Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Ucuz maskaların ABŞ sənayesində buraxdığı iz


Arxiv fotosu
Arxiv fotosu

2019-cu ildə Çin ABŞ-ın idxal etdiyi qoruyucu maskaların 70%-ni istehsal edirdi

ABŞ-Çin ticarət əlaqələri artıq bir müddətdir ki, mürəkkəb dönəmə qədəm qoyub. Covid-19 pandemiyasından əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp 350 milyard dollarlıq Çin malına rüsumlar tətbiq etmişdi. Bura şəxsi qoruyucu avadanlıq, o cümlədən maskalar da daxil idi. Bu mallara tələbat sonradan artıb. Həm Tramp, həm də indiki prezident Co Bayden tekstil üz maskalarına əlavə tariflər tətbiq ediblər.

“Financial Times” qəzeti yazır ki, 2019-cu ildə Çin ABŞ-ın idxal etdiyi qoruyucu maskaların 70%-ni istehsal edirdi. Çin Ümumdünya Ticarət Təşkilatına qoşulduqdan sonra ABŞ tekstil sənayesinin xeyli hissəsi istehsalı bu ölkəyə köçürüb. Nəticədə ABŞ-da maska istehsalı dayanıb. Ancaq böhranın ilk aylarında bir çox ABŞ tekstil istehsalçıları maska istehsalını bərpa etməyə başlayıblar.

Maska ucuzlaşdı və

Qəzet Floridada yerləşən bir tibb avadanlığı şirkətinin rəhbərinə istinadən yazır ki, pandemiyanın başlanmasından öncə ABŞ-ın istehsal etdiyi maskaların biri təqribən 50 sentə satılırdı. O əlavə edib ki, pandemiya dövründə xammal xərcləri azaldığından maska qiymətləri də 15-25 sent səviyyəsinə enib. Beləliklə, ABŞ-da istehsal daha səmərəli olmağa başlayıb.

Məqalədə deyilir ki, ABŞ son 50 ildə fraqmentləşmiş qlobal istehsal sisteminə üstünlük verib. Bu, çoxmillətli korporasiya və Asiya ölkələrinin işçilərinə sərfəli olsa da, Amerikanın mərkəzi ştatlarının sakinləri üçün heç sərfəli deyil. Həm Tramp, həm də Baydenin ticarət siyasətlərində bu məsələyə xüsusi yer verilib.

Qeyd edilir ki, ABŞ öz iqtisadiyyatını hələ də Çikaqo məktəbinin iqtisadiyyat prinsipləri əsasında idarə etdiyi halda, yeni administrasiya “işçi mərkəzli ticarət siyasətindən” danışır.

Çindən nümunə götürmək

Pandemiyanın ortasında daha çox maska istehsal etmək çağırışına cavab verərək irəli çıxan bir neçə kiçik Amerika biznesi batmaq təhlükəsi ilə üz-üzədir. Çünki son aylar maska satınalmalarının həcmi azalıb.

Son həftələr ABŞ-da koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə olunur. Amma ekspertlər əhalini arxayınlaşmamağa, peyvənd olunmağa, qaydalara əməl etməyə çağırırlar.

ABŞ hökuməti Çindən gələn tibbi mallara qoyduğu rüsumları artırmaq planlarını noyabrın ortalarınadək təxirə salmalı olub. Amerika Xəstəxanalar Birliyi bu tariflərin yüksəldilməsinə qarşı lobbiçilik edir, bu addımın xəstəxanalar üçün qiymətlərin yüksəlməsinə səbəb olacağını deyir.

Yazının müəllifi qeyd edir ki, tələbə uyğun təklif ortaya qoyulmayanda “Amerikan malı alın” (“Buy American”) çağırışı etməyin mənası qalmır. Tələbi qarşılamaqsa dövlət dəstəyi olmadan mümkün deyil. Yazıda deyilir ki, Amerika həqiqətən yerli istehsalı dəstəkləmək fikrindədirsə, o zaman o həm də Çindən nümunə götürərək məhsulların maya dəyərinin aşağı salınması yollarını tapmağa çalışmalıdır.

XS
SM
MD
LG