Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:06

ABŞ-ın kosmik qurğusu Marsa endi


Perseverance qurğusunun Marsa enməsi canlı yayımlanıb
Perseverance qurğusunun Marsa enməsi canlı yayımlanıb

ABŞ-ın NASA kosmik tədqiqatlar agentliyinin “Marsdagəzən” - Perseverance qurğusu 464 milyon kilometrlik uçuşdan sonra fevralın 18-də uğurla “Qırmızı planetin” səthinə edib.

Özüyeriyən qurğu Marsın səthinə endikdən dərhal sonra ilk fotolarını Yerə göndərməyə başlayıb.

Qurğu Yeri 6 ay bundan əvvəl tərk etmişdi.

İnsanları ən çox maraqlandıran Mars, Yerə ən yaxın planetdir və özüyeriyən qurğu bu planetdə nəvaxtsa həyatın olub-olmadığı barədə suala cavab verməlidir.

Perseverance qurğusu bir çox cəhətlərinə görə misilsizdir. Özüyeriyən qurğuda hətta Marsın səsini yazmaq üçün cihaz da var.

Xəbər verilir ki, özüyeriyən qurğu Marsın Cezero Krateri deyilən ərazisini tədqiq edəcək.

Bura 3.9 milyard il əvvəl mövcud olmuş gölün yatağı hesab edilir.

Bundan sonra Marsa göndəriləcək missiyalar 2030-cu ilədək Perseverance qurğusunun topladığı süxurları Yerə gətirməlidir.

Perseverance Marsdagəzəni
Perseverance Marsdagəzəni

Adı “dönməzlik”, “inadkarlıq” kimi mənalar verən Perseverance missiyası ərzində bir neçə unikal eksperimentlər də aparmalıdır.

Məsələn aparat Ingenuity adlı helikopteri Marsda uçurmalıdır. Bu ayrı planetdə uçan ilk helikopter olacaq.

Perseverance NASA-nın Marsa sayca 9-cu enmə missiyası və beşinci özüyeriyən aparatıdır.

Radio siqnalları Yerdən Marsa 11 dəqiqəyə çatır. Bu isə o deməkdir ki, qurğu 7 dəqiqə çəkən enişi tam müstəqil həyata keçirib.

Perseverance həm də NASA-nın ən ağır qurğusudur və çəkisi 1 tona yaxındır.

Gəmi Mars atmosferinə saatda 19 min kilometr sürətlə daxil olub, amma enmə üçün sürəti saatda 2.7 kilometrə salıb.

Bu zaman gəminin gövdəsi 1200 C temperatura tab gətirib.

XS
SM
MD
LG