«Hökm oxunanda mən yatırdım. MTN həkimi məni oyatdı ki, oyan, sənə 7 il iş verdilər. Ona baxsam da, heç nə anlamadım».
Konfliktoloq, ötən ilin aprelində həyat yoldaşıyla mühacirətə yollanan Arif Yunus AzadlıqRadiosuna müsahibə verib.
– Arif bəy, həbsdən sonra neynirsiz, nəylə məşğulsunuz?
– Ötən 8 ayda mənim və xanımın - bizim günümüz, adətən, iki yerə bölünür. Bir tərəfdən, müalicə olunuruq. Həftədə iki-üç dəfə həkimə gedirik. Əfsuslar olsun ki, vəziyyətimiz yaxşı deyil. Mən tez-tez huşumu itirirəm. İkinci qrup hipertonikəm, qan təzyiqim var, ürəyim xəstədir. Mənə verilən işgəncələrdən sonra başımın arxa hissəsində balaca bir şiş yaranıb. Alman həkimlərindən bu şişi müalicə edib-etməməyin mümkünlüyünü soruşdum. Onlar birmənalı cavab verməkdə çətinlik çəkdilər, amma bunun işgəncələrdən sonra yarandığına əmindirlər. Dəfələrlə olub ki, görüşdə huşumu itirmişəm, yerə yıxılmışam. Məsələn, ötən yay Strasburqda Avropa Parlamentində görüşümüz vardı, görüşdən 20 dəqiqə öncə huşumu itirmişdim... Vəziyyətimiz o qədər də yaxşı deyil, xanımın da ciddi problemləri var. Günümüzün bir hissəsi həkimdə, müalicədə, dava-dərmanla keçir, digər hissəsi görüşlərdə.
– Kimlərlə görüşürsünüz?
– Keçən il noyabrın sonu - dekabrın əvvəlində biz bir həftədə beş şəhər dəyişdirmişik. Leyla xanım İşgəncələrə Qarşı Beynəlxalq Təşkilatın Baş Assambleyasının üzvüdür və ora yenidən seçilib. Orda keçirilən tədbirdə Nardaran işiylə bağlı xeyli məlumat vermişik. Avropa Parlamentində çıxış etmişik. Bu zaman Azərbaycandakı durum, həbslər, işgəncələrlə bağlı ətraflı məlumat veririk, siyasi məhbus siyahısını təqdim edirik. Dekabrın ortalarında Lüksemburqda görüşlərimiz olub. Mən, adətən, siyasi islamla bağlı danışıram, xanım isə siyasi məhbuslar barəsində. Həmin görüşdən sonra bizə xəbər gəldi ki, yanvarın 19-da Azərbaycan parlamentinin nümayəndə heyəti Lüksemburqa gələrkən onlara Bayram Məmmədov və Qiyasəddin İbrahimovla bağlı petisiya təqdim edilib, 160-nəfərlik siyasi məhbus siyahısından danışılıb. Ancaq Azərbaycanın nümayəndə heyəti petisiyanı qəbul etməyib... Bu günlərdə Hollandiyada hakim Sosial-Demokrat Partiyasının qurultayında fəxri qonaq kimi iştirak etmişik, Azərbaycanla bağlı çıxış etmişik. Bu partiyanın nümayəndəsi, xarici işlər naziri bizim azadlığa çıxmağımız üçün çox çalışıb, ölkəyə gələndə bizi şəxsən qəbul edib. Yəni işləyirik.
– Politoloq Hikmət Hacızadənin bir sözü vardı ki, «biz demokratiya uğrunda Məcnun kimi sevə-sevə, ancaq ümidsizcəsinə mübarizə aparırıq». Bu yaşda, üstəlik səhhətinizdə problemlər varkən, bu işlərlə məşğul olmaq çətin deyil?
– Biz keçən il Almaniyadakı tibbi klinikada müalicə alanda həkimdən soruşdum ki, səhhətimlə bağlı nə etməliyəm? O da cavab verdi ki, sənə dərmandan çox, öz işinlə məşğul olmaq lazımdır... Biz Azərbaycanda olanda guya vəziyyət yaxşı idi? Yəni bizi ittiham etmirdilər? Ürəyimiz yanmırdı? Axı, bizə nə qədər deyən vardı ki, nahaq vuruşursunuz, heç nəyə nail olmayacaqsınız, gedin qızınızın yanına. Bizim qızımız 2009-cu ildə məcbur olub vətəni tərk etmişdi. Hikmət bəy haqlıdır dediyində. O, Məcnunla müqayisə edir. Amma mənim yadıma Gumilev-un (tarixçi alim, etnoqraf Lev Gumilev – AR) bir ifadəsi düşür: «passionar», yəni heç nəyi fikirləşməyən, vəziyyəti dəyişməyə çalışmayan. Mənə bir dəfə sual verdilər ki, bu yolun sonuna ümid yoxdur, niyə bu yolla gedirsən? Cavab verdim ki, mənim üçün mühüm olan namusumdur. O vaxt «perestroyka» başlayanda, adətən, ziyalılara, yazıçılara sual verirdilər ki, siz niyə susurdunuz? Hamı da eyni cavab verirdi ki, qorxurdum, zəmanə başqaydı. Bax, mən onda başa düşdüm, elə yaşamalıyam ki, sabah qızım soruşmasın: «Bəs sən haradaydın? Niyə susurdun?». Mən, sadəcə, öz işimi görürəm.
– Sizi məhkəməyə çox zaman xərəkdə gətirirdilər, özünüzü yaxşı hiss etməyəndə bəzən məhkəmə prosesi dayandırılır, tibbi yardım çağrılırdı. O zaman həbsdən çıxacağınıza, avropalı dostlarınızın sizi dardan qurtaracaqlarına ümidiniz vardımı?
– Mən MTN-də saxlanırdım. Heç bir məlumat ala bilmirdim. Qəzet yox, radio yox idi, qızımdan, xanımımdan xəbər ala bilmirdim. Bir dəfə müstəntiq təzyiq göstərəndə dedim ki, mən tarixçiyəm, Stalin dövründə baş verənləri də gözəl bilirəm, o zaman nə qədər dəyərli insanları məhv etdilər. Amma onlara işgəncə verənlər də, sistemin başında duranlar da cəzadan qaça bilmədilər, onları da sonradan tutdular. Mən də, vaxt gələcək, bəraət alacam. 60 yaşım var, bu dünyada hər şeyi görmüşəm, gec-tez öləcəyəm, bu yaşdan sonra bir istəyim var, heç kim deməsin ki, o, işgəncədən qorxdu və nəyə dedilərsə, ona qol çəkdi. Mənim üçün bu, çox əhəmiyyətli idi. Bilirdim ki, içəridə çox qalmayacağam, maksimum iki ilə ya öləcəyəm, ya da azadlığa çıxacağam. Mənim vəziyyətim doğrudan pis idi. Azadlığa çıxandan sonra oxudum ki, guya məhkəmədə özümü yalandan halım pisləşmiş kimi göstərirəm. Amma məhkəməyə gələn jurnalistlər çox şeyi bilmirdi.
– Məsələn, nəyi?
– Bir dəfə huşumu itirəndə həkim iynəni səhv vurdu, sağ əlim şişdi. Hakim qorxdu, tez zəng vurdular, MTN-dən həkim gəldi. Bundan sonra iki iynə vurdular ki, özümü yaxşı hiss edim. Üstəlik, o həkim bizim oturdulduğumuz şüşə qəfəsdə yanımda otururdu. Və yenə də halım xarab olanda mənə iynə vururdu. Nəticədə mən məhkəmədə baş verənləri anlamırdım. Dərmanlar təzyiqin qaxmağına imkan verməsə də, yuxu gətirirdi, çox şeyi eşitmirdim. Misal üçün, hökm oxunanda mən yatırdım. MTN həkimi məni oyatdı ki, oyan, sənə 7 il iş verdilər. Ona baxsam da, heç nə anlamadım.
– Heç olmasa, Leyla xanımın varlığını yanınızda hiss edirdinizmi? Məhkəmədə çox vaxt başınızı sığallayırdı.
– Əlbəttə. O mənə güc verirdi. Son sözdən öncə şeir yazdım onun üçün. Amma o şeiri çatdırmağın yolunu bilmirdim. Ora gələndə bizi yoxlayırdılar. İki dəfə o şeiri məndən aldılar. Axırda ittiham aktının arasında keçirdim. Aktın arasına elə yazdım ki, başa düşməsinlər. Sonra da xanıma verdim. İstədim başa düşsün ki, biz bir yerdəyik, bir cəbhədəyik. Bəzən bizə irad tuturdular ki, niyə getmirsiz xaricə, Allaha şükür, sizi orda qəbul da edəcəklər. Bizim belə imkanımız vardı. Amma biz hesab edirdik ki, Azərbaycan bizim vətənimizdir, biz burda cəbhədəki kimi döyüşürük, ona görə axıra qədər durmalıyıq. Biz bu gün də vətəni könüllü tərk etməmişik. Bizi buna məcbur etdilər. Faktiki, deportasiya etdilər.
– Azərbaycanı tərk etməyiniz üçün qarşınızda şərt qoymuşdular?
– Birimizə 7, o birimizə 8 il iş verdilər. Ancaq ermənilərə casusluq etməklə bağlı iş qalırdı, axı. Guya istintaq davam edir. Aydın məsələdir də. Ona görə işimizi burda davam etdirməli olduq. Biz Hollandiyada yaşayırıq, amma Azərbaycan cəbhəsini tərk etməmişik.
– Belə fikirlər səslənirdi ki, siz məhz həyat yoldaşınız Leyla Yunusun fəaliyyətinə görə həbs edilmisiniz.
– Mən elə düşünmürəm. Orda iki məsələ vardı. Biri insan haqları, siyasi məhbuslarla bağlıydı, bu, xanımın işi idi. Digərisə ermənilərlə görüşlər, Ermənistana casusluqla bağlı idi, Ermənistana isə mən gedirdim, axı. Mənə verilən ittiham bununla bağlı idi, elə mənə verilən işgəncələr də bununla bağlı idi. Söhbət tək Leyla xanımdan getmirdi. Kim nə deyir-desin, mən fikir vermirəm, biz Leyla xanımla, sadəcə, bir komandayıq, bir cəbhədəyik. Cəbhədə olanda fikir vermirsən ki, səni tutdular, ya döydülər. Əsas odur ki, cəbhə yoldaşınla bir yerdəsən, onun taleyi, onun problemləri, yaşadığı işgəncələr də səninkidir.
– O dövrlə bağlı kitab yazacaqsınızmı?
– Artıq yazırıq. Bu kitabı mən hələ MTN-də yazmağa başlamışdım. Kamerada tək saxlanırdım. Oradan insan kimi çıxmaq istəyirsənsə, məşğuliyyət tapmalısan. Şahmatçılar gedişləri beyinlərində yazdıqları, qeyd etdikləri kimi, mən də MTN-də kitabı beynimdə yazmağa başladım. İndi isə bir yerdə yazırıq. Mən MTN nədir, gözəl bilirəm. Xanım da yazırdı həbsdə olanda. Kameranı «şmon» edəndə dörd dəfə bu yazdıqlarını ondan alıblar. Buna baxmayaraq, o, yazdıqlarını həbsdən çıxartdı. İndi onun tezis şəklində olan qeydlərindən istifadə edirik.
– Sizi MTN həbs etdi, amma azadlığa çıxanda bu qurum ləğv edilmişdi. Bayaq dediniz ki, mən MTN nədir, gözəl bilirəm. Orda yaşadıqlarınızdan sonra belə bir qurumun ləğvinə sevindinizmi?
– Mən bütövlükdə sistemə qiymət verməyin tərəfdarıyam. Guya Daxili İşlər Nazirliyində vəziyyət yaxşıdır? Ya «Bandotdel»də yaxşıdır? Prokurorluqda özbaşınalıq yoxdur? Söhbət sistemdən gedir. Həbsdən qabaq da deyirdim ki, MTN quldurluqla məşğul olur. Mən hələ dindarların işiylə bağlı kitab yazanda görürdüm ki, işi araşdırmırlar, ağıllarına gələni edirlər, məsələn, cənub regionundansansa, deməli, İran casususan, ya da... Bir dəfə hüquq-mühafizə orqanlarının bəyanatında «Nardaranda vəhhabilərin fəaliyyətindən» danışılırdı. Orda şiələrdir, axı, vəhhabi nə gəzir. Həbsdə olanda da çox şey gördüm. Orda bizneslə məşğuluydular, hətta çox pis bizneslə, qadın trafikinqi ilə məşğul olan MTN-çilər vardı. Ondan öncə DİN bununla məşğuluydusa, sonrakı illərdə MTN əl atmışdı. Çox murdar işləri gördüm. MTN haqda çox şey bilirəm. Bir dəfə gələndə qara maşınlar gördüm həyətdə, az sonra həbslərin başladığını eşitdim. Amma yenə deyirəm, söhbət tək MTN-dən getməməlidir, ölkədə hüquq-mühafizə orqanları sistem olaraq dəyişməlidir, orda qanunsuzluq, özbaşınalıq hökm sürür.
– Söhbət çox uzandı, yəqin görüləcək işləriniz var. Sonda bir sual, yaxın illərdə Azərbaycana qayıtmağınız mümkündürmü, sizcə?
– Heç bilmirəm nə cavab verim. Bu bizdən asılı deyil. Bir onu deyim ki, 60-dan sonra vətənsiz yaşamaq çox çətindir.