“Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib.”
Azərtac-ın xəbərinə görə, bu fikri prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib.
O hesab edir ki, Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır.
Azərbaycan prezidentinin fikrincə, “bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır”:
“Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur ”.
Əliyevin fikirincə, onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar.
Azərbaycan prezidentinin vurğulamasına görə, o ürəkdən inanıb ki, ötən ilin sonuna qədər onlar saziş imzalanmasına nail olacaqlar:
“Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir.”
Əliyev daha sonra deyib ki,bu il sonuncu şans olacaq:
“Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır.”
Ermənistan rəsmiləri...
Əslində, Ermənistan rəsmiləri də sülh danışıqlarında maraqlı olduqlarını tez-tez bəyan edirlər.
Lakin onlar vurğulayırlar ki, danışıqlar beynəlxalq vasitəçilərlə aparılmalı, Qarabağ əhalisinin təhlükəsizliyi də müzakirələrdən kənarda qalmamalıdır.
2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.
"Bildiyiniz kimi, dekabrın 7-də növbəti görüş planlaşdırılmışdı. Bizə bəyan edildi. Amma biz buna etiraz etdik. Çünki biz Fransa tərəfinin addımlarından sonra onları bu formatda görmürük. Ona görə biz 7 dekabr formatını dəstəkləmədik", - Azərbaycan prezidenti yanvarın 10-da jurnalistlərə deyib.
Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirlər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.
Üstəlik, daha əvvəl əsas vasitəçilərdən olan Rusiya son dönəmlərdə bu yöndə bir sıra təşübbüs və görüşlərin təşkili ilə çıxış edib. Amma ötən ilin dekabrında Moskvada üç ölkə xarici işlər nazirlərinin gözlənən görüşü gerçəkləşməmişdi.
Üçtərəfli görüşün baş tutmaması
Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənənədək təxirə salınmasını istəmişdi.
Bu barədə məlumatı dekabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vaan Unanyan vermişdi.
Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında görüşün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılmışdı.
Bundan əvvəl Rusiya XİN Ermənistan tərəfinin bu danışıqlardan imtina etməsi barədə xəbər vermişdi.
Ermənistan XİN-in sözçüsü bildirmişdi ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə sadiqdir və Azərbaycan tərəfinə Ermənistanın yeni təklifləri təqdim olunub. Təkliflərin detalları açıqlanmamışdı.
Azərbaycan xarici işlər naziri də ötən il mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim edildiyini açıqlamışdı.
Bunlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi və nəqliyyat əlaqələrinin bərpa eedilməsi ilə bağlı olub.
Ermənistan isə öz növbəsində Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.
Laçın dəhlizində yaşananlar…
Ötən il dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirir.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.
Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.
Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.
Qarabağda tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.