Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:41

Almaniyada mindən çox azərbaycanlı həkim çalışır


Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox

Sağalmaqdan ötrü xarici ölkələrə üz tutanlar

Son illərdə müalicə məqsədi ilə xarici ölkələrə üz tutan Azərbaycan vətəndaşlarının sayı çoxalır. Rəsmi rəqəmlərə görə, pandemiyadan əvvəl, səyahət məhdudiyyətlərinin tətbiq edilmədiyi 2019-cu ildə 270 min belə səfər olub. Daha bir il öncə bu göstərici 290 min civarındaymış. Hətta bir çox ölkəylə sərhədlərin bağlı olduğu ötən il müalicə məqsədi ilə ölkədən 43 min çıxış olub. İnsanları sağalmaqdan ötrü xaricə üz tutmağa vadar edən əsas səbəblər tibb xidmətlərinin nisbi yarıtmazlığı və müalicənin daha baha başa gəlməsidir.

Ölkədə dövlət səhiyyə ocaqlarının yetərsiz sayı və korrupsiya halları da əhalinin xərclərini artırır. Azərbaycanda səhiyyə xərcləri ilə bağlı Dünya Bankının araşdırması üzə çıxarmışdı ki, ölkədə səhiyyə xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göstəricinin 20 faiz həddində qalmasını tövsiyə edir. Bu baxımdan, Azərbaycanda çağauyğun və ədalətli səhiyyə sisteminin qurulması təkcə insanların keyfiyyətli tibb xidmətləri əldə etməsi baxımından önəmli deyil. Nəzərə almaq lazımdır ki, ölkədə keyfiyyətli tibb sistemi qurulsa, hər il xarici ölkələrdə müalicəyə yüz milyonlarla vəsait ölkə iqtisadiyyatında qala bilər. Dövlət səhiyyə sisteminin gəlişdirilməsi, icbari tibbi sığortadan istifadənin artırılması və bənzər addımlar vətəndaşların ailə büdcəsinə qənaətə yol açar və onlar həmin vəsaiti başqa istiqamətə yönəltməklə öz sosial rifahlarını artıra bilərdilər.

Xəstələrlə yanaşı, həkimlər də xaricə gedir

Maraqlıdır ki, rəsmi rəqəmlərə görə, xaricə təkcə müalicə olunmağa deyil, müalicə etməyə gedənlərin də sayında ciddi artım var. Almaniya mediasının araşdırmasından məlum olur ki, bu ilin əvvəlində Almaniyada 1 min 28 nəfər azərbaycanlı həkim çalışıb. İki il öncə həmin göstərici 877 nəfər olub. Deməli, bir ildə Almaniyada çalışmağa başlayan azərbaycanlı həkimlərin sayı daha 150 nəfərə yaxın çoxalıb.

Təkcə son dörd ildə Almaniyada çalışan əcnəbi həkimlərin sayı 15 min nəfərdən çox artıb. Rəsmi rəqəmlərdən aydın olur ki, ilin əvvəlində 83 milyondan çox əhalisi olan Almaniyada toplam 537 min həkim çalışır. Həmin həkimlərin 10 faizdən çoxu – 56 min nəfəri digər ölkə vətəndaşlarıdır. Deməli, Almaniyada çalışan əcnəbi həkimlərin 2 faizə yaxını (1 min 28 nəfər) azərbaycanlı həkimlərdir. Orada fəaliyyət göstərən əcnəbi həkimlərin əsas hissəsi – 24 min nəfərə yaxını Avropa Birliyi ölkələrindən gələnlərdir. O həkimlər nəzərə alınmasa, Almaniyaya ən çox həkim göndərən ölkələrdən biri Azərbaycandır. Buraya Suriyadan 4 min 970, Rumıniyadan 4 min 514, Yunanıstandan 2 min 713, Rusiyadan 2 min 424, Avstriyadan 2 min 415 həkim gəlib. Sonrakı yerləri Polşa (1 min 937 həkim), Ukrayna (1 min 795 nəfər), Misir (1 min 607 nəfər) və İran (1 min 173 həkim) tutur. Nəzərə almaq lazımdır ki, göstəriciləri Azərbaycandan yüksək olan ölkələrin bir çoxunda əhali sayı da Azərbaycandan dəfələrlə çoxdur. Bu baxımdan, Azərbaycan Almaniyaya ən çox həkim göndərən ölkələrdən biridir.

Xaricdə artsa da, ölkədə həkim sayı azalır

Xarici ölkələrə gedən azərbaycanlı həkimlərin sayı artsa da, ölkədəki həkimlərin sayında gözləgörünən azalma var. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından aydın olur ki, son illərdə Azərbaycanda həkim sayı azalmaqdadır. 10 il öncə - 2011-ci ildə ölkədə 33 min 85 həkim vardı. Ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı 31 min 829 nəfərə enib. Başqa sözlə, 10 il ərzində həkimlərin sayı 4 faizə yaxın azalıb. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, həmin müddət boyunca əhali sayı da təxminən 10 faiz artıb. O səbəbdən əgər 2011-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 36 həkim düşürdüsə, ötən il 31 həkim düşüb.

Həkim sayı ilə bağlı diqqətçəkən daha bir məqam onların regional bölgüsü ilə bağlıdır. Hazırda ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını yalnız Bakıda çalışır. Rəsmi rəqəmlərə görə, Bakıda əhalinin hər 10 min nəfərinə 92 həkim düşürsə, bir neçə şəhər və rayonu çıxmaq şərti ilə, bütün rayonlarda həmin göstərici 20-dən azdır.

XS
SM
MD
LG