Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Mitinqdə həbs olunan Gözəl Bayramovanın ailəsi sual edir


Gözəl Bayramlı aksiya zamanı
Gözəl Bayramlı aksiya zamanı
«GÖZƏLDƏ NƏ SUÇ, NƏ GÜNAH?»

Bu evdə bir saz asılıb divardan. Bəlkə üç gün, bəlkə beş gün sonra sahibi onu əlinə götürəcək. Hələ ki, bu saz da, bu ev də, evdəkilər də onun yolunu gözləyir. Xüsusən də yaşı 80-ni ötmüş, son günlər əsəbdən, intizardan şəkəri, qan təzyiqi yüksələn Pürrə ana.

Bu sazın sahibi Gözəl Bayramlıdır. İctimai Palatanın Qadınlar Şurasının sədri, AXCP sədrinin müavini.

17 aprel aksiyasına görə, 5 sutka cəza alıb.

«Mediaforum» onu «Məhkum Gözəl» adlandırıb..

Pürrə anasa qızını mitinqdən qabaq da sahə müvəkkilinin axtarıldığını deyir.

«Nə deyim, a bala, başıma gələnə bax... Həm şəkərim, həm qan təzyiqim qalxıb. Evdə oturduğum yerdə bir çiyni poqonlu gəlib ki, Gözəl hardadır. Ondan bəri halım yoxdur tərpənəm, danışam. Bacılarım gəlib yanımda qalır. Neyləyib axı Gözəl? Yol kəsib, adam öldürüb? Oğurluq edib? Gözəldə nə suç, nə günah?..»

«ARVAD-UŞAQNAN MÜBARİZƏ APARIRLAR»


Gözəl Bayramlının evinə əvvəlcə zəng vurmağa ürək eləmirdim. Tanıyanlar-bilənlər dedilər ki, anasının halı yaxşı deyil. Bəlkə qardaşı da olanlardan xəbərsizdir. Yersiz bir söz işləri korlaya bilərdi...

Amma narahatlığımız əbəsmiş. Xəbər çoxdan ünvanına çatmışdı.
Yaşlı və nasaz olan qardaşı Vaqif Bayramlı özü intizarla xəbər aldı: «Bəlkə sizdə bir xəbər olar?..» Arada bir səsi sözünə baxmadı da. Amma tez də özünü topladı. Təəssüflə söhbətinə davam etdi:

«Dedilər ki, Binəqədi rayonundadır. Təcridxanadadır. Əlbət ki, narahatam. Çox narahatam. Mənim bacım elə adam deyil. Neyləmisiz? Gedin korrupsionerləri, oğruları, quldurları tutun, dama basın. Bu neyləyib? Çıxdı dedi ki, Azadlıq! Nə olsun? Arvadnan- uşaqnan mübarizə aparırlar. Nə günə qalmısız?.. Budur anam yanımdadır. Ağlaşırlar. Axı bu qədər də haqsızlıq olarmı? Adamın ağlamağı əlbəttə tutur».

Amma az sonra söhbətin havası dəyişir. 62 yaşlı qardaş evlərinin sonbeşiyi olan bacısı ilə qürur duyduğunu deyir:

«FƏXR DUYURAM Kİ, GÖZƏL KİMİ BACIM VAR»


«Fəxr duyuram ki, Gözəl kimi bacım var. Allaha çox şükr! Allahımdan o qədər razıyam ki, Gözəl kimi bacım var. Mənim bir az hərəkətim məhduddur. Mən 15 ildir xəstəyəm, ayaqlarım hərəkət eləmir. Mən məmnuniyyətlə o mitinqə çıxar sözümü deyərdim. Heyf ki, çıxa bilmirəm...»

«ATAM HƏMİŞƏ ONA SƏRDARIM DEYƏRDİ»

Qardaşı Vaqif Bayramov bacısının xasiyyətlərindən danışır...
«Birinci sinifə gedənə kimi şalvar geyib. Onda şalvar dəbdə deyildi. Anam ona paltar tikmişdi, Gözəl elə ağlayırdı ki, niyə mənə don geyindirmisiz... Gözəl beləydi. Kişi kimi xüsusiyyəti vardı. Atam həmişə ona «Sərdarım» deyərdi. Bilmirəm niyə. «Mənim Sərdarım» deyə müraciət edərdi...

O qədər savadlı, mütaliəni sevən, çox sadə, sözündən dönməz.
Gözəl gözəl də saz çalır. Sazda muğam çalır. «Pəncab», «Mahur», dalınca da «Baş Sarıtel». Hərdən çalır. Hərdən görürəm duyğulanıb, dumanlanıb”.

«BÜTÜN AZƏRBAYCAN GÖZƏLİN TAMAŞASINA DURDU»


Qardaşı danışdıqca bacısı ilə qürur duyduğu məqamları yada salır. Bu məqamlardan biri də ötən ilki parlament seçkiləri ilə bağlıdır. Gözəl Bayramlının rəqibi, deputatlığa namizəd, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovla teledebatıdır.
«Tək mən yox. Bütün Azərbaycan onun tamaşasına durdu. Gözəl onu nə günə qoydu, mənim bacım. Ondan bir dərs götürsün. Ayıbdır. Dəhşətə gəlirəm, insan da bu qədər yalan danışarmı ki, demokratik seçki keçib».

Yeri gəlmişkən, 1989-cu ildən hərəkatda olan, son illər bütün kütləvi aksiyalarda öndə gedən Gözəl Bayramlı bu debatdan sonra daha çox tanındı.

ONUN ÇIXIŞINDAN SİTAT:

«Zülmlə abad olan ev zülmlə də bərbad olacaq. Dəyərli seçicilərim! Hakimiyyət Neft Fonduna daxil olan 40 milyard vəsaitin 20 milyardının xərcləndiyini deyir. Mən sizdən soruşuram, xərclənən bu pullardan həyatınızda hər hansı dəyişiklik hiss etdinizmi? Bəlkə maaşlarınızda, pensiyalarınızda əhəmiyyətli bir artım oldu? Təbii ki olmadı. Bu pullar sizlərə rəva görülmədi. Bu pullar dəyəri milyonlarla manat olan villalar adı ilə göyə sovruldu, bir kilometri 15 milyona yol tikintisinə xərcləndi. Bu milyardlar mənim namizəd olduğum ərazidə Heydər Əliyev Mərkəzinə xərcləndi, bir qrup korrupsioner tərəfindən mənimsəndi...»

«NƏ QƏDƏR ELÇİLƏR GƏLİB BİZƏ, DEYİBLƏR Kİ, ƏL ÇƏK»

Qardaşı danışır ki, bu illərdə bacısını yolundan, əqidəsindən döndərməyə çalışanlar az olmayıb. Amma:

«Ona görə fəxr edirəm ki, bu oğrulardan, quldurlardan kənardır. Nə qədər elçilər gəlib bizə, nə qədər yalvarıblar ki, əl çək. Deyib ki, qətiyyən. Mənim bacım əqidəsini satmayıb. İkiüzlü olmayıb. Deyir ki, bax belə də öləcəm. O deyir ki, bu yolda ölmək şərəfdir».

ANA ARZUSU

Hamının səhhətindən narahat olduğu, elə Gözəl Bayramlının da həmişə üstündə əsdiyi anası qızını yolundan daşındırmağa çalışmır.

«Nə iş tutur ki, yolundan qaçsın? Pis iş tutmur axı, yaxşı iş tutur...»
Son arzusunu da dilə gətirir:
«Balamın canı sağ olsun. Hökumətim də... düzəlsin. Gözəlin işi düz getsin, belə şərlərə də düşməsin».

Vəkili isə AzadlıqRadiosuna deyib ki, təcridxanada Gözəl Bayramlının səhhəti pisləşib, həkim müayinəsindən keçməli olub.
XS
SM
MD
LG