düz baxmağın necə vacib olduğunu xatırladır, digərləri isə hesab edir ki, bu cür məsələlər siyasi bəyanatlarla həll olunmur. Amma təəssüf doğuran başqa şeydir. Konqres soyqırımına dair səsvermənin nəticələrini insan haqlarının qorunması işində qələbə adlandırsa da, bugünkü Ermənistanın özündə insan haqları ilə bağlı vəziyyət yaxşı deyil».
Müəllif yazır ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda, elə hesab olunurdu ki, demokratiyanın qurulması üçün 15 respublikanın heç birində Ermənistandakı qədər əlverişli şərait yoxdur: «Mənzərəli dağ zirvələri, dərələri və üzümlükləri olan bu ölkə digər respublikaların çoxundan daha aydın milli özünəməxsusluğu ilə seçilirdi. Bu ölkə dövlətçiliyini hələ qədim zamanlarda qazanıb, onun öz dili, ədəbiyyatı və kilsəsi var. Nəhayət, diaspor Yerevanla təkcə peşəkar vərdişləri ilə deyil, həm də demokratiya və vətəndaş cəmiyyəti ənənələrini bölüşməyə hazır idi».
Yazıda deyilir ki, bütün dünya boyu səpələnmiş 10 milyon ermənidən yalnız 3 milyonu tarixi vətənində yaşayır: «İki milyondan çoxu Rusiyada, daha 1,5 milyonu isə Birləşmiş Ştatlarda yaşayır».
Fred Hayattın fikrincə, hər şey yaxşı başlamışdı: «Ölkədə ədalətli seçkilər keçmiş, nəticədə keçmiş dissident dövlət başçısı olmuşdu. Ancaq tezliklə avtoritar tendensiyalar özünü büruzə verməyə başladı. Həmin dissident 1996-cı ildə özünün yenidən seçilməsi üçün səsvermənin nəticələrini saxtalaşdırdı və o vaxtdan bəri ölkə tənəzzül etməyə başladı».
«Freedom House» insan haqları təşkilatının ötən il qeyd etdiyi kimi, «Müstəqillik qazandıqdan sonra Ermənistanda bütün ümummilli seçkilər bu və ya digər dərəcədə bülletenlərin, səsvermə nəticələrinin saxtalaşdırılması və buna bənzər pozuntularla ləkələnib».
Eyni zamanda, müxalifətçi siyasətçiləri həbsxanaya salırlar, etiraz aksiyaları qəddarcasına yatırılır, elektron KİV isə hakimiyyətin nəzarəti altına düşüb.
«Vaşinqton Post»dakı məqalədə bildirilir ki, ümumilikdə, Ermənistanda vəziyyət bəzi keçmiş sovet respublikalarındakından daha yaxşıdır: «Korrupsiya yoluxucu xarakter alsa da, iqtisadiyyatda artım müşahidə olunur. Biznes azadlığının bəzi göstəricilərinə görə, ölkə beynəlxalq reytinqlərdə yüksək yer tutur. Yazda keçirilən parlament seçkiləri əvvəlkilərindən daha ədalətli olub. Hakim oliqarxiya bəzi müxalif partiyalara, QHT-lərə və qeyri-rəsmi qəzetlərə dözümlü yanaşır.
Ancaq Ermənistandakı mövcud şərait keçmiş sovet respublikalarının bəzilərindən, xüsusilə, Latviya, Litva və Estoniyadakından çox fərqlənir. Oralarda da diasporun bir çox nümayəndələri əcdadlarının torpağına qayıdıblar. Onlar yalnız milli dirçəliş deyil, həm də demokratiya və korrupsiyalaşmamış kapitalizmin təntənəsi uğrunda coşğun mübarizə aparırlar».
Bu fərq nə ilə bağlıdır? Məqalə müəllifinin fikrincə, Ermənistanı müstəqilliyinin ilk illərində qonşu Azərbaycanla, onun tərkibində olan erməni anklavı uğrunda müharibə yolundan azdırıb: «Hazırda bu anklava Yerevan nəzarət edir, amma atəşin dayandırılması dinc həllə nəticələnməyib. Nəticədə ABŞ-dakı erməni icmasının iki əsas lobbi təşkilatı diqqəti Yerevanda demokratiyanın möhkəmlənməsindən daha çox, təhlükəsizlik problemlərində cəmləşdirirlər».
Fred Hayatt buna misal kimi Azərbaycana silah verilməsi və yaxud Bakının müttəfiqi Türkiyəyə qarşı fəaliyyəti sadalayır.
Məqalədə deyilir ki, Ermənistanı idarə edənlər vətəndə nə qədər fərdi azadlıqları tapdalasalar da, lobbi qrupların onları həmişə qoruyacaqlarını bilirlər.
«Amerika ermənilərinin hər iki təşkilatının rəhbərləri mənimlə söhbətdə deyiblər ki, onlar bəzən səssiz-küysüz vətənlərində demokratiyanın və vətəndaş cəmiyyətinin bərqərarına yardım etməyə çalışırlar. Şübhəsiz, onların təsiri hədsiz deyil. Amma kaş ki, onlar bu işə Konqresdə soyqırımı qətnaməsinin qəbuluna çalışdıqları kimi, eyni həvəslə yanaşaydılar. Düşünmək çətin deyil ki, onda 3 milyon erməni indikindən daha varlı və azad yaşayardılar...», - deyə Fred Hayatt vurğulayır.