Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyadan xahiş edir ki, Rusiyanın sözdə təhlükəsizlik zəmanəti tələblərinə ABŞ-ın yazılı cavabının tam mətnini açıqlamasın.
Bu barədə şənbə günü “Washington Post” Dövlət Departamentinin yüksək rütbəli rəsmisinə istinadən yazıb. Mənbə qeyd edib ki, Kreml bu tələbi yerinə yetirməyə və sənədi ABŞ-ın istəklərinə zidd olaraq dərc edə bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl deyib ki, sənədin nəşr edilməsi “düzgün” olardı.
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında Cenevrədə keçirilən görüşdən sonra açıqlanıb ki, Rusiyanın tələblərinin böyük əksəriyyəti ABŞ və müttəfiqləri tərəfindən faktiki olaraq artıq rədd edilib və Rusiya tələblərinə yazılı cavab veriləcək.
Məlumatda deyilir ki, tələblərə yazılı cavab verilməsinə Moskva israr edib.
“Washington Post”un məlumatına görə, həftəsonu Vaşinqtonda müzakirə edilən və bazar ertəsi ABŞ-Aİ (Avropa İttifaqı) müzakirələrinin mövzusu olacağı gözlənilən sənəddə dialoqun mümkün olduğu sahələrin siyahısı daxil olmaqla, təhlükəsizlik məsələlərinə dair ABŞ-ın əks təklifləri yer alacaq.
Dövlət Departamentinin sözçüsü təsdiqləyib ki, sənəddə Rusiyanın NATO-nun genişlənməsini dayandırmaq və Ukraynanı alyansa qəbul etməmək tələblərinin rədd edilməsi yer alacaq.
Sənədin şəxsən Rusiya prezidenti Vladimir Putinə ünvanlanacağı güman edilir. Beləki o, iddia edir ki, Rusiyanın zəmanət tələbləri bütövdür və onların yalnız bir hissəsinin ödənilməsi Moskvanı təmin etmir.
Rusiya öz tələblərini Ukrayna ilə sərhədə yaxın ərazilərdə qoşunların toplanması fonunda irəli sürüb.
Xüsusilə son həftələr Qərb Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzə hazırlaşması təhlükəsindən danışır.
Rusiya Xarici İşlər Nazirliyi tələblərin qəbul olunmayacağı təqdirdə “hərbi-texniki və hərbi tədbirlərlə” hədələyib.
Şənbə günü məlum olub ki, gələn həftə, ehtimal ki, yanvarın 25-i və ya 26-da Parisdə “Normand dördlüyü”nün (Almaniya, Fransa, Rusiya və Ukrayna) siyasi müşavirlərinin görüşü keçiriləcək.
TASS-dakı mənbənin məlumatına görə, burada Putinə yaxın olan onun administrasiyası rəhbərinin müavini Dmitri Kozak iştirak edəcək. Hər dörd ölkənin məsləhətçiləri əhəmiyyətli fasilədən sonra ilk dəfə görüşəcəklər - son vaxtlar bu səviyyədə birbaşa Rusiya-Ukrayna təmasları olmayıb.
“Normand dördlüyü” Donbassdakı münaqişənin həllinə kömək etmək üçün yaradılıb.