Arif Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib.
Prezident İlham Əliyev noyabrın 13-də bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, 2015-ci il avqustun 12-də Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədovun barəsində həbs qərarı verilib və o, beynəlxalq axtarışa verilib.
Arif Məmmədov mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda ittiham olunur.
O beynəlxalq axtarışa verilib.
Arif Məmmədov mayın 19-da Bakının Binəqədi qəsəbəsində 15 nəfərin ölümü ilə nəticələnıən yanğınla bağlı özünün Facebook səhifəsində status yazmışdı. Bundan sonra o, vəzifəsindən geri çağrılmış və bəzi dövlət və hökumət rəsmiləri onu tənqid etmişdi. Arif Məmmədov isə bütün deyilənlərə belə cavab vermişdi:
“Bu status bir növ qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16-mərtəbəli binaya görə yazmadım. İçimdə xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar…”
Bundan sonra Hesablama Palatası onun rəhbərliyi dövründə Avropa Şurası yanında nümayəndəlikdə yoxlamalara başlayıb. Baş Prokurorluq isə ona cinayət işi açmışdı. Arif Məmmədov ittihamları rədd edir. Ona qarşı başlanan cinayət işini dediyi siyasi fikirlərlə əlaqələndirib.