Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:27

Ağsu xəstəxanası: ''Snimka'ya ehtiyac yoxdur, baxanda görünür bilək sınıb...'


Rentgen "snimkası" (arxiv fotosu)
Rentgen "snimkası" (arxiv fotosu)

"Başqa yerdə yoxlatdırdıq, məlum oldu ki, biləkdə sınıq yox imiş, həkim səhv diaqnoz qoyub, üstəlik, gipsi də düz qoymadığından uşağın qolu zədələnib".

"Biləyin sınığı" diaqnozu ilə Ağsunun Elabad kəndinin 1 yaş 6 aylıq sakini Sevinc Sarılının sağ qoluna gips qoyulub. Körpənin atası Vüqar Sarıyev deyir, sentyabrın 21-də uşaq fasiləsiz ağladığından onun səhhətində problem olduğunu düşünərək rayon xəstəxanasına götürüblər. Burada həkimlər vizual müayinə edərək uşağın biləyinin sındığını və təcili gipsə ehtiyac olduğunu bildiriblər:

Buna da bax:​ 'Həkim dedi, çox vacibdirsə, taksi göndər, gəlim'

“XƏSTƏLİYİM DƏRİN DEYİLMİŞ”

"Həkimə dedim, bəlkə əvvəlcə uşağın biləyini "snimka" etdirək, görək müayinə nə göstərəcək. Dedi, "ehtiyac yoxdur, baxanda da görünür ki, bilək sınıb. Bilək dedilər, ancaq bütün qolu gipsə saldılar. Evə qayıtdıq, gördük ki, uşağın çığırtısı daha da artır, götürüb Kürdəmirə apardıq. Orda xəstəxanada qolu "snimka" elədilər, dedilər, uşağın biləyi də, qolu da salamatdır. Gipsi düz qoymayıblar deyə, uşağa ağrı verir".

Beləcə, Kürdəmir xəstəxanasında balaca Sevincin qolunu gipsdən azad ediblər.

Buna da bax: Yenə ana ölümü

Ağsu sakini Mədinə Həsənova deyir, bir müddət əvvəl ona da səhv diaqnoz qoyulub:

"Düzgün müalicənin əsasında dəqiq diaqnoz durur. Öd ağrılarıma görə müraciət etmişdim, mənə tamamilə yanlış diaqnoz qoyulmuşdu. Qoyduqları diaqnoz üzrə qəbul etdiyim ağır iynə-dərman preparatları isə salamat böyrəklərimi sıradan çıxardı. 1 ildən çoxdur ki, Bakıya köçmüşəm və həftədə iki dəfə dializ alıram. Halbuki, xəstəliyim dərin deyilmiş və qısamüddətli müalicə kifayət edirmiş".

Buna da bax:​ Xərçəng xəstəsi DİN ilə FHN arasında qalıb

“GİPSİ AÇILSIN, SÖHBƏT BİTSİN”

Ağsu rayon Mərkəzi Xəstəxanasından AzadlıqRadiosu-na bildirilib ki, uşağın sınığı yoxdursa, buna sevinmək lazımdır: "Lap yaxşı, Allah qorusun, burda nə var ki... Sınığı yoxdur, gipsi açılsın, söhbət bitsin".

Xəstəxanadan bildirilib ki, xəstələrə səhv diaqnoz qoyulması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil.

Ancaq deyəsən, xəstəxanada gipsin hələ qoyulmasından bir neçə saat sonra qonşu rayonun xəstəxanasında açılmasından xəbərsiz idilər.

XS
SM
MD
LG