Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məhbəsdə vəziyyəti növbəti dəfə pisləşib. Bu barədə «Gün səhər»ə onun vəkili İsaxan Aşurovdan məlumat verib. Vəkil bildirir ki, yanvarın 23-ü saat 16.20-də sabiq nazirlə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında görüşə gedib. Lakin Fərhad Əliyevin səhhəti pisləşdiyindən görüşə gələ bilməyib. Sabiq nazirin ürəyində kəskin ağrıların başlandığı söylənilib.
«Vəkil qeyd edir ki, Fərhad Əliyev hərəkət etmək iqtidarında olsaydı, mütləq görüşə gələrdi. Aşurov məhbəsdə dünyasını dəyişən Abşeron Rayonlararası Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin sabiq rəisi Arif Aslanovdan sonra daha çox narahat olduğunu qeyd etdi. Sabiq nazirin səhhətinin ciddi narahatlıq doğurması ilə əlaqədar 30-dan çox müraciət ünvanlansa da, hələ ki heç bir ciddi reaksiya yoxdur».
Vəkil deyib ki, Əliyev həbs ediləndən sonra professor Abbasəliyev müəyyən testlər verib və bildirib ki, bu testlərdən keçsə vəziyyəti müəyyən mənada izah etmək olar. Amma sabiq nazir bu testlərdən keçirilməyib. Vəkilin bildirdiyinə görə, müdafiə etdiyi şəxs ürəyindən şikayət etdiyi zaman onun yanına nervopotoloq və terapevt göndərilir. Fərhad Əliyev özü dəfələrlə müraciət etsə də, onu səmərəli şəkildə müayinə etməyiblər.
«Üç nöqtə» Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevə istinadən yazır ki, qiymət artımı davam edəcək.
Komitə sədrinin sözlərinə görə, 2007-ci ildə inflyasiyanın səviyyəsi 2006-cı illə müqayisədə 16,7 faiz artıb. İl ərzində ərzaq məhsulları 16,2, qeyri-ərzaq malları isə 10,5 faiz bahalaşıb. Xidmət haqlarında isə bu göstərici 25,3 faiz təşkil edib. Cari ilin sonunadək inflyasiyanın səviyyəsinin dəqiq proqnozlaşdırılmasının çətin olduğunu bildirən komitə sədri, hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirlərinin bu göstəricinin təxminən 10-13 faiz səviyyəsində gözləndiyini deyib.
Parlamentin vetse-spikeri Bahar Muradova «Yeni Azərbaycan»a müsahibəsində deyib ki, «Avropa Şurası müxalifəti sevindirməyəcək».
«Bəzi təşkilatların «siyasi məhbus» məsələsi üzrə məruzəçi təyin edilməsi üçün Avropa Şurasına müraciət etməsi birinci hal deyil. Bu quruma dəfələrlə belə müraciət edilib ki, Azərbaycan hökuməti bu və ya digər məsələdə qınaq obyektinə çevrilsin. Bu müraciətin hazırlanaraq Avropa Şurasına göndərilməsinin formal tərəfində bəlkə də hansısa hüquqazidd hərəkət tapmaq olmaz. Heç bunu axtarmağa da ehtiyac yoxdur. Çünki bu addım formal cəhətdən hüquqi normalar çərçivəsindədir. Biz Avropa Şurasının üzvüyük və vətəndaşlarımız, o cümlədən, QHT-lər müəyyən məsələlərlə bağlı quruma müraciət edə bilərlər. Ancaq məsələnin mənəvi və siyasi tərəfi ondadır ki, Azərbaycan bundan nə dərəcədə qazanır, xalqımızın mənafeyinə uyğundur, yoxsa yox? Əlbəttə, bu mənada əks fikirlər söyləmək olar».