Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:12

ABŞ üç iranlı üzərindən sanksiyaları qaldırır, amma…


ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

Birləşmiş Ştatlar üç iranlı üzərindən sanksiyaları qaldırdığını bildirsə də, əlavə edib ki, bu addımın 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün hazırda aparılan danışıqlarla heç bir bağlılığı yoxdur.

ABŞ Maliyyə Nazirlıiyinin 2 iyul tarixli bəyanatında deyilir ki, Behzad Ferdovs, Mehrzad FerdovsMəhəmməd Reza Dezfulian üzərindən kütləvi qırğın silahları ilə bağlı prezident fərmanı ilə qoyulmuş qadağan qaldırılır.

Maliyyə Nazirliyinin Xarici Aktivlər İdarəsi (OFAC) bu iranlıları sanksiya siyahısına ötən sentyabrda daxil etmişdi.

Sanksiya fərmanında deyilirdi ki, Behzad Ferdovs və Mehrzad Ferdovs Mammut Industries şirkətinin səhmdarlarıdır.

Sənəddə bu şirkətin İranın ballistik raket proqramına dəstək verdiyi bildirilirdi.

Dezfulianın isə Mammut Industries şirkətinin filialı Mammut Diesel firmasının meneceri olduğu göstərilirdi.

Sentyabrda imzalanmış fərman ABŞ-da bu şəxslərə aid ola biləcək aktivlərin və onlardan istifadənin üzərinə qadağan qoyurdu.

Maliyyə Nazirliyi bunu da bildirib ki, bu üç nəfərin sanksiya siyahısından çıxarılması ABŞ hökumətinin İrana qarşı sanksiyalar siyasətində hər hansı dəyişikliyi əks etdirmir və heç bir şəkildə Vyanada davam edən danışıqlarla əlaqəli deyildir.

Növbəti raundun vaxtı bilinmir

İran və 2015-ci il sazişinin digər imzaçıları – Britaniya, Fransa, Almaniya, Rusiya və Çin bu razılaşmanın dirçəldilməsi üçün Vyanada danışıqlar aparırdılar.

ABŞ bu danışıqlarda dolayısı və ya vasitəçilərlə iştirak edirdi.

2015-ci il sazişinə görə Tehranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində onun üzərindəki bütün beynəlxalq sanksiyalar qaldırılmalıydı.

İranın yüksək vəzifəli rəsmiləri ötən ay bu danışıqlarda “böyük irəliləyişə” nail olunduğunu bildirsələr də, Qərb danışıqçıları əngəllərin qaldığını deyirdilər.

Vyanada keçirilən danışıqların növbəti raundunun dəqiq tarixi elan edilməyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra İranın üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Buna cavab olaraq İran saziş üzrə öhdəliklərindən mərhələ-mərhələ geri çəkilib.

XS
SM
MD
LG