Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:34

İctimai fəal: 'Elə vurmuşdu, Kürdəxanı türməsində iki gün burnumdan qan gəldi…'


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov deyir ki, onu kimisə bıçaqlamaqda ittiham eləsələr də, bu yalandı. Əslində, həmin şəxsin özü ona xəsarət yetirib.

“Mən bu cinayəti törətməmişəm. Əksinə, o adam mənə elə zərbə vurmuşdu ki, həbs eləyib Kürdəxanı türməsinə (Bakı İstintaq Təcridxanasına-red.) aparandan sonra iki gün orada burnumdan qan gəldi. Məni ekspertizaya göndərdilər”, - ictimai fəal sentyabrın 29-da məhkəmədə belə deyib.

“Həbsimin səbəbi də budur”

Bakı Apellyasiya Məhkəməsində Məmmədov haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. O vurğulayıb ki, həbs olunmasının əsl səbəbi başqadır:

“Mən İşçi Masası Həmkarlar İttifaqının təsisçisi olmuşam. Mənim işim də işçilərin hüquqlarının müdafiəsi olub. Həbsimin səbəbi də budur. Məhz buna görə əvvəl 3 dəfə şərlənib inzibati qaydada həbs olunmuşdum. Bu dəfə cinayət işi başladılar”.

Məmmədovun vəkili Zibeydə Sadıqova da onun təqsirsiz olduğunu vurğulayıb. O deyir ki, Afiəddini həbsdə saxlamadan da istintaq aparmaq olar. Müvəkkilinin istintaqdan yayınmaq, qaçıb gizlənmək niyyəti yoxdur.

Ancaq istintaqı aparan müstəntiq deyilənlərlə razılaşmır. Məhkəmədə də Məmmədovun apellyasiya şikayətinin təmin olunmasına - həbsdən buraxılmasına etiraz edib.

Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib. Xətai rayon Məhkəməsinin A.Məmmədovun istintaq dövründə həbsdə saxlanması haqda qərarı qüvvədə qalıb.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verəcəklər:

“Zərərçəkmiş qismində tanınan şəxslə, yəqin ki, üzləşmə keçiriləcək. Hələ onun kim olduğunu bilmirik. Afiəddin Məmmədov özünü təqsirli saymır. Deyir ki, həmin şəxs özü-özünə xəsarət yetirib, onu şərləyirlər”.

Xatırlatma

Afiəddin Məmmədov sentyabrın 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilədək həbs cəzası nəzərdə tutulub.

A. Məmmədov sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Həmin vaxt polisə müqavimət ittihamıyla ona 30 sutka həbs cəzası verilmişdi.

O zaman da ictimai fəal özünü təqsirli bilmir, moped sürən kuryerlərin hüquqlarını müdafiə etdiyinə görə cəzalandırıldığını deyirdi.

XS
SM
MD
LG