Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun avqustun 17-də verdiyi sərəncamdan sonra Nərimanov rayonu ərazisindəki qəbiristanlığın köçürülməsinə başlanıb. Hazırda bu proses davam edir. Deyirlər, qəbiristanlıq adətən sükut içində olur, ancaq burda belə deyil. Artıq qəbiristanlığın böyük bir hissəsi uçulub dağılmış vəziyyətdədir. Burda texnika işləyir. Yolun bir hissəsi isə artıq çəkilib.
Öz yaxınlarının cəsədlərini Hövsan qəbiristanlığına aparmağa gələnlər narahatdırlar. Qəbiristanlıq adminstrasiyasında onları növbəyə yazırlar. Saat 3-də gələn avtobusla Hövsan qəbiristanlığına gedirlər.
Lara Dmitryevasa deyir ki, texnikanın qəbirləri şumlamasından narahatdır: «Belə vəziyyət camaat üçün psixoloji zərbədir. Biz köklü bakılılarıq. Hələ yaxşı ki, biz burada yaşayırıq. Köçürmədə iştirak edirik. Çox adam var ki, Rusiyaya, xaricə köçüb, onların qohumlarının qəbirləri sahibsiz qalıb».
Olqa Nikolayevnasa Rusiyadan gəlib: «Heç cəsədi tabuta da qoymamışdılar, politilenə bükmüşdülər. Hər şeyi özümüz etdik».
Yaxınları deyirlər ki, ən çox təzə dəfn olunmuş cəsədləri məzardan çıxaranda əziyyət çəkirlər.
Cəsədlərin çıxarılmasına və köçürülməsinə qəbiristanlığın müdiri Kamran Məmmədov rəhbərlik edir: «Cəsədləri sahiblərinin razılığı ilə tabuta qoyub Hövsan qəbiristanlığına göndəririk. Orda da dəfn edirik.
Bu ərazidə yaşayanlar deyirlər ki, eşidiblər ki, ərazi satılacaq, burda binalar tikəcəklər. Qəbiristanlığın müdiri Kamran Məmmədov bunu inkar edir: «Burda ancaq yol olacaq. Binaların tikilməsi layihəsiylə rastlaşmamışam».
Bu yolun nə qədər ərazini əhatə edəcəyi, köçürülmənin nə vaxt sona çatacağı isə hələ məlum deyil. Yalnız o məlumdur ki, ərazidə beş iri küçə salınacaq.