Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarov iki vəkilindən - Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina ərizəsini geri götürüb. O bu qərarını noyabrın 17-də keçirilən məhkəmədə açıqlayıb.
Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində çalışmış üç nəfərin - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun mühakiməsi davam edir. Bakı Hərbi Məhkəməsinin hakimləri bu işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxırlar. Ötən məhkəmə iclasında vəkil Şahin Rəfiyev də Çovdarovun müdafiəsinə qoşulmuşdu. Hazırda onun hüquqlarını üç vəkil müdafiə edir.
Akif Çovdarov vəkillərindən imtinanı onların heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfinə şərait yaradılmaması ilə əsaslandırmışdı.
Buna da bax: Akif Çovdarovun həbsdəki əmlakları
Akif Çovdarov məhkəmədə şərt qoydu
"Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, imza çəkəcəyəm. Oxuduğunuz hökmlə razılaşıram" – keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov məhkəmədə belə bir şərt irəli sürüb.
Məhkəmənin gedişində onun vəkili Sadiq Rəsulov Akif Çovdarovun ev dustaqlığına buraxılması, onun haqqında cinayət işinə xitam verilməsinə dair vəsatətlər qaldırıb. Amma onların heç biri təmin olunmayıb.
Daha bir vəsatət Akif Çovdarovun səhhətiylə bağlı olub. Müdafiə etdiyi şəxsin durumunun həddən artıq ağır olduğunu, onun məhkəməyə oksigen balonu ilə gətirildiyini deyən vəkil tibbi ekspertiza təyin olunmasını və Çovdarovu öz hesabına xaricdən gətirilən tibbi mütəxəssislərin müayinə etməsini istəyib. Sadiq Rəsulovun bu vəsatəti qismən təmin olunub - Çovdarov tibbi ekspertizadan keçiriləcək, amma onu Ədliyyə Nazirliyinin tabeliyində olan qurumun mütəxəssisləri müayinə edəcək.
Buna da bax: Çovdarov məhkəməyə xərəkdə gətirildi
Akif Çovdarovun prosesə üç gün əvvəl qoşulmuş yeni vəkili Şahin Rəfiyev cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə onun bu vəsatətini təmin etməyib.
Daha sonra prokuror ittiham aktını elan etməyə başlayıb. İttihamnamənin həcmi böyük olduğundan onun elanı da xeyli çəkəcək.
Məhkəmə davam edir.
Buna da bax: