Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Türkiyəlilərin Prezident Administrasiyasının sektor müdiri ilə 2 milyonluq qalmaqalı


Arif Novruzov
Arif Novruzov

Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sabiq sektor müdiri Arif Novruzovun kürəkəni Azər Əsgərov məhkəmə qarşısına çıxarılır. Türkiyə vətəndaşları Hümeyra Genç, Hakan Doyğunun şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb olunan Əsgərov dələduzluqda suçlanır. Məsələ burasındadır ki, bu cinayət işində Novruzovun da adı hallanır. Türkiyə vətəndaşları şikayətlərində onun da məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu iş üzrə məhkəmə prosesi fevralın 28-nə təyin olunub.

Müstəntiqə 100 min manat göndərib

Türkiyə vətəndaşlarının şikayəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılanda Arif Novruzov hələ Prezident Administrasiyasında vəzifədə çalışırdı. Novruzovun dediyinə görə, həmin ərəfədə o, cinayət məsuliyyətinə cəlb olunmaması üçün özünü vəzifəli şəxs kimi təqdim edən adamlar vasitəsilə "bandotdel"in müstəntiqinə 100 min manat pul göndərib. Sonradan məlum olub ki, həmin adamlar onu aldadıblar. Bu məsələ ilə bağlı ayrıca cinayət işi başlanmış, həmin şəxslər tapılaraq dələduzluğa görə cəzalandırılmışdılar. Novruzov da bütün bunları məhkəmədə danışmışdı.

Hümeyra Genç və Hakan Doyğun iddia edir ki, Azər Əsgərova pulu birgə biznes məqsədilə veriblər. Onların sözlərinə görə, Əsgərova bu işdə dayaq olan da Novruzov olub.

Türkiyə vətəndaşları şikayətlərində onlara 2 milyon manat ziyan dəydiyini iddia edirdilər. Lakin Novruzov, ümumiyyətlə, bu işlərə aidiyyəti olmadığını bildirib.

Arif Novruzov əvvəllər Prezident Administrasiyasında baş məsləhətçi işləyib. Sonradan Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri olan Novruzov bir neçə rayon icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb. O, 2022-ci ilin aprelində vəzifəsindən azad edilib.

XS
SM
MD
LG