Siyəzəndə 2 nəfər saxlanıb
Siyəzəndə nisbi sakitlik bərpa edilir. Rayon İcra Hakimiyyətinin qarşısında hökümət qüvvələri toplaşıb, baxış keçirirlər. Əhali kənar küçələrdə gözə dəyir. Polis 2 nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, baş verənlərlə bağlı rəsmi məlumat yayacaqlar.
Lənkəranda saxlananlar məhkəməyə aparılır
Yanvarın 12-də saxlanan AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli və Müsavat Partiyasının yerli təşkilatının sədri İman Əliyev məhkəməyə aparılıblar.
Bu barədə AzadlıqRadiosuna tutulanların yaxınları məlumat verib. Məlumatda həmçinin qeyd edilir ki, Lənkəran rayon Məhkəməsində onlar İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə, yəni qanunsuz kütləvi aksiya keçirməkdə ittiham edilirlər.
Yanvarın 12-də Lənkəran rayonunun Liman şəhər sakinləri Bakı-Astara yolunu bağlayaraq qiymətlərin qalxmasına etirazlarını bildirmişdilər. Aksiya iştirakçıları ilə rayon rəsmilərinin danışıqlarından sonra yol açılmışdı.
Füzulidə etirazlar - Video
Yanvarın 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib. Videonu təqdim edirik (MeydanTV)
Arif Hacılını "Bandotdel"ə çağırdılar
Yanvarın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan Müsavat başqanı Arif Hacılı artıq oranı tərk edib.
Bu barədə AzadlıqRadiosuna məlumat verən başqan müavini Elman Fəttah deyir ki, partiya yaxın vaxtda bununla bağlı rəsmi məlumat yayacaq:
“Bu gün saat 1-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri qərargaha gəlib idarə rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşmək istədiyini bildirdi. Rəisin başqanla hansı məsələni müzakirə etmək istədiyi barədə isə əlavə məlumat verilmədi”.
Məsələnin bölgələrdə baş qaldıran etirazlarla bağlı olub-olmadığı hələ ki bilinmir. Bəzi rayonlarda polis etirazlarla bağlı müxalifətçiləri də saxlayıb.