Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:38

Pensər bazarında: 'Adamlar pulu çörəyə verirlər, bala pul çatmır'


Bazarda qələbəlikdir
Bazarda qələbəlikdir

Astara rayonunun həftəlik Pensər bazarına (eyniadlı kəndin adından götürülüb) Azərbaycanın əksər rayonlarından kənd təsərrüfatı məhsullarını satmaq üçün gələnlər olur. Orada daha çox topdansatış həyata keçirilir. Məhsulların ölkənin başqa bazarlarına nisbətən daha ucuz olduğu söylənir...

"Harada ucuz bir şey satırlar, camaat da ora can atır"

Yük maşınların birində alma satırlar. Alıcılar həmin yük maşının ətrafına toplaşıblar. Onlardan biri deyir ki, alma burada çox ucuzdur: "Bir kiloqramı 30 qəpiyə verirlər. Bəzilərinin çürük yerləri olsa da, dadı yaxşıdır. Çürük yerlərini alandan sonra kəsmək, ya da seçmək lazımdır. Bizdə belə almalar olmur. Harada ucuz bir şey satırlar, camaat da ora can atır. Yeddi nəvəm var, almanı onlar üçün alıram".

Satıcı isə deyir ki, almanı Quba rayonundan gətirib: "Meyvəni anbara vurmuşdum. Yaxşı qalmayıb. Bir az da qalsa, çürüyüb, məhv olacaq. Ona görə də 3 kiloqramını 1 manata satıram. Ötən il bu vaxtı almanın qiyməti yüksək idi. İnanın ki, zərər edirəm. Öz maşınımla gətirmişəm. Almanı yetişdirmək zülmdür, qardaş".

Ucuz alma
Ucuz alma

"Bakı bazarları monopoliyadadır"

O, artıq yaşayışın çətinləşdiyini söyləyir: "Koronavirus gəldi, sərhəd qapılarını bağladılar, evimiz yıxıldı. Meyvə qaldı əlimizdə. İnanın ki, elə adamlar var, meyvəni dərmədi, ağacda qaldı. Dərman, gübrə verməsən, məhsul olmur. Bakı bazarları monopoliyadadır, ona görə rayonların bazarlarını gəzirik".

"Gəlib baxırlar, qiyməti soruşub gedirlər"

Bazarda pomidor satan isə məhsulu Salyan rayonundan gətirdiyini söyləyir: "1 kiloqramını 2 manata satıram. Bundan baha qiymətə pomidor var. Görünüşü sizi aldatmasın, dadı yaxşıdır. Dərman bahadır, həm də tapılmır. Bazarda alıcı çoxdur, amma pomidor alan azdır. Gəlib baxırlar, qiyməti soruşub gedirlər".

Pomidor, xiyar istixanada yetişdirilib
Pomidor, xiyar istixanada yetişdirilib

Bazarda soğan satanlar daha çoxdur. Onlar şikayət edirlər ki, malları əllərində qalıb. Onlardan biri deyir ki, soğanı Ağdamdan gətirib: "1 kiloqramını 80 qəpiyə satıram. Ağdamda soğan əllərdə qalıb. Anbarda saxladılar, elə bildilər, soğan bahalaşacaq. Bir, iki ay bahalaşdı, sonra qiymətlər düşdü. Göy soğan çıxıb, malımız əllərdə qalıb. İndi dib soğanın göyərən vaxtıdır. Göyərir, xarab olur, alan olmur, ona görə soğanı tez satmaq istəyirlər. Kartof da satıram, İranındır".

O, yaxınlıqda duran göy-göyərti satanı göstərib deyir ki, "indi bunların bazarıdır".

Göy-göyərti Masallıdan gətirilib
Göy-göyərti Masallıdan gətirilib

"Satıcılar da kasıbdır, alıcılar da"

Həmin şəxs isə göyərtini Masallı rayonunun Təklə kəndindən gətirdiyini, valideynlərinə kömək etdiyini söyləyir: "Göyərti yetişdirməklə məşğuluq. Kənddə cəfəri, şüyüd, keşniş, reyhan plantasiyaları var. İndi azalıb. Cəfərini Rusiyaya göndərərdik, əlaqələr kəsildi. Əkin yerlərimizi qışda su basır, yayda isə quraqlıq bizə əziyyət verir. Əhali kasıbdır, qışdan çıxıb. İndi tərə yeyilən vaxtıdır, alıcı çoxdur. Elə da baha vermirəm. Bura kasıb bazarıdır, satıcılar da kasıbdır, alıcılar da. Görürsünüz, üzlərindən kədər yağır. Bir-birimizi yola veririk".

Şitillər
Şitillər

"Əkmək, işləmək lazımdır"

Tərəvəz məhsullarının şitilini satan şəxs də deyir ki, bu il alıcı çoxdur: "Pomidor, badımcan, bibər şitilləri var, özüm yetişdirmişəm. Evdə təsərrüfatım var. Alırlar. Kəndlilər başa düşüblər ki, əkmək, işləmək lazımdır. Axı kənd adamlarına heç kim kömək etmir".

Bal satan satıcı isə deyir ki, keçənilki məhsulu əlində qalıb. Onun sözlərinə görə, adamlar pulu çörəyə verirlər, bala pul çatmır: "Bu meşə balıdır, kiloqramı 35 manat. Bu isə özümündür, kiloqramını 25 manat verirəm. Hər il 1.5 ton bal əldə edirəm. Ailəmi balla saxlayıram. Dərman həm bahadır, həm də tapılmır. Əvvəllər İranın qapısı açıq idi, oradan alıb gətirirdik, ucuz başa gəlirdi". (2020-ci ilin əvvəlində koronavirusla bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb)

Pensər kəndi
Pensər kəndi

"Sovet dövründə İranda qohumu olanlar qorxudan adlarını gizlədirdilər"

O, Azərbaycanla İranın son aylar münasibətlərinin pisləşməsinə işarə vuraraq sözlərinə belə davam edir: "Açılsa da, ora qorxudan heç kim getməz. Sovet dövründə İranda qohumu olanlar qorxudan adlarını gizlədirdilər. İndi həmin dövrə gəlib çıxmışıq. Bir tərəfdən, arıçılara qapının bağlanması sərf edir. İrandan ucuz bal gətirib bazarımızı öldürürdülər. Oradan narkotik də gəlirdi".

Bazarda istər satıcılar, istərsə də alıcılar adlarını demək istəmirlər. Orada hər addımda polisə rast gəlmək olur. Yağış yağmağa başlayır, amma adamlar bazarı tərk etməyə tələsmirlər. Bazara gələnlərin isə ardı kəsilmir. Hərə bazardan özünə sərf edən qiymətə kənd təsərrüfatı məhsulu almaq ümidindədir...

Yazıda səslənən fikirlərlə bağlı aidiyyəti rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG