Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:00

Çox pul güclü ordu demək deyil


Amerika yarım trilyon dolları keçən hərbi xərcləri ilə dünyada liderdir
Amerika yarım trilyon dolları keçən hərbi xərcləri ilə dünyada liderdir

Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi xərcləri ilə bağlı araşdırma aparıb.


Sənədə görə, son 4 ildə Amerika yarım trilyon dolları keçən hərbi xərcləri və 1.5 milyona yaxın ordusuyla dünyada liderdir.


İkinci sırada 70 milyard dollarlıq hərbi büdcəsi və bir milyonu keçən ordusuyla Rusiya qərarlaşıb.


Ordusunun sayına görə, növbəti yerlərdə İran, Türkiyə, İraq kimi ölkələr gəlir. Hərbi xərcləmələrdə isə NATO ölkələri, İsrail və Yaxın Şərq ölkələri daha öndədir.


O ki qaldı Azərbaycan və Ermənistana, hərbi xərclər və canlı qüvvə sayına görə, Azərbaycan ordusu daha üstün görünür. Sənəddə rəsmən Azərbaycan ordusunun sayı 67 min, Ermənistanınkı isə 42 min göstərilir. Hərbi xərcləmələrdə isə Azərbaycan Ermənistanı 3 dəfə üstələyir. Zirehli texnika və təyyarələrin sayı baxımından da Azərbaycan Ermənistandan irəlidədir.


«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, əslində, belə siyahılar əsasında hərbi balansın qorunub-qorunmadığını demək çox çətindir. Çünki hər iki tərəf ordusuyla bağlı real rəqəmləri açıqlamır. İkincisi, Ermənistanın Dağlıq Qarabağda yerləşdirilən hərbi kontingenti heç vaxt bu hesabatlarda qeyd olunmur.


Sümərinli iddia edir ki, Ermənistanın Qarabağdakı hərbi birləşmələri də nəzərə alınanda, bu ölkənin ordusunun sayı haradasa elə Azərbaycanınkına yaxındır. Baxmayaraq ki, əhalisinin sayı Azərbaycandan 5 milyon nəfər azdır. Yəni burda balans pozulur.


Balansın əslində, Ermənistan tərəfindən pozulmasıyla bağlı Azərbaycan rəsmiləri də dəfələrlə açıqlamalar veriblər. Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlu deyir ki, torpaqlar işğaldan qurtarmayınca, Azərbaycan silahlanmanı davam etdirmək niyyətindədir.


O ki qaldı Azərbaycanın hərbi xərclərinin Ermənistanın xərclərindən 3 dəfə üstün olmasına, yerli ekspertlər deyirlər ki, çox pul heç də həmişə daha güclü ordu demək deyil.


İstefada Olan Zabitlər Birliyinin sədri Ələkbər Məmmədov deyir ki, Azərbaycan ordusunun idarəetmə strukturlarında islahatlar aparılmayınca, vəsaitin çoxluğu hərbi cəhətdən heç nəyi dəyişməyəcək.


Azərbaycan bu ilin ortalarında NATO ilə Əməkdaşlıq Planının 2-ci hissəsini imzalamalıdır.


Cəsur Sümərinli deyir ki, hətta Müdafiə nazirinin mülki şəxslə əvəzlənməsi və ordunu Qərb standartlarına uyğunlaşdırmaq üçün bəzi vəzifəli şəxslərin yerdəyişməsi də mümkündür. Amma Cəsur Sümərinli iddia edir ki, əslində, Rusiyanın yardımıyla Ermənistan elə Azərbaycanın aldığı qədər silah ala bilir. Həm də daha müasirlərini.


Yəni ilk baxışdan belə demək olar ki, müxtəlif hesabatlardakı rəqəmlər fərqli olsa da, bu gün Azərbaycanla Ermənistan arasında hərbi balans var. Amma həm yerli, həm də beynəlxalq ekspertlər belə düşünür ki, bu, müvəqqətidir. Çünki neftlə varlanan Azərbaycan hərbi istehsal sənayesinin inkişafı və ordu islahatlarıyla yaxın bir-iki ildə Ermənistanı geridə qoya biləcək. Məhz bu da iki ölkə arasındakı münaqişənin həlli üçün danışıqlarda Azərbaycanın əlinə əlavə imkanlar verəcək.


XS
SM
MD
LG