Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Astarada valideyn: 'Hökumət məktəblilərin tələbatını nisbətən üzərinə götürməlidir'


Məktəbli geyimləri
Məktəbli geyimləri

Azərbaycanın İranla sərhəd cənub rayonlarından olan Astarada məktəb ləvazimatları və məktəbli forması satan mağazalarda qələbəlik var. Amma belə satış mərkəzlərinin sayı rayonda elə də çox deyil. Onlardan birində məktəbli çantalarını diqqətlə nəzərdən keçirdən bir qadın bahalıqdan şikayətlənir. Adının çəkilməsini istəməyən həmin xanım alıcı deyir ki, ötən ilə nisbətən bahalaşma var: "İki uşağım məktəblidir. Biri 10-cu, digər isə 7-ci sinfə gedəcək. Yuxarı siniflərdə oxuyanların xərci daha çoxdur. Məktəbli köynəyi 20 manata, şalvarı 35 manata, alt geyim, corab 20 manata, jaket 25 manata, çanta 50 manata, ayaqqabı 30 manatadır. Almışam".

"Bir uşaq üçün 250 manat xərclənib"

Onun dediyinə görə, dərs ləvazimatlarında bahalaşma daha çoxdur: "Dəftər, qələm, qovluq, qələmqabı, suqabı 50 manata yaxın götürür. Bir uşaq üçün 250 manat xərclənib. Bu, hələ orta qiymətdir. Dərs kitablarını məktəb verir. Uşaqlar üçün pulu yeddi-səkkiz ay idi ki toplayırdım. Uşaqlar məktəbə gedəndən sonra biləcəyik ki, məktəb nə istəyir".

Məktəbli geyimləri arasında qiymət fərqi də var. Adının çəkilməsini istəməyən satıcının sözlərinə görə, alıcıların çoxu daha ucuz olan məktəbli formalarına üz tuturlar. Onun müşahidəsinə görə, bu il ötən ilə nisbətən məktəbli forması alanların sayı azdır: "Hər ölçüdə, qiymətdə məktəbli forması var. İbtidai siniflərdə təhsil alanlar hər il məktəbli forması almağa məcburdur. Uşaqların boyları artır, ona görə. Ailədə bir neçə nəfər məktəbli varsa, hər il, əsasən, məktəbli formalarını bir-birlərinə ötürürlər. Digər məktəbli ləvazimatları hər dərs ilində alınmalıdır. İşlənir axı".

Dərs ləvazimatları
Dərs ləvazimatları

"Ayaqqabı almadıq, köhnəni geyəcək"

Astara şəhər sakini Bəhruz Abdullayevin bir uşağı məktəbə gedir. Amma onun sözlərinə görə, bir uşağın belə tələbatını ödəməyə çətinlik çəkir: "Məktəbli formasını, dərs ləvazımatlarını almaq üçün 217 manat xərcləmişəm. Ayaqqabı almadıq, köhnəni geyəcək. Çanta pis gündə idi, dəfələrlə yamaq qoyulmuşdu, yenisini almaq məcburiyyətində qaldıq".

O deyir ki, məktəbli ləvazimatlarında bahalaşma var: "Bunun üçün 50-60 manat xərcləmişəm. Halbuki ötən il bu xərclər 30-35 manat idi. Ayaqqabını 25 manata almışdım, indi olub 35 manata. Gedin, baxın dəftər neçəyə olub!".

"Sürücü dedi ki, bu il gediş haqqı..."

Valideyn problemlərin bununla bitmədiyini söyləyir: "Problem çoxdur. Məktəblə ev arasında bir kilometrdən çox məsafə var. Hər gün uşaq məktəbə piyada necə getsin? Maşın tuturuq, hərəmiz pul verir ki, uşaqlarımızı məktəbə aparsın. Uşaqları məktəbə aparan sürücü mənə dedi ki, bu il gediş haqqı baha olacaq, çünki yanacaq bahalaşıb. Repetitorun yanına göndərməliyəm, bir dəfəsi 15 manatdır. Göndərməsəm, uşaq heç nə bilməyəcək".

Onun fikrincə, hökumət məktəbli uşaqların tələbatını nisbətən üzərinə götürməlidir: "Mənim daimi iş yerim yoxdur, günəmuzd işləyirəm. İş də həmişə olmur. Ailələr tanıyıram uşaqlarını məktəbə göndərməkdə çətinlik çəkirlər. Məndə bir məktəbli uşağı var, iki olsa, öhdəsindən gələ bilmərəm. Elə ailələr var ki, məktəbli uşaqlarının sayı daha çoxdur. Dərs ili gələndə dərd çəkirik ki, uşaqları məktəbə göndərmək üçün pulu haradan tapaq".

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin avqustunda ötən ilin analoji dövrü ilə müqayisədə inflyasiya cəmi 3.5 faiz təşkil edib. Qurumun açıqlamasına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.3 faiz artaraq təqribən 1000 manat olub. Amma bu rəqəmlərə bəzi müstəqil iqtisadçılar şübhə ilə yanaşır.

XS
SM
MD
LG