ABŞ-ın vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris çərşənbə günü Donald Trampa zəng vuraraq onu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
Harrisin köməkçilərindən biri "The Associated Press"ə bildirib ki, telefon danışığında hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyi müzakirə olunub.
ABŞ-ın hazırkı prezidenti Co Bayden də Trampa zəng edib. O, tezliklə Ağ evdə Tramp ilə görüşüb hakimiyyətin ötürülməsini müzakirə etmək niyyətindədir. NBC telekanalının məlumatına görə, Bayden yeni prezidentin andiçmə mərasiminə də gələcək. Bayden 2020-ci ildə Trampdan sonra prezident olanda Tramp bunların heç birini etməmişdi.
Dmitri Peskov deyib ki, Putin Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Bu məlumatı verən TASS dövlət xəbər agentliyi Putinin mətbuat katibinin "ABŞ Rusiyaya qarşı müharibədə iştirak edən qeyri-dost ölkədir" sözlərini sitat gətirir.
Rusiya XİN: Moskvanın Trampla bağlı heç bir illüziyası yoxdur
"Moskva ABŞ-ın yeni administrasiya ilə işləyəcək, özünün milli maraqlarını qətiyyətlə müdafiə edəcək, xüsusi hərbi əməliyyatın hədəfinə çatmasına fokuslanacaq". Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da seçkilərlə əlaqədar bəyanatında bildirib.
(Rusiya Ukraynadakı təcavüzkar müharibəsinə "xüsusi hərbi əməliyyat" deyir).
"Bizim şərtlərimiz dəyişməyib və bunu Vaşinqtonda yaxşı bilirlər", – nazirlikdən qeyd ediblər.
Rusiya XİN onu da bildirib ki, "Rusiyada yaxşı tanınan yeni ABŞ prezidenti və, ilkin məlumatlara görə, respublikaçıların üstünlüyü ələ aldığı Konqresin yeni tərkibi barədə illüziyaları yoxdur".
Bəyanatda deyilir ki, ABŞ siyasi elitası partiya mənsubiyyətindən asılı olmayaraq antirusiya xətti tutur.
'Müharibələri dayandıracam' - Tramp qələbəsini elan etdi
Tramp qələbə çıxışını etdi – Nələr deyib?