Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

Ermənistanda spiker Qarabağa nəzarətin Azərbaycana keçməsinə bəraət qazandırmaqda suçlanıb


Spiker Alen Simonyan Ermənistan parlamentinin iclasında çıxış edir.
Spiker Alen Simonyan Ermənistan parlamentinin iclasında çıxış edir.

Dağlıq Qarabağda nəzarəti güc yolu ilə ələ keçirməyin Azərbaycanın legitim hüququ olduğuna işarə edən Ermənistan parlamentinin spikeri oktyabrın 22-də müxalifətin kəskin tənqidinə məruz qalıb.

"İkinci Qarabağ müharibəsi başlayanda (2020-ci ildə) çox məyus idik, axı dünya ölkələri bu savaşa bizim istədiyimiz şəkildə cavab vermədi", - Alen Simonyan AzadlıqRadiosunun erməni xidmətinə həftəsonu müsahibəsində belə demiş, legitimliyin Ermənistan tərəfdə olmadığını vurğulamışdı: "Hüquq baxımından Qarabağa hücum etmək və Ermənistan ərazilərini işğal etmək fərqli məsələlərdir. …Azərbaycanın Qarabağda apardığı əməliyyatın arxasında BMT Təhlükəsizlik Şurasının üç, ya da dörd qətnaməsi durub".

Əsas müxalif "Hayastan alyansı"ndan deputat Geqam Manukyan parlamentdə söz alaraq bu "çox səfeh" mövqeyi səsləndirməyi kimin ona məsləhət gördüyünü bildirməsini tələb edib. 1990-cı illərin əvvəlində qəbul edilən BMT qətnamələrinin Qarabağın statusuna aidiyyəti olmadığı ilə razılaşan Manukyan həmin sənədlərin "Azərbaycana Artsaxın (Qarabağın) işğalına da heç bir yarılegitim, ya da lap cüzi hüquqi əsas" vermədiyini söyləyib.

Baş nazir Paşinyana yaxın olan və səsləndirdiyi fikirləri danmayan Simonyan ona yönələn tənqidlərlə razılaşmayaraq deyib: "Biz legitim hüquqdan danışırıq. Mənim dediklərimdə yeni heç bir şey yoxdur. …Fakt budur ki, mübahisəli ərazi beynəlxalq müstəvidə Azərbaycanın tərkib hissəsi sayılıb və indi də sayılır".

Xatırlatma

Ermənistanla Azərbaycan arasında konflikt 30 ildən çoxdur davam edir. 2020-ci il 44 günlük müharibə və 2023-cü il sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Tərəflər arasında 44 günlük müharibədən sonra aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər.

XS
SM
MD
LG