ABŞ Dövlət Departamenti yaxın müttəfiqi Almaniyaya səyahət etməməklə bağlı xəbərdarlıq edib. Avropa koronavirusa yoluxmalarını ocağına çevrilib.
Noyabrın 22-də ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni dəyərləndirməsindən sonra departament səyahət etməmək tövsiyəsini ən yüksək – 4-cü səviyyəyə qaldırıb.
“Almaniyaya səyahət etməyin. Əgər Almaniyaya mütləq getməlisinizsə, səyahətdən öncə tam peyvənd olunun”, – CDC bildirib.
“Almaniyadakı hazırkı durumu nəzərə alsaq, hətta tam peyvənd olunmuş şəxslərin belə COVID-19-un ştammlarına yoluxmaq və onu yaymaq riski var”, – mərkəz əlavə edir.
4-cü səviyyə xəbərdarlığı
Səhiyyə ekspertləri və kansler Angela Merkel xəbərdarlıq edib ki, ölkə xəstəxanaları bəzi regionlarda artan yoluxmaları idarə etməklə məşğuldur.
Səhiyyə naziri Yens Şpan isə xəbərdarlıq edib ki, “yəqin ki, bu qışın sonunadək Almaniyada az və çox hamı vaksinlənəcək, sağalacaq, ya da öləcək. Bu, qəddar səslənir, amma reallıq belədir”.
4-cü səviyyə xəbərdarlığı Avropada COVID-19-dan ciddi ziyan görmüş digər ölkələrə – Danimarka, Belçika, Xorvatiya, Macarıstan, Avstriya və Niderlanda da aiddir.
Fransa və İtaliya ilə əlaqədar isə 3-cü səviyyə xəbərdarlıq qüvvədə qalır. Yəni, potensial səyahətçilərdən səyahət planlarına yenidən baxmaq istənilir.
COVID-19 pandemiyasından öncə 4-cü səviyyə xəbərdarlıq Əfqanıstan və İraq kimi münaqişəli ölkələrlə bağlı səslənirdi.
Qvadelupada barrikadalar
Bu arada Birləşmiş Ştatlarda Ağ ev bildirib ki, prezidentin məcburi vaksinlənmək qaydasının əhatələdiyi 3.5 milyon federal işçinin 90 faizindən çoxu noyabrın 22-cən azı bir doza vaksin vurdurub.
Dünyanın müxtəlif yerlərində isə hökumətlərin tətbiq etdiyi lokdaunlar və məhdudiyyətlərə nümayişlər davam edib.
Fransanın Qvadelupa adasında dərslər dayandırılıb, küçələrdə barrikadalar qurulub, apteklər dağıdılıb.
Paris 400 min nəfərin yaşadığı turist adasında zorakılıqları dayandırmaqdan ötrü elit polis və antiterror əməkdaşlarını göndərib.
Baş nazir virusa yoluxub
Fransanın Baş naziri Jan Kasto virusa yoluxduğunu, azı 10 gün özünü təcrid edəcəyini, amma məsafədən işləyəcəyini bildirib.
Çex Respublikasının paytaxtı Praqada etirazçılar hökumətin vaksin olunmayanlara qadağalarına etiraz yürüşü keçiriblər.
Onlar “Azadlıq!” şüarı səsləndirib, hökumətin vaksinlə bağlı çağırışlarını rədd ediblər.
Belçika və Niderlandda etirazlar davam edib. Niderlandın Baş naziri Mark Rötte üç gecə davam etmiş iğtişaşları “səfehlərin zorakılığı” adlandırıb.
Onun belçikalı həmkarı Aleksandr De Kru isə Brüsseldə 35 min nəfərlik etirazı “tamamilə qəbuledilməz” saydığını deyib.