Tərtər rayonun Çaylı, Şıxarx, Qapanlı, Qaradağlı, Əsgipara, Şıxarx kəndlərinə artıq bir aydır ki, çəyirtkə hücumuna məruz qalıb. Rayonun baş aqronomu Natiq Musayev deyir ki, kənd təsərrüfatına, xüsusən də pambıq və taxıl sahələrinə xeyli ziyan dəyib.
Aqronomun sözlərinə görə, taxıl biçildiyindən ziyanı daha çox pambıq sahələri çəkib: «Çəyirtkə rayonun 35-40 hektar pambıq sahəsinə ziyan vurub».
Natiq Musayev bildirir ki, Azərbaycan tərəfindən nə qədər mübarizə aparılsa da, bu istənilən nəticəni vermir. Çünki, Ermənistan ərazilərində çəyirtkəyə qarşı mübarizə aparılmadığından, ziyanvericilər orada çoxalıb, rayonun təsərrüfatlarına hücum edirlər.
Aqronom növbəti il üçün daha böyük təhlükə gözlənildiyini bildirir: «Çəyirtkələr küpə şəklində yumurta qoyurlar, hər küpədə isə 35-50 ədəd yumurta olur. Buna görə də təsəvvür etmək çətin deyil ki, təhlükənin miqyası daha böyük olacaq».