Yanvarın 5-də Ukraynanın Qərb müttəfiqləri ABŞ və Almaniya Kiyevə müasir döyüş maşınları verəcəklərini bildiriblər. Vaşinqton 50 ədəd “M2 Bradley” döyüş maşını, Berlin 40 “Marder” piyada döyüş maşınını verəcəyini deyir.
Bundan bir gün öncə isə Fransa “AMX-10 RC” zirehli kəşfiyyat maşını verəcəyini bildirib. Qərbin Ukraynaya hərbi yardımının ciddi artmaqda olduğu müşahidə olunur.
“Bradley” maşınları Ukraynaya hərbi yardımın artdığını göstərsə də, Kiyevin tələb etdiyi silahların içərisində ilk sıralarda deyil. Ukraynalılar ABŞ istehsalı olan “M1 Abrams”, yaxud Almaniyanın “German Leopard” kimi döyüş tanklarını əldə etmək istəyirlər.
"Ukraynanın hələ də Qərb tankları ilə təchiz olunmamasının heç bir rasional səbəbi yoxdur”, – Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 4-də videomüraciətində deyib.
Fevralın 24-də Avropanın II Dünya müharibəsindən bəri ən irimiqyaslı hərbi münaqişəsi ilk ilini tamamlayacaq. Ukraynanın şərqində və cənubunda intensiv döyüşlər gedir. Moskva Ukraynanın mülki enerji infrastrukturunu hədəfə alaraq müntəzəm raket və dron zərbələri endirir.
“Bradley”
Ukrayna rəsmiləri Moskvanın qarşıdakı həftələrdə geniş hücuma keçməyi planlaşdıra biləcəyini deyirlər.
“Bradley” 1980-ci illərdən bəri ABŞ ordusunun əsas maşını olub. O, İraqda “Abrams” tanklarından da çox düşmən tankı məhv edib. Military-today.com saytının məlumatında belə deyilir.
"”Brad”... tank deyil. Ancaq o, tank qatili və əsgər daşıyıcısı ola bilər”, – istefada olan ABŞ general-leytenantı Mark Hertlinq (Mark Hertling) “Twitter”də yazıb.
“Bradley”lər “həm hücum, həm də müdafiə əməliyyatlarına dəstək verə bilər. Onların atəş gücü və zirehli olması döyüş meydanında Ukraynaya üstünlük qazandıracaq…”, –Pentaqon sözçüsü, briqada generalı Pət Rayder (Pat Ryder) yanvarın 5-də söyləyib.
“Marder” və “AMX-10 RC”
Ekspertlər Almaniya istehsalı “Marder”i də tank əleyhinə effektiv silah sayır. O, “MILAN” tank əleyhinə raket sistemlərini dəstəkləyir.
Bəzən “yüngül tank” adlandırılan Fransa maşınları isə son dərəcə yüksək mobilliyə malikdir. Onlar tırtılla deyil, təkərlə hərəkət edir.
Hertlinq Fransanın “AMX-10 RC” maşınlarını "tank qatili" adlandırıb. Bu maşınları bəzən “tank ovçusu” da adlandırırlar.
"Bu maşınlar eyni zamanda daha az qulluq tələb edir, daha uzun məsafələr qət edə bilir, asan dəstəklənir və istənilən landşaftda hərəkət edir”, – deyə o əlavə edib.
Ağır tanklar
Qərb artıq Ukraynaya on milyardlarla dollarlıq hərbi avadanlıq göndərib. Bu proses 24 fevral hücumundan əvvəl başlayıb.
Yayda hücumun başlanmasından bəri təkbaşına 20 milyard dollarlıq avadanlıq verən Vaşinqton Ukraynaya daha müasir və mürəkkəb uzaqmənzilli HIMARS sistemlərini göndərmək qərarına gəlib. Ukraynanın Xarkov və Xerson istiqamətlərində həlledici əks-hücumlarının HIMARS sayəsində bu qədər uğurlu olduğu düşünülür.
Ancaq Ukrayna daha çox silah, o cümlədən Rusiyanın güclü tanklarının qarşısına çıxarmaq üçün ağır tanklar tələb edir. “BMP-3” uzun zamandır Rusiyanın əsas zirehli canlı qüvvə daşıyıcısı sayılır.
Tank və döyüş maşını
Rəsmi açıqlamalara görə, hücumdan öncə Ukraynanın zirehli maşın arsenalında 6 min 500-dək tank və 7 minə qədər döyüş maşını var idi. Bunların xeyli hissəsi köhnəlmiş, bəziləri də nasaz sovet avadanlığı idi.
Son 10 ayda Ukrayna Çexiya və Polşadan 230-dan çox sovet tankı alıb.
Ukrayna ordusu 3 mindən çox Rusiya tankini məhv etdiyini iddia edir. Rusiya hərbi avadanlığının sıradan çıxması hallarını sənədləşdirməklə məşğul olan “Oryx” müstəqil holland araşdırma qrupu isə bu sayın 1600-ə yaxın olduğunu deyir.
Ekspertlər deyirlər ki, Qərbin piyada əleyhinə maşınları Ukraynanın quru qoşunlarına daha təhlükəsiz və sürətli hərəkət imkanı verəcək. Bu maşınlar piyadaların ağır tanklarla hücumlarını dəstəkləyə bilməsi üçün nəzərdə tutulub.
Hərbi yardımın açıq-aşkar artmasına baxmayaraq, Qərb hələ də Kiyevə ağır tanklar verməyə tərəddüd edir. Kiyev bundan başqa müasir döyüş təyyarələri, o cümlədən ABŞ istehsalı F-16 təyyarələri istəyir.
Həlledici faza...
Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba “Bradley” və “Marder” tanklarının gələcəyi xəbərindən sonra “Facebook”da belə yazıb:
"Silahlarla bağlı tabular vaxtı keçib. Biz həlledici fazaya qədəm qoyuruq. Yalnız bir məqsəd ola bilər – Ukraynanın qələbəsi”.
Prezident Zelenskinin Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Bayden müasir tankların və uzaqmənzilli silahların verilməsinin NATO-nun Ukraynaya yardım məsələsində birliyinə xələl gətirə biləcəyi ilə bağlı narahatlıq ifadə edib. Onun sözlərinə görə, Ukraynaya hərbi yardım məsələsində öndə olan Britaniya belə tanklar mövzusunda tərəddüd edir.
Almaniya rəsmiləri də payız aylarında buna bənzər mövqe ifadə ediblər.
“'Abrams'lar xüsusilə çox yanacaq istəyir”
Bundan başqa, ABŞ müdafiə rəsmiləri deyirlər ki, Ukraynanın artıq kifayət qədər tankı var, üstəlik, “Abrams”ları işlətmək və saxlamaq çətindir.
"Düşünürəm ki, bu əslində dayanıqlılıq məsələsidir”, – “The Economist” jurnalının müdafiə məsələləri redaktoru Şaşank Coşi “France 24” telekanalına müsahibəsində deyib.
"Yeni tanklar həddindən artıq yanacaq işlədir – “Abrams”lar xüsusilə çox yanacaq istəyir. Onlara qulluq çox zəhmət tələb edir, ehtiyat hissələrinə isə tələbat nəhəngdir… ABŞ-ın hesablamalarında burada praktik məsələlərlə bağlı narahatlıqlar ön plana çıxır”, – o vurğulayıb.