Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:47

Nizami Gəncəvi. Leyli və Məcnun (41)


əvvəli

İBN-SƏLAMIN LEYLİNİ İSTƏMƏSİ


Bağın calalını yaradan usta
Böylə nəql edirdi dastan xüsusda:
O gün ki, o bağa girdi aypara,
Yaydı şəfəqini asimanlara.
Gül sərvin başında dəstə bağladı,
Gülün və gülabın alçaldı adı.
Zəncir halqası tək biri-birinə
Keçmişdi Leylinin saçları yenə.
Yolda Bəni-Əsəd qəbiləsindən
Bir nəfər, Leyliyə rast gəldi birdən.
Böyükdü ondakı vüqar və hünər,
Ehtiram saxlardı ona ərəblər.
Çoxdu qəbiləsi və qohumları,
Hörmətlə keçərdi bütün ruzgarı.
Xalq da baş əyərdi o gəncə müdam,
Ona ad vermişdi bəxt-Ibn-Səlam.
Gümüşlə, arxaydı ondakı hünər,
Onu barmaq ilə göstərərdilər.
O parlaq çırağı-Leylini görcək,
Bir çarə tapmağa əsdi külək tək.
Lakin o baxmadı heç də gərdişə
Ki, çıraq küləklə gəlməz sazişə.
Vətənə qayıdıb, cumdu xəyala,
Qəlbi can atırdı onun visala.
Ayı qucaqlaya bilməmiş heç kəs,
Bəlkə xəbərsizdi bu işdən o şəxs.
Başında gəzirdi visalın dərdi,
O pəri qızına elçi göndərdi.
Istəyi buydu ki, getsin elçilər,
Versin öz könlünü ona bu dilbər.
Hiylələr düzəldib düşdü ayağa,
Qızılı gül kimi tökdü torpağa.
Min xəzinə yığıb göstərdi elə,
Sürüsü, ilxısı səs saldı çölə.
Könül ovçusuydu o gözəl mələk,
Onun arxasınca elçi gedərək,
Ələ gətirməkçin haman gəlini,
Ata, anasının öpdü əlini.
Ata da, ana da cüt əyləşdilər,
Onlara xoş gəldi bu xeyir xəbər.
Dedilər: "Başqa bir məsləhət olmaz,
Ancaq ki, gözləmək lazımdır bir az.
Çünki pərişandır bizim novbahar,
Leylinin azacıq xəstəliyi var.
Qoyun yaxşılaşsın, şadlanaq biz də,
Kəbin kəsərsiniz o zaman siz də.
Bu kəbin, qəlbaçan bu xeyir xəbər
Allahın iznilə tez başa gələr.
Hələlik dayanıb bir az səbr edin.
Hələlik vədəylə şadlanıb gedin.
Taki gül qonçası açsın bu taqda,
Tikanlar çürüsün bu gözəl bağda.
Qızıl boyunbağı taxıb boynuna,
Verərik, sizinki olar bu sona".
Bunu Ibn-Səlam eşidən zaman
Bilmədi neyləsin o şadlığından.
Çapdı öz yurduna atını o dəm,
Silindi könlündən qüssə ilə qəm.

davamı
XS
SM
MD
LG