Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:44

Sorğu: Amerikalıların Ukraynaya, rusiyalıların sülhə rəğbəti artır


Nyu-Yorkda anti-Rusiya aksiyası (Arxiv fotosu)
Nyu-Yorkda anti-Rusiya aksiyası (Arxiv fotosu)

Amerikalıların böyük əksəriyyəti Ukraynaya özünü Rusiya təcavüzündən qoruması üçün silah verilməsini dəstəkləyir və inanır ki, belə kömək Çinə və ABŞ-ın başqa rəqiblərinə onun öz maraqlarını və müttəfiqlərini müdafiə etmək əzmini göstərir.

Reuters və Ipsos-un iyunun 27-də tamamladığı birgə sorğunun nəticələri amerikalıların Ukraynanın silahlandırılmasına dəstəyinin kəskin yüksəlişini nümayiş etdirib.

İki gün ərzində keçirilmiş sorğu göstərib ki, respondentlərin 65 faizi Ukraynanın silahlandırılmasını dəstəkləyir. Bu rəqəm mayda keçilirmiş sorğuda 46 faiz idi.

Sorğuya görə demokratların 81 faizi, respublikaçıların 56 faizi və müstəqillərin 57 faizi ABŞ silahlarının Ukraynaya göndərilməsinə tərəfdardır.

Reuters qeyd edir ki, bu sorğu Rusiyada Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin qiyam qaldırmasından və geri çəkilməsindən sonra keçirilib.

Baydenin siyasətinə dəstək

ABŞ-ın Ukraynadakı keçmiş səfiri, hazırda isə ABŞ Sülh İnstitutunun eksperti Uilyam Teylor deyib ki, bu sorğunun nəticələri habelə prezident Co Baydenin Ukraynaya “nəyin bahasına olursa-olsun dəstək” siyasətinin dəstəkləndiyini göstərib.

ABŞ Konressindəki respublikaçı rəhbərlik də əsasən Ukraynaya dəstəyin davam etdirilməsinə tərəfdardır. Lakin bir sıra sağ təmayüllü respublikaçılar Kiyevə dəstəyin davam etdirilməsinə qarşıdırlar.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukraynada “xüsusi hərbi əməliyyata” (Moskva Ukrayna müharibəsini belə adlandırır - red) başlayandan bəri Bayden administrasiyası Ukraynaya toplam dəyəri 40 milyard dollardan çox olan 41 silah yardımı paketini imzalayıb.

Reuters/Ipsos-un onlayn keçirdiyi sorğuda 400 demokrat və 383 respublikaçı da daxil 1004 nəfər iştirak edib.

Sorğu göstərib ki, rəyi soruşulan amerikalıların 76 faizi Ukraynaya göstərilən belə köməyin Çinə və ABŞ-ın başqa rəqiblərinə onun öz maraqlarını və müttəfiqlərini müdafiə etmək əzmini nümayiş etdirməsi qənaətindədir.

Sorğunun başqa nəticələrinə görə amerikalıların böyük əksəriyyəti (67 və 73 faizi) gələn il keçiriləcək prezident seçkisində Ukraynaya hərbi yardımı davam etdirən və NATO alyansına dəstək verən namizədə səs verəcək.

Rusiyadakı sorğu isə...

Bu arada Rusiyada Russian Field şirkəti tərəfindən keçirilən sorğudan məlum olub ki, rusiyalıların 35 faizi onlardan asılı olsaydı, Vladimir Putinin 24 fevralda Ukraynaya müdaxilə üçün verdiyi qərarı ləğv edərdi.

The Moscow Times qəzeti yazır ki, bu, Rusiyada belə əhval-ruhiyyə üçün rekord göstəricidir.

Müdaxilənin ilk günlərində Ukraynaya qarşı müharibəyə rəyi soruşulanların 26-28 faizi etiraz etmişdi. Ötən dekabrda bu göstərici 33 faiz idi.

Bu da qeyd olunur ki, Ukraynaya müdaxilə qərarına tərəfdar olanların sayı ilk dəfə olaraq respondentlərin yarısından az olub.

Sorğunun nəticələrinə görə antimüharibə əhvalı əsasən gənclərdə, 18-24 yaşları arasında olanlarda güclüdür.

Ukraynaya qarşı müharibəni dəstəkləyənlərin əksəriyyətinin yaşı 45-dən çoxdur.

Bundan əvvəl xəbər verilmişdi ki, Russian Field şirkətinin sorğusu müharibənin davam etdirilməsinə və danışıqlara başlanmasına tərəfdar olanların faizinin əslində bərabərləşdiyini, 45 və 44 faiz civarında olduğunu göstərib.

XS
SM
MD
LG