Tamaşaçıları süjet yox, hisslər maraqlandırır. Puşkinə görə, həmişə, balalaykadakı kimi, üç sim var: dəhşət, dərd və gülüş. Antik faciədə də cəmi üç maska vardı: göz yaşları, gülüş və dəhşət. Özü də bu, trillerdən yox, hissin dərinliyindən, qeyri-adekvatlıqdan doğan dəhşət idi. Fəlakət daim həyatdan daha böyük, insanın yalnız kritik anlarda çata bildiyi şeylərlə bağlıdır. Mənə maraqlıdır ki, tamaşaçıda faciədəki zəruri hissləri yarada bilərəmmi”, – rusiyalı rejissor Andrey Konchalovsky dp.ru saytına müsahibəsi-ndə deyir.
Konchalovsky-yə görə, ən sağlam emosiya gülüşdür. Faciə isə ən çətin janrdır.
KƏNDLİ TƏFƏKKÜRÜ
O, yaxşı filmlərin bütün dövrlərdə az çəkildiyini deyir. Çünki gənclərin çoxu kinoya kommersiya uğuru qazanmaq üçün gəlir:
“Fyodor Bondarchukun filmləri 15 milyon dollar toplayır, buna görə də o, ulduzdur. Ancaq kinematoqrafla məşğul olmaq və kino çəkmək arasında böyük fərq var. Bax, hasarın üstündə yazı yazırlar. Ancaq yazılanların hamısı ədəbiyyat deyil. Ona görə də məna axtaran filmlər nadir olmalıdır. Və onlar var. Həm də bizdə Qərbdəkindən çoxdur!”
“Bir vaxtlar “Rusiya mentaliteti və dünya sivilizasiya prosesi” adlı məqalə yazmışdım. Burada alimlərin araşdırmalarına əsaslanaraq belə nəticəyə gəlmişdim ki, Rusiya arxaikada – burjuaziyaya qədərki dövrdə yaşayır. Cins, ayfon, roknrol, birja – bütün bunların rus adamının necə yaşamasına aidiyyatı yoxdur.
"Arxaika" söyüş deyil. Bu, kəndli təfəkkürü, yəni adi kütlənin təfəkkürüdür. Möhkəm dəyərlər sistemidir. Onu heç bolşeviklər də dəyişdirə bilmədi. Sovet quruluşunun dəmir strukturu çökən kimi Pyotr islahatlarının toxuna bilmədiyi Rusiya ortaya çıxdı..Kəndli təfəkkürü yaşayış yerindən asılı olmayan təfəkkürdür. Bu, qəsəbə də ola bilər, şəhər də, tayqa da. Elə Kremldə də kəndli təfəkkürüdür. Milli xüsusiyyətdir. Burada pis bir şey yoxdur. Bizdə heç burjuaziya da yaranmayıb. Burjuaziya çox istehlak edən yox, pul əldə edəndən sonra siyasi azadlıq əldə edənlərdir. Venesiya və Florensiya respublikalarından başlayaraq belə olub. Bizdə sadəcə, tarixi inkişaf başqa cür gedir. Hindistan və Çində başqa cür getdiyi kimi. Çinlilər Avropa kostyumları geyir, ayfonla danışırlar, ancaq onlar avropalı deyillər. Bizsə niyəsə düşünürük ki, avropalıyıq. Bu, səhvdir, çox dərin yanılmadır”, – Konchalovsky deyir.
“NƏDƏN AZADLIQ?”
Rejissor Rusiyanın 1970-ci illərin durğunluq və 1937-ci ilin repressiya dövrlərinə qayıtdığını deyənlərlə razılaşmır. O hesab edir ki, bu da söz azadlığı kimi “klişedir”:
“Bu, heç nəyə təminat vermir, xüsusən də incəsənətdə. Mən hər dəfə soruşuram: nədən azadlıq?
...Bəyəm senzuradan azadlıq şedevrlər yaradıb? Bütün böyük şedevrlər müharibə və ən sərt senzura, inkvizisiya şəraitində yaradılıb.
"Don Kixot” ən sərt senzura şəraitində yazılıb. Michelangelo və Rafael inkvizisiya dövründə yaradırdılar. Puşkin “Mənim alyanaq senzorum”u yazıb, Çexovsa yazdıqlarının silinəcəyini əvvəldən bilə-bilə yazırdı. Düşünürəm ki, “azadlıq” anlayışı o dərəcədə banallaşdırılmış klişedir ki, biz heç onun mənasının dərinliyi haqda düşünmürük. Görün, Qərb cəmiyyətində nə baş verir. Demokratiya və özünüifadə imkanının yerinə feyklərin sərt diktaturası gəlir. İndi biz əsl Orwell dünyasında yaşamağa başlayırıq! 20 il öncə “sol liberal faşizm” ifadəsi oksimoron kimi səslənirdi. İndi isə bu, banal reallıqdır”.
Konchalovsky şəxsiyyətə pərəstişdə pis bir şey görmədiyini deyir:
“Şəxsiyyətə pərəstiş insanın dəhşətli olması demək deyil. Sadəcə, müəyyən mənada onu başqalarından yaxşı sayırlar. Putinə gəlincə, mən burada pərəstiş görmürəm. O populyardır. Ancaq axı, bir çox dövlət xadimi də eyni dərəcədə populyar olub – De Gaulle, Castro, Cherchill... Məsələn, hansısa cərrah 20 il uğurla çalışır. Axı, heç kim cərrahın hər 6 ildən bir yenisi ilə əvəz olunmasını tələb etmir! Bu, çox da ağıllı olmazdı, elə deyil?”