Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Araz Əlizadə: 'Azərbaycanda acından ölən yoxdur'


Araz Əlizadə
Araz Əlizadə

«Azərbaycanın digər neftdən asılı dövlətlərə baxdıqda, durumu yaxşıdı. Yəni burada acından ölənlər yoxdur. Azərbaycanda küçədə dilənənlər ancaq peşəkar dilənçilərdir. Ayrı ölkələrdə başqa mənzərə görürsən».

Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə AzadlıqRadiosuna müsahibə verib.

– Araz bəy, qazın, elektrikin qiymətinin artması Azərbaycan vətəndaşının sosial durumuna necə təsir edəcək?

– Əlbəttə, bu qiymət artımı Azərbaycan insanının sosial durumuna mənfi təsir edəcək. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, ABŞ, Qərbi Avropa süni surətdə Rusiyayla mübarizə aparır. Ona görə də Rusiyanın gəlirlərini azaltmaq istəyirlər. Qurunun oduna yaş da, yəni Azərbaycan da yanır. Azərbaycanın iqtisadiyyatı enerjidaşıyıcılara köklənmişdi. Enerjidaşıyıcıların dünya bazarında qiymətinin düşməsi Azərbaycan əhalisinin həyat səviyyəsinə təsir etməyə bilməzdi. Bu, iqtisadiyyatdır, dəqiq elmdir.

– Azərbaycan vətəndaşının durumunun ağırlaşmaması üçün neyləmək lazımdır? Artıq bəzi həmkarlarınızdan təkliflər gəlir ki, müavinətlər, maaşlar artırılmalıdır. Bu, çıxış yoludurmu, Sizcə?

– Mən də müavinətlərin, maaşların artırılmasının tərəfdarıyam. Bütün bu illər boyu cənab prezident ildə bir neçə dəfə müavinətləri, təqaüdləri artırır. Məncə, qeyri-populyar, sosializm dövründən gəlmiş bir yola da əl atmaq olar. Müavinətlər, maaşlar artırılmazdan qabaq bazar qiymətləri bir illiyə dondurulmalıdır. Azərbaycan biznesmenləri, oliqarxları sanki Azərbaycan vətəndaşı deyillər. Onlar biləndə ki, müavinətlər 10 faiz artacaq, bundan 10-15 gün qabaq qaçıb qiymətləri 20 faiz artırırlar. Bununla da, insanların maaşını, müavinətini əvvəlcədən oğurlayırlar. Başa düşürəm ki, bazar iqtisadiyyatı azad bazar tələb edir. Amma mən də çıxış yolunu bunda görürəm.

– Qiymətlərin zorla saxlanılması bir fayda verə bilərmi?

– Mən öz təklifimi verirəm, gerisini bilmirəm.

– Araz bəy, qiymət artımına getməmək olardımı?

– Yəqin olmazdı. Mən düşünmürəm ki, Tarif Şurasında Azərbaycan xalqının düşmənləri oturublar.

– İqtisadçılar əhalinin bəzi kəsimlərinin əziyyət çəkəcəyini bildirirlər. Məsələn, yeni tikilən binalara hələ də qaz verilməməsi ucbatından bəzi vətəndaşların xərci bəlkə də iki dəfə artacaq.

– Bunu deyən iqtisadçılar savadsızdırlar. Mənim mənzilimdə qaz yoxdur, elektrikdən istifadə edirik. Mən artıq pul xərcləmirəm. Onlar yəqin bilmirlər ki, elektrikin qiyməti tamam ayrıdır.

– Araz bəy, yəni Sizin elektrik məsrəflərinizdə artım olmayacaq?

– Orda iki qiymət var. Biri var 240 kilovata qədər, bir də var ondan yuxarı. İnsanlar zəhmət çəkib məsrəflərindən qənaət edəcəklər.

– Sovetlərin qənaət dövrünə qayıdır Azərbaycan?

– Sovetlərin dövründə enerjidaşıyıcılara heç bir qənaət yox idi. ABŞ-da, Fransada, Almaniyada var idi, amma SSRİ-də yox idi. Çünki işıq da, qaz da su qiymətinəydi. Vətəndaş 180 manata kommunal xərcləri də ödəyirdi, normal da yaşayırdı. Sovetlər ona görə dağıldı ki, Sovet İttifaqı KP-nin baş katibi Gorbachev xəyanətkar çıxdı. İkinci səbəb, SSRİ-nin inqilablara dəstəyi idi. Bu da iqtisadiyyata ağır zərbə vururdu.

– Araz bəy, sovetlərin çatışmazlıqları haqda ətraflı danışdınız. Bəs indiki Azərbaycan hakimiyyətinin səhvi nədir ki, neftin qiyməti ucuzlaşan kimi ölkənin də durumu birdən-birə dəyişdi?

– Digər neftdən asılı dövlətlərə baxdıqda, Azərbaycanın vəziyyəti yaxşıdır. Hər şey nisbətdə götürülür.

– Yaxşı olan nədir ki?

– Yəni Azərbaycanda acından ölənlər yoxdur. Azərbaycanda küçədə dilənənlər ancaq peşəkar dilənçilərdir. Ayrı ölkələrdə başqa mənzərə görürsən. Məsələn, Çexiyada dilənçilərin sayı artıb.

– Niyə Azərbaycanı daha yaxşı, inkişaf etmiş ölkələrlə müqayisə etmirsiniz?

– Məgər Çexiya pis dövlətdir? Avropa Birliyinə daxildir, NATO ölkəsidir... Postsovet məkanına baxanda, biz çox yaxşı yaşayırıq.

– Qazaxıstandan da?

– Bəli, Qazaxıstandan yaxşı yaşayırıq. Bir şeyi də unutmayın ki, bu ölkənin resursları bizimkindən çoxdur. Amma bununla belə, biz Qazaxıstandan yaxşı yaşayırıq. Baxın, Ukrayna, Moldova nə vəziyyətdədir...

– Son sual. Qiymətlər qalxır. Araz Əlizadə də digər həmkarları kimi maaşının artırılmasını istəyərmi?

– Mən belə tələblə çıxış etməmişəm. Demişəm ki, müəllimlərə, mühəndislərə, həkimlərə baxanda, mənim maaşım çox yüksəkdir. Bəziləri çox səhv edərək deyirlər ki, filan ölkədə deputat filan qədər maaş alır. Mən Azərbaycan dövlətinin vətəndaşıyam. Öz maaşımın nisbətini öz əhalimlə götürürəm.

XS
SM
MD
LG