Aprelin 14-də konservativ «National Review Online» dərgisi «Middle East Quarterly» jurnalının redaktoru Maykl Rubinin məqaləsini dərc edib. Məqalə «Türkiyənin dönüş nöqtəsi: Türkiyədə İslam inqilabı mümkündürmü?» adlanır.
Müəllif yazır ki, Amerikada çoxlarının adını belə eşitmədiyi Fətullah Gülən Türkiyədə getdikcə populyarlıq qazanmaqdadır. Bir çox Yaxın Şərq ekspertləri və jurnalistlər Fətullah Gülənin tolerant İslam dünyagörüşünü müsbət qiymətləndirirlər. Məhz bu səbəbdən 2003-cü ildə Texas Universiteti onu Martin Lüter Kinq, Mahatma Qandi və Dalay Lama ilə yanaşı sülh qəhrəmanı elan edib. Bu il Corctaun Universiteti daha belə bir tədbir keçirməyi planlaşdırır. Ötən il isə Britaniyanın Lordlar Palatasının üzvləri Fətullah Güləni Londonda keçirilən konfransda təntənə ilə qəbul ediblər.
Daha sonra Maykl Rubin Gülən hərəkatının Qərbdə az işıqlandırılan tərəflərinə toxunaraq yazır ki, hazırda bu hərəkatın nəzarətində bir neçə milyard dollarlıq varidat, o cümlədən universitetlər, lobbilər, tələbə birlikləri, radio və televiziya kanalları və «Zaman» qəzeti var. Hətta Türkiyə rəsmilərinin özləri belə etiraf edirlər ki, bu ölkədə Gülən hərəkatı tərəfdarlarının sayı bir milyondan çoxdur. Fətullahçılar isə bu rəqəmin aysberqin görünən tərəfi olduğunu iddia edirlər. Bu gün fətullahçılar Türkiyə polisi və Daxili İşlər Nazirliyinin şöbələrində dominantlıq təşkil edirlər.
Müəllif Türkiyənin «Cümhuriyyət» qəzetinə istinad edib yazır ki, Fətullah Güləni hələ 1973-cü ildə İzmir Dövlət Təhlükəsizlik Məhkəməsi «dövlət sistemini dağıdaraq dinə əsaslanan dövlət sistemi qurmaqda» ittiham etmişdi. Sonradan əfv olunduğuna görə Gülən həbsxanada yatmasa da, onun hərəkatına dövlət basqıları davam edib.
Belə ki, 1986-cı ildə Türkiyə ordusu hərbi akademiyada Gülənçi dayaq dəstəsini dağıdıb və sonrakı dövrlərdə də Türkiyə ordusu zaman-zaman öz sıralarına yeridildiyini iddia etdiyi fətullahçıları ordu işindən uzaqlaşdırıb.
Türkiyənin «Gündəlik Xəbərlər» dərgisi məhkəmə materiallarına istinad edərək Fətullah Gülənin 1998-ci ildə söylədiklərindən sitatları çap edib ki, burada da Gülən öz tərəfdarlarını səbirlə dövlətə nəzarəti ələ keçirməyə çağırıb. 1999-cu ildə isə Türkiyənin ATV kanalı Gülənin daha bir çıxışını gizlicə lentə köçürərək efirə verib. Həmin lent yazısında Gülən «müsəlmanların vaxtından əvvəl qalxacaqları təqdirdə dünyanın onların başını əzəcəklərini» deyərək öz tərəfdarlarını səbrə və Əlcəzairdəki kimi tələskənliyə yol verməməyə çağırmışdır.
Türkiyə məhkəməsi Güləni dünyəvi sistemi dağıtmağa cəhddə ittiham edərək ona qiyabi hökm oxusa da, Fətullah Gülən yaşadığı yerdən-ABŞ-dan öz fəaliyyətini davam etdirir. Dövlətin dindən ayrı olmasını ateizmlə eyniləşdirən Gülənə Türkiyənin bir çox dünyəvi siyasi xadimləri hücumlar edərək bildirirlər ki, dinin dövlət deyil, şəxsi sferaya aid olduğunu iddia etmək Allahı inkar etməyə bərabər tutula bilməz. Gülən terrorçuluqla da ateizmi bir tərəziyə qoyur və həm ateistlərin, həm də qatillərin cəhənnəmdə yanacağını deyir.
Müəllif yazır ki, 2002-ci ildən Fətullah Gülənə olana hüquqi basqılara AK partinin hakimiyyətə gəlməsi səbəbindən ara verilmişdi. Müəllif qeyd edir ki, Türkiyə qanunlarındakı boşluqlar bu partiyanın seçkilərdə qazandığı 1/3 səsləri parlamentdəki yerlərin 2/3-nə nəzarət etməyə çevirə bilmişdir. Bundan istifadə edən Ərdoğan həm mülki sistemi, həm bank və maliyyə sistemini, həm də ədliyyəni öz adamları ilə doldurub. Onlar siyasi opponentlərin əmlakına əl qoymuş, müstəqil qəzetləri ələ keçirmiş və televiziya kanallarına, o cümlədən ATV-yə nəzarətə nail olmuşlar. 2006-cı il mayın 5-də isə Ankara Cinayət Məhkəməsi Fətullah Gülənə olan ittihamları rədd etmişdir.
Hazırda Gülən Türkiyəyə tezliklə qayıda biləcəyini söyləyir. Müəllif yazır ki, əgər o bunu etsə, Türkiyə 1979-cu ilin Tehranına dönəcək. Rubin qeyd edir ki, Fətullah Gülənin tolerantlığına diqqət yetirən Qərb jurnalistləri onun gizli dayaq dəstələri olan hərəkatı ilə şəffaf dövlət idarəçiliyi arasında olan aşkar ziddiyyətə fikir vermirlər.
İranın keçmiş dini lideri Xomeynini xatırladan müəllif qeyd edir ki, 1978-1979-cu illərdə əksər Qərb yazarları Xomeynin siyasi hakimiyyətə can atmadığına inanırdılar və hakimiyyətə gələcəyi təqdirdə belə onun daha çox sosial islahatlar aparacağına ümid bəsləyirdilər. Müəllif yazır ki, Fətullah Gülən çox ehtiyatlıdır və o Türkiyə respublikasını ləğv etməyi əmr etməyəcək. Amma o sadəcə olaraq bir yerdə oturub fitvalar verməkdə davam edə bilər ki, bununla da Ərdoğanın yalnız formal olaraq sayğı göstərdiyi dünyəvi sistemə bir qədər də zərbələr vurar. Müəllif yazır ki, Xomeyni özü ilə imam sahib-əz Zaman arasında müəyyən paralellər apardığı kimi Fətullah Gülən də öz tərəfdarlarının onun gəlişi ilə Türkiyədə Atatürkün ləğv etdiyi xilafətin bərpa olunacağı iddialarını sükutla qarşılayır.
Müəllif yazır ki, Türkiyədə dünyəvi sistem və konstitusiya heç vaxt indiki kimi zəif olmayıb. Hazırda hökumət hər zamanda olduğundan daha çox televiziya və radio kanallarına nəzarət edir. Ərdoğan jurnalist və siyasi şərhçilərə qarşı ondan əvvəlki baş nazirlərin heç birinin etmədiyi sayda məhkəmə iddiaları qaldırmaqla ad çıxarmışdır.
Müəllif ötən ay Türkiyədə baş verən olaylara aydınlıq gətirərək yazır ki, ədliyyə sistemində Ərdoğan hökumətindən müstəqilliyini qoruyub saxlaya bilmiş bir qrup AKP-çiyə qarşı konstitusiyanı pozmaq ittihamı ilə məhkəmə iddiası qaldıranda Ərdoğan hökuməti bir günün içində bir neçə aparıcı alim və jurnalistləri həbs edərək öz tərəfdarlarını belə təəccübləndirmişdir. Həbs olunanlar arasında «Cümhuriyyət» qəzetinin 80 yaşlı redaktoru İlhan Səlcuq da var. «Hürriyyət»in yazarı Ahmet Hakana isə Fətullah Gülənin qohumu olan Kəmaləddin Gülən zəng vuraraq onu təhdid etmişdir.
Məqalənin sonunda müəllif yazır ki, AKP-nin siyasi opponentlərinə qarşı bu basqıları davam etdikcə Qərb Ərdoğana daha çox dəstək verir. Müəllif yazır ki, hazırda AKP-yə qarşı Türkiyə prokurorluğunun qaldırdığı işə ABŞ-ın rəsmi reaksiya verməsi gözlənilir. Güman edilir ki, dövlət katibi Kondoliza Rays Ərdoğan hökumətinə sətiraltı dəstək verəcək. Müəllif yazır ki, prokurorluğun AKP-yə qarşı təqdim etdiyi məhkəmə iddiası zəif hazırlana bilər, amma bu iddiada əks olunmuş problemlər real məsələləri əks etdirir və indiki məqamda ABŞ ən azı sakit duraraq bu mübarizəyə qarışmamalıdır.