İranlılardan ibarət heyət Rusiyanın ilhaq etdiyi Krımda Rusiya ordusunun Ukraynaya dron zərbələrində birbaşa iştirak edir.
Bunu oktyabrın 20-də Ağ Ev bildirib.
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Körbi jurnalistlərə deyib ki, İran dronların idarə edilməsində Rusiya qüvvələrinə texniki dəstək üçün Krıma təlimatçılar və müşavirlərdən ibarət kiçik qrup göndərib.
Onun sözlərinə görə, Tehran artıq Ukrayna torpağında Ukrayna mülkilərinə və infrastrukturuna hücumlarda birbaşa iştirak edir:
"Birləşmiş Ştatlar İranın Ukrayna xalqına qarşı işlədilən silahlarını ifşa və dəf etmək, habelə qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir”.
Körbi əlavə edib ki, ABŞ habelə Rusiya və İranın silah ticarəti üzərinə bütün sanksiyalarının qətiyyətlə tətbiq olunmasını təmin edəcək.
Rusiya prezidenti Vladimir Putin Tehrana iyul ayında səfər etmişdi.
ABŞ o vaxt bildirmişdi ki, Rusiya İrandan Ukrayna müharibəsində istifadə etmək üçün PUA-lar almağa çalışır.
İran Rusiyaya silah verməsini təkzib etmişdi.
Aİ Rusiyaya dronlar verdiyinə görə İrana sanksiyalar elan edir
Avropa İttifaqına üzv ölkələr Rusiyanı kamikadze dronları ilə təchiz etdiyinə görə İrana qarşı cəzalandırıcı tədbirlərlə bağlı razılığa gəliblər.
Bu barədə məlumatı oktyabrın 20-də Aİ prezidentliyinin rotasiyalı başçısı Çexiya verib.
Bu barədə yazılmış tvitdə deyilir:
"Aİ səfirləri Ukrayna üzərinə hücumlar üçün İran dronları verən vahidlərə qarşı cəzalandırıcı tədbirlər barədə razılığa gəliblər. Aİ ölkələri dronların təchizatı ilə bağlı olan üç fərdin və bir vahidin aktivlərinin dondurulmasına və sanksiya siyahısında bundan əvvəl olan daha dörd İran qurumuna qarşı sanksiyaların uzadılmasına dair qərar qəbul ediblər”.
Sanksiyalar Aİ-nin rəsmi nəşrində dərc olunan kimi, yəni oktyabrın 20-də qüvvəyə minəcək.
10 gündə 233 Şahed vurulub
Rusiya qüvvələri oktyabrın 10-dan bəri İran istehsalı olan Şahed-136 dronları ilə Ukraynanın mülki və infrastruktur obyektlərinə zərbələr endirir.
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 19-da demişdi ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri son 10 gündə İran istehsalı olan 233 Şahed dronu vurub.
Ukraynanın enerji naziri Herman Haluşşenko isə oktyabrın 20-də deyib ki, Rusiya son 10 gündə Ukraynanın enerji sisteminə 300-dək hava zərbəsi endirib.
Moskva və Tehran aralarında dronlarla bağlı hər hansı sövdələşmənin olmasını inkar edirlər.
Ukraynanın Qərb müttəfiqləri bildiriblər ki, Kiyevi təkmil hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəklər.
Oktyabrın 20-də Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Qərbi Ukraynaya milyardlarla dollarlıq müasir silahlar verdiyinə görə sərt şəkildə tənqid edib.
Zaxarova bildirib ki, Ukraynanın silahla təchizatı Aİ-ni münaqişənin tərəfi edir və Ukraynaya silah verən ölkələr “terrorun sponsorlarıdır”.