Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:23

«Qaçqınlar arasında göz xəstəliyi kütləvi hal alıb»


Yaponiyalı mütəxəssis Akio Kanai məcburi köçkünün gözünü müayinə edir
Yaponiyalı mütəxəssis Akio Kanai məcburi köçkünün gözünü müayinə edir

- Gözüm görmür. Durduğum yerdə bir gözüm hayıf oldu. Qəfildən. Fizulidən gəlmişəm.


- Qubadlı rayonundanam. Pis görürəm.


- Gözüm görmür. Hamısı əziyyət çəkməkdəndir. Mənim kimilər çoxdur burada.


Sumqayıtda məskunlaşmış Qarabağ qaçqınları iki gündür ki, şəhərin 15-ci məhəlləsindəki yataqxananın qarşısında göz müayinəsi üçün növbəyə durublar.


Bura BMT-nin xətti ilə Yaponiyadan göz müayinəsi üzrə könüllü yardım missiyası gəlib.


Qaçqınlar deyirlər ki, son illər gözlərində kütləvi ağrılar əmələ gəlib və pulları olmadığı üçün buna məhəl qoyan yoxdur.


Füzulidən köçkün düşmüş həkim Məhəmməd dayı deyir ki, qaçqınlar arasında göz xəstəliyi artıq kütləviləşib:


«Hazırda bu, ən geniş yayılmış xəstəlikdir. Əsas da «katarakt» deyilən «mirvari suyu» daha çox yayılıb. Məsələn, mənim işlədiyim kollektivdə bu xəstəlik 5-6 nəfərdə var. Əsasən orqanizminin bir yeri yaralı olanlarda bu xəstəlik tədricən ortaya çıxır. Bundan başqa, qidadan, sudan da yaranır. Ümumilikdə münaqişənin çox böyük təsiri var. Əksəriyyəti bombaların altından çıxıb gəlmiş adamlardır…»


Qaçqınlar arasında göz xəstəliklərinin kütləviləşməsini Yaponiyadan olan optika mütəxəssisi Akio Kanai də təsdiqləyir. Amma deyir ki, bu, qlobal problemdir:


«Bizim missiyamız 1983-cü ildən bir sıra ölkələrdə qaçqınların göz müayinəsi ilə məşğuldur. Taylanddan başlayaraq, müxtəlif ölkələrdə bu cür xəstəliklərə rast gəlmişik. Göz zəifliyi və görməməzlik ən çox sosial və ərzaq təhlükəsizliyindən məhrum olan insanlar arasında yayılıb. Azərbaycanda bu problem aktivləşib. Buna görə də biz BMT-nin agentlikləri ilə birlikdə işləyəcəyik».


Yaponiyalı həkimlər problemin aktuallığını nəzərə alaraq Bakıya özləri ilə 10 mindən çox eynək gətiriblər. Onları müşayiət edən BMT nümayəndələrindən öyrəndim ki, Kanai iki gün ərzində 700-dən çox məcburi köçkünün gözünü müayinə edib və təxminən 60 faizinə eynək paylayıb.


Amma həkim özü deyir ki, bu, təkcə eynəklə həll olunası xəstəlik deyil. Onlar isə problemə qarşı heç nə edə bilməzlər. Əsas kömək dövlətdən gəlməlidir.


Elə qaçqınlar özləri də dövlət qurumlarının onların xəstəliyinə biganəliyindən şikayətçidirlər. Qubadlı qaçqını Mahir deyir ki, üç ildir gözlərində ağrı başlayıb, anasının gözü isə ümumiyyətlə görmür. Bir neçə dəfə həkimə və Nazirlər Kabinetinə müraciət etsə də, məhəl qoyulmayıb:


«Bir qaçqın kimi utanıram ki, nəyə görə biz Afrika ölkələrində olan insanlara bənzəyirik? Nəyə görə elementar ehtiyaclarımızı dövlət həll edə bilmir? Varlı ölkədə yoxsul qaçqın olmamalıdır».


Sumqayıtda 45 minə yaxın köçkün yaşayır.


Ötən il BMT Azərbaycan hökumətini qaçqınların qayıdış planını hazırlamağa çağırıb. Təşkilatın nümayəndəsi Nicat Kərimov deyir ki, münaqişənin həllində siyasi danışıqlarla yanaşı, insan amili də nəzərə alınmalıdır. Çünki torpaqlar qayıdandan sonra orada yaşamaq üçün sağlam insanlar da olmalıdır.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, onlar tezliklə ölkə üzrə qaçqınların kütləvi müayinədən keçirilməsi üçün Səhiyyə Nazirliyi ilə birgə plan hazırlayırlar. Səhiyyə Nazirliyindən isə bu mövzu ilə bağlı suallarımıza heç bir şərh vermədilər.


Bu il ərzində BMT Azərbaycanda cəmi 3500 məcburi köçkünün gözünü müayinə edəcək.


XS
SM
MD
LG