Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Dövlət Departamenti soyqırım qətnaməsinin ‘siyasi xətt’ olmadığını deyir


ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus

ABŞ Dövlət Departamenti dekabrın 17-də bildirib ki, ABŞ Konqresində bugünlərdə qəbul edilmiş “erməni soyqırımı” qətnaməsi Donald Trump administrasiyasının siyasəti deyil.

Qısa bəyanatda deyilir ki, Trump administrasiyasının soyqırım məsələsindəki mövqeyi dəyişməz olaraq qalır.

ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmiş sənədə Senatda yekdilliklə səs verilib.

Departamentin sözçüsü Morgan Ortagusun səsləndirdiyi iki cümləlik bəyanatda deyilir:

“Administrasiyanın mövqeyi dəyişməyib. Bizim məsələyə baxışımız prezidentin aprelin 24-də verdiyi bəyanatda aydın şəkildə ifadə edilib”.

Sözü gedən bəyanatda Trump ermənilərin Osmanlı imperiyası dövründəki ölümlərini “20-ci əsrin ən pis qırğınlarından biri” adlandırmış və “soyqırım” sözünü işlətməmişdi.

Vaşinqtonun artıq uzun illərdir davam edən siyasi ənənəsinə görə ABŞ prezidentləri ermənilərlə bağlı bir qayda olaraq “soyqırım” terminini işlətmirlər.

Senatın bu addımından əvvəl Senat komitəsi Suriyanın şimalına hücumu və Rusiyadan S-400 raketləri almasına görə Türkiyə üzərinə sanksiyalar elan edilməsi məsələsini səsə qoymuşdu.

Konqresin bu addımı Trump-a Türkiyə prezidenti Recep Tayyip Erdoğana münasibətdə siyasətini sərtləşdirməsi üçün təzyiq göstərilməsi məqsədini güdürdü.

Bəzi tarixçilər deyirlər ki, I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı imperiyasında 1, 5 milyon erməni qətliam və ya deportasiya edilib. Bir sıra tarxiçi və siyasətçilər bu hadisəni “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

XS
SM
MD
LG