Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Onun qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev isə 9 il müddətinə həbs edildi. Oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, onların hər ikisinin əmlakı müsadirə olunur.
Təqsirləndirilən digər 17 nəfərdən 14-nə şərti azadlıqdan məhrumetmə, qalan üç nəfərə isə 4 ildən 8 ilə qədər həbs cəzası verilib.
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Həmin vaxt onların hər ikisi dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilib.
Sonradan F.Əliyevə Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və rüşvət alma), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə), 192.2.1-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.2-ci ( mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 206.4-cü (qaçaqmalçılıq) ,213-cü (vergi ödəməkdən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 313.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 313.3.3-ci (külli miqdarda rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), qardaşı Rafiq Əliyevə isə 213 (vergi ödəməkdən yayınma) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.
Fərhad və Rafiq Əliyevlərə qarşı dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlanması ilə bağlı elan olunan ittihamlar isə ayrıca icraata götürülüb.