Elmar Hüseynov mükafatı iyulun 17-də jurnalistin doğum günündə təqdim ediləcək. Bu barədə «Turan»a Elmar Hüseynov mükafatı layihəsinin koordinatoru Şahbaz Xuduoğlu bildirib.
Onun sözlərinə görə, mükafatın təqdimat mərasiminin Elmar Hüseynovun qəbri üzərində olması ehtimalı da var:
«Belə ki, mükafatın təqdim olunması üçün hələ də müvafiq yer tapa bilmirik. Müvafiq yer tapılmasa, mükafatın təqdimatı iyulun 17-də saat 15.30-da jurnalistin qəbri üzərində olacaq».
Ş.Xuduoğlunun sözlərinə görə, kiçik qrantlar layihəsində 18 jurnalist iştirak edib. Jurnalistlərin təqdim etdiyi materiallardan 9-u seçilib. Bunlardan 1 qəzet yazısına və 1 teleradio reportajına Elmar Hüseynov mükafatı veiləcək.
Elmar Hüseynov mükafatı ilk dəfədir verilir. Mükafat layihəsini ABŞ Dövlət Departamenti maliyyələşdirir. Hər mükafat 1000 dollardır.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilib. Jurnalisti qətlə yetirənlər hələ də tapılmayıb.