Amerikalı jurnalist Ron Sinoviç Bakı-Kabul reysindən bir neçə dəfə istifadə edib. Amma elə də razı qalmayıb. İndi bu reyslərin bağlanması haqda xəbərini eşidəndə düşünüb ki, yəqin bu reysdən çox istifadə edən digər xaricilər də onun kimi narazı qaldıqlarından «AZAL» Kabul reysini bağlamalı olub. Sinoviç üzləşdiyi problemlərin təyyarədə 2 saat yarımlıq uçuşun yox - yerüstü xidmətlərin keyfiyyətilə bağlı olduğunu deyir:
«Problem uçuşda yox-əsasən Bakı beynəlxalq aeroportunda idi. Mən hər dəfə Bakı aeroportunda olanda gömrükdə pasportları yoxlayıb-möhür vuran şəxslərin sərnişinlərdən bəxşiş-rüşvət istəməsinin şahidi oldum. Onlar soruşurdular ki, «mən sənin sənədinə möhür vururam, «şirinlik» nə verəcəksən?» Mən orda çoxlu sayda Əfqanıstana gedən hərbçilər və ya orda qulluq edən mülki şəxslər də görürdüm. Onlarım hamısı deyirdilər ki, həmişə bir qayda olaraq aeroporta enən kimi onlardan adi sənədləşmə işlərinə görə «bəxşiş» ya rüşvət istəyirlər».
Sinoviç deyir ki, hətta Əfqanıstana gedən Amerika Maliyyə Nazirliyinin məmurundan da rüşvət istənildiyini öz gözləriylə görüb. Həmin məmur çox əsəbiləşib və Vaşinqtona gedən kimi bu məsələni qaldıracağını deyib. Odu ki, gördüklərini xatırlayan Sinoviç Bakı-Kabul reysinin məhz xidmətdən narazı olan xarici sərnişinlərin başqa reyslərə üstünlük verməsi üzündən bağlandığını güman edir.
«AZAL» konserni sərnişinlərin xidmətin keyfiyyətinin aşağı olması iddialarını təkzib edir. Konserndən bildirirlər ki, əgər kommersiya baxımından sərfəli olmasaydı, həftədə 3 dəfə Bakı-Kabul-Bakı reysini 5 ildir ki işlətməzdilər. «AZAl» bir daha problemin sərnişinlərin və uçuşların təhlükəsizliyi ilə bağlı təminat ala bilməmələriylə bağlı olduğunu vurğulayır.
Kabul hava limanında təhlükəsizlik tədbirlərinin aşağı olması fikirylə elə Sinoviç də razılaşır. Amerikalı jurnalist deyir ki, məsələn Kabuldan Bakıya uçmaq üçün aeroporta gələndə yükləri demək olar ki, yoxlayan olmur:
«Azərbaycan Hava Yollarıyla Kabuldan Bakıya gəlmək istəyəndə baqajları təhvil verirsən və kimsə onları təyyarənin yanına aparır. Sonra hər kəs özü çantasını təyyarəyə yükləyir. Yəni demək olar ki baqajları yoxlayan da olmur».
Bakı-Kabul-Bakı reysi Əfqanıstan paytaxtına yönələn yeganə hava reysi deyildi. Düzdü bu reysdən əsasən Əfqanıstandakı NATO koalisiya qüvvələri, Amerika rəsmiləri və Əfqanıstanın bərpasıyla məşğul olan mülki şəxslər istifadə edirdilər. Bakı-Kabul reysinin önəmi Özbəkistandakı Əndican hadisələrinin ardınca Amerika hərbi bazasının bu ölkədən çıxarılmasından sonra daha da artmışdı. Amma zaman keçdikcə Əfqanıstanda NATO qoşunları və hökumət qüvvələri daha çox əraziləri nəzarətə götürəndən sonra başqa ölkələrdən də Kabula reyslər açıldı. Və indi daha çox Dubay istiqamətindən gedən təyyarələrə üstünlük verilir.
«Azadlıq» radiosunun Əfqan xidmətindən Abbas Said Sami deyir ki, onlar da artıq 4 ilə yaxındır ki, Bakı-Kabul reysinin yerinə Dubay-Kabul reyslərinə üstünlük verirlər. Hərçənd ki, başqa şirkətlər də daha ucuz qiymətə Əfqanıstana hava reysləri təşkil eldirlər, amma, onlar da tez-tez təhlükəsizlik tədbirlərinin zəif olması üzündən bağlanır:
«Əl-Arabiya» adlı şirkətdə reyslər təşkil edirdi. Amma bir dəfə aeroporta atılan raket düz təyyarənin yanında partladı və bundan sonra həmin şirkət Kabula uçuşları dayandırdı. Üstəlik bir çox şirkətlər Kabula uçan təyyarələri və reysləri çox riskli olduğu üçün heç sığorta da etmirlər».
Bakıdan Kabula təyyarələr indiki kimi intensiv olmasa da, 2003-cü ildən başlanıb. 2006-cı ildə bu reyslər Əfqanıstan təhlükəsizliyə təminat vermədiyi üçün bir dəfə dayandırılıb. Oktyabrda yenidən Əfqanıstanın bərpasında iştirak edən işçilərin çoxalması üzündən Kabul reysləri həftədə 3 dəfə olmaqla «TU-154» təyyarəsiylə bərpa edilib. Artıq bu reyslə son təyyarə Kabula uçub. Düzdü «AZAL» bir müddət sonra reyslərin bərpa olunacağını istisna etmir. Amma bundan ötrü hökmən Kabul hava limanında yeni avadanlıqların alınması vacib şərtdir.