Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:39

«Mənim İlham Əliyevlə dost münasibətim var»


«İnsanları qiymətləndirmək təkəbbür əlamətidir»
«İnsanları qiymətləndirmək təkəbbür əlamətidir»

Avropa Şurasının Baş katibi Terri Devis «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:



- Sizcə, hazırkı vəziyyət ölkədə azad və demokratik seçkilərin keçirilməsinə imkan verirmi?


- Məncə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi mümkündür. Bu, o demək deyil ki, seçkilər hökmən demokratik olacaq, amma bu, mümkündür.


- Bunu deyərkən jurnalistlərin həbsdə olması ilə bağlı məlumatları da nəzərə alırsınızmı?


- Onlar həbsdə olmamalıdır. Mən jurnalistlərin həbsdə olması ilə bağlı narahatlığımı dəfələrlə ifadə etmişəm və bunu açıq demişəm. Sualınız bu idi ki, seçkiləri azad keçirmək mümkündürmü? Mən də deyirəm mümkündür. Amma belə olacaq, ya yox, bu, başqa məsələdir.


- Partiyaların mitinq keçirmək imkanının olmaması, sizcə, seçkilərin nəticələri ilə bağlı rəy yaratmırmı?


- Seçkilər əlbəttə ki, müşahidə olunacaq, həm xaricdən, həm də daxildən olan müşahidəçilər tərəfindən. Avropa Şurasının Parlament Assambleyası bu seçkiləri müşahidə edəcək və bu seçkilərin azad və demokratik keçirildiyi sübuta yetməzsə, mən Parlament Assambleyası tərəfindən çox tənqidi bir hesabatın ortaya çıxacağını gözləyirəm. Mən hadisələrin belə inkişafını gözləmirəm hər halda. Amma yenə də azad və ədalətli seçki keçirmək mümkündür. Amma mən gözləyirəm ki, seçkinin azad və ədalətli keçirilib-keçirilmədiyi barədə xarici müşahidəçilər bizə öz rəyini desinlər. Mən həmin hesabatın seçkilərdən sonra, mənim dekabrda Azərbaycana edəcəyim səfərdən əvvəl hazır olacağını gözləyirəm.


- 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda müzakirələr siyasi məhbuslar, siyasi azadlıqlar, medianın daha azad olması ətrafında gedirdi. Üstündən yeddi ildən artıq vaxt keçib, amma hələ də müzakirə eyni mövzuların ətrafında gedir. Sizcə, Azərbaycan bu islahatların keçirilməsində daha çox əməkdaşlığa meylli olsaydı, indi ölkənin durumu necə olardı?


- Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edir və mən istəməzdim ki, kimsə mənim əməkdaşlıq qıtlığından şikayətləndiyimi düşünsün. Bu, doğru olmazdı. Amma bu da doğrudur ki, Azərbaycanda ifadə azadlığı ilə bağlı ciddi irəliləyişə ehtiyac var. Mən jurnalistlərə təzyiqlərdən və xüsusilə də həbslərdən çox narahatam və bunu dəfələrlə demişəm. İfadə azadlığı olmadan demokratiya mümkün deyil.


- «Freedom House» təşkilatının hesabatlarına baxsaq, Azərbaycan 2002-ci il hesabatında qismən azad, 2007-ci il hesabatında isə tamamilə qeyri-azad ölkə kimi göstərilib. Bir çox hesabatlarda Azərbaycan geriyə gedən ölkə kimi göstərilir. Sizcə, Avropa Şurasında üzvlük niyə Azərbaycana insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaqda yardımçı olmayıb?


- Mən «Freedom House» təşkilatının rəyini tam qəbul etmirəm. Bu da bir rəydir, amma mənim rəyimi müəyyənləşdirmir.


- 2003-cü ildə İlham Əliyevin prezident kampaniyasında əsas pozitiv mesajlardan biri onun Parlament Assambleyasındakı fəaliyyəti, yəni Avropa miqyasında siyasət təcrübəsi ilə bağlı idi. Onun prezidentlik təcrübəsini qiymətləndirərək nə deyə bilərsiniz? İ.Əliyevin digər tərəfləri eşitmək təcrübəsi varmı və onu Avropa siyasətçisi adlandırmaq olarmı?


- Mənim şəxsən fikrim budur ki, İlham Əliyev başqalarını dinləyir. Mənim özümün onunla dəfələrlə müzakirəm olub. Bu, heç də o demək deyil ki, o, eşitdikləri ilə razılaşır. Amma demokratiyada sən eşitdiyin hər şeylə razılaşmalı deyilsən, demokratiya debat, müzakirə, tərəflərə qulaq asmaq və razı olmadığın məqamları dilə gətirmək deməkdir. Mən Avropa Şurasına üzv ölkələrin prezidentlərini qiymətləndirmirəm, onlara qiymət qoymuram. «Freedom House» kimi onları sıralamıram da. İnsanları qiymətləndirmək təkəbbür əlamətidir. Mənim rolum kömək etmək ola bilər. Mən Azərbaycana demokratiya, insan hüquqları və qanunun aliliyinə hörmət olunması istiqamətində kömək etməyin faydalı olmasına inanıram. Avropa Şurasının işi elə budur.


- Bəs Azərbaycanın Şuraya daxil olmasından sonra vəziyyətin pisləşdiyi barədə fikirlər haqda nə deyə bilərsiniz?


- Məncə, bunu qiymətləndirmək mümkün deyil. O zaman da müəyyən tənqid var idi, indi şübhəsiz ki, var. Media azadlığının olmaması ilə bağlı tənqidi fikirlər söyləyənlərdən biri də mənəm, amma vəziyyətin pisləşib, yaxud yaxşılaşdığı barədə bir söz deyə bilmərəm.


- Azərbaycanda seçki qanunvericiliyinə düzəlişlərlə bağlı Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmadı. Sizcə, niyə?


- Tövsiyələr tövsiyələrdir, adamların onları qəbul etmək, ya etməmək haqqı var. Amma mən ümid edirəm ki, Azərbaycan hökuməti Avropa Şurasından və xüsusilə də Avropa Şurasının bir hissəsi olan Venesiya Komissiyasından gələn tənqidlərə ciddi münasibət göstərəcək. Onlar tövsiyələri qəbul etməyəndə mən məyus oluram, amma bu, onların haqqıdır.


- Sizin prezident seçkilərindən gözləntiləriniz nədən ibarətdir. Və bu gözləntiləriniz yerinə yetməsə, nə olacaq?


- Mən xarici müşahidəçilərin Azərbaycandakı seçkilərə daha yaxşı qiymət vermələrini istərdim. Bu qiyməti mən yox, onlar verəcəklər, hadisə yerində olanlar... Mən müşahidəçilərin hesabatlarına çox böyük diqqət ayırıram.


- Sizin gözləntiləriniz yalnız müşahidəçilərlə bağlıdır, ölkə hökumətinin seçkilərlə bağlı fəaliyyətinə dair gözləntiləriniz yoxdu?


- Mən Azərbaycan və onun hökumətindən bu seçkilərin əvvəlkilərdən daha yaxşı qiymətləndirilməsinə nail olmalarını gözləyirəm.


- Bu, baş verməsə?


- Bu, baş verməsə, mən çox məyus olacağam.


- Adətən məyus olanda nə edirsiniz?


- Yaxşı sualdır. Mən təəssüf ki, tez-tez məyus oluram. Mən bu zaman nə edirəm? Mən ölkədə hakimiyyətdə olan qüvvələrlə danışıram və onları vəziyyəti yaxşılaşdırmağa, gələn seçkilərə daha yaxşı hazırlaşmağa çağırıram. Elə məsələlər var ki, onlar seçkilərdən çox-çox əvvəl həll edilməlidir və seçkilərin keyfiyyəti onlardan asılıdır. Məsələn, dəqiq seçici siyahılarının hazırlanması, adamların iki dəfə səs verməsinin qarşısının alınması. Bu baxımdan barmaqların mürəkkəblənməsi vacibdir. Bu, Türkiyədə də baş verib, Azərbaycanda da baş verməlidr. Keçən seçkilərdə bu tətbiq olundu. Bu seçkilərdə də səs vermiş adamların barmaqlarının mürəkkəblənməsi təcrübəsinin tətbiq olunmasının tərəfdarıyıq.


- Müşahidə barədə söz düşmüşkən...Azərbaycanda ötən seçkiləri ən fəal şəkildə müşahidə etmiş qeyri-hökumət təşkilatının qeydiyyatı ləğv olunub, müxalifət liderlərindən birinin pasportu verilmədiyindən xaricə səfər edə bilmir. Sizcə, kifayət qədər imkanınız varmı bütün tərəfləri eşitməyə?


- Məncə, biz kifayət qədər və bütün tərəflərdən məlumat alırıq. Əlbəttə ki, mən insanların azad hərəkət etmələrinin tərəfdarıyam və bu barədə aldığım məlumatlardan narahatam.


- Bir çox partiyalar seçkiləri boykot etmək qərarını veriblər. Onların qərarını necə qiymətləndirirsiniz?


- Bu, onların seçimidir. Amma mən bilmirəm, boykot necə kömək edə bilər? Siz iştirak etmədən seçilə bilməzsiniz. Mən onların mövqeyinə hörmətlə yanaşıram, amma əgər insanlar seçkidə iştirak etmirlərsə, onlar nəticəyə də təsir etmirlər.


- Bəzən belə bir dəlil gətirirlər ki, ölkədə demokratiya ilə bağlı problemlərin bir səbəbi də ərazi bütövlüyünün təmin olunmamasıdır. Sizcə, bu, kifayət qədər tutarlı dəlildirmi?


- Məncə, bunun məsələyə dəxli yoxdur. Dağlıq Qarabağda olan vəziyyət Azərbaycanın azad və ədalətli seçkilər keçirməsinə mane olmur.


- Siz dediniz ki, dekabrda Azərbaycana gələcəksiniz. Azərbaycanda da hər kəs Avropa Şurasının və şəxsən sizin seçkilərə reaksiyanızı gözləyir. Bəzi müxalifət dairələrində sizin İlham Əliyevlə şəxsi dostluğunuz barədə danışırlar...


- Mən bu ittihamları heç eşitməmişəm. Mənə belə şikayətlər daxil olmayıb.


- Əslində bu şikayət də deyil, sadəcə deyirlər ki, siz dostsunuz...


- Mənim İlham Əliyevlə çox dost münasibətim var. Mən onu Parlament Assambleyasından neçə illərdir tanıyıram. Burada heç bir sirr yoxdur. Amma mən bəzən dostlarıma qarşı opponentlərimdən daha sərtəm.


XS
SM
MD
LG