Astarada çadirda yaşayan ailələr
Astara rayonunun dağda yerləşən Burzibənd kəndinin ərazisində son illər torpaq sürüşmələri aktivləşib. Hər torpaq sürüşməsindən sonra yaşayış evləri yararsız hala düşür ya da tamamilə dağılır. İnşası 6,7 milyon manata başa gələn Deqədi-Pəlikəş yolu da bu kəndin yaxınlığından keçir. 2015-ci ildə istifadəyə verilmiş yol torpaq sürüşməsi nəticəsində yararsız hala düşüb.
AzadlıqRadiosu-nun müxbiri torpaq sürüşməsindən evləri dağılmış Həşimovlar ailəsinə baş çəkib. Həyətdə çadır qurulub. Elə həyətdə qoyulmuş odun sobasında isə yemək bişirilir...
Evin xanımı Sürayə Məlikova deyir ki, günlərini həyətdə, açıq havada keçirdirlər. Yağış, qar yağanda daldalanmağa çadıra girirlər. O, 3 ildir çadırda yaşadıqlarını söyləyir:
“2016-cı ildən bu çadırda yaşayırıq. Yağış yağanda çadır damır. Yerdə yatırıq. 7 nəfərlik ailəyik, uşaqlar məktəblidir. Yeganə qazancımız 150 manat uşaqpuludur. Pulu güclə çatdırırıq. Uşaqlar vaxtaşırı xəstələnirlər. Evdə müalicə edirik. Pulu haradan gətirib həkimə verək? Yağış yağanda yuxarıdan su gəlir tökülür çadırın içinə. Hamımız saatlarla ayaq üstə qalırıq ki, su çəkilsin. Ümidimiz dövlətdədir”.
“Yaşamaq üçün satmağa da bir şey qalmayib”
Ailənin başçısı Elşən Həşimov torpaq sürüşməsindən tamamilə dağılmış evi göstərir. Deyir, ev dağılandan sonra bir neçə dəfə gəlib baxıblar, sənədləşdiriblər, söz veriblər ki, yaşayış evi inşa ediləcək. Deməsinə görə, hər il söz verilir, amma ev inşa etməyə gələn yoxdur.
“Çarəsiz qalmışam. Yaşamaq üçün satmağa da bir şey qalmayıb. Ümidim var ki, evi inşa edəcəklər. Hökumət var, axı...” – həyəcanla danışan ailə başçısının gözləri yaşarır, titrəyən əllərini arxasında gizlətməyə çalışır:
“Uşaqlarımın qarşısında özümü günahkar sayıram. İşləmirəm, iş yoxdur. İşlə bağlı müraciət etmişəm, gözləyirəm. Hər işdə işləyərəm. İkisi gedir məktəbə, üçü gedə bilmir. Paltar ala bilmirəm. İmkanım yoxdur. Görürsünüz əyin-başları nə gündədir? Hər uşağa sosial verirlər. O pulla da yaşayırıq”.
Elşən Həşimov həyəti göstərib deyir ki, hər yer dağlıq olduğundan burada əkin əkmək də mümkün deyil. O, 11 sot “payıbəlli” torpağa görə ünvanlı sosial yardım da ala bilmədiyini söyləyir. Deyir, qışda Qardağ daş karxanasından qazandığına qışı keçirtməyə un alır və 50 kiloqramlıq unla da günləri başa vurmağa çalışırlar. “Dilimizə aylarla ət dəymir”, – deyən Həşimov çadırın çürümüş yerlərini göstərir. Çadıra yamaq da vurulub:
“Yararsız hala düşüb. Bizdə güclü qar yağır. Bilmirəm, bu dəfə çadır qara dözəcək, ya yox. Çadırın içində televizor qoymuşam. Onu da yaxınlarım mənə verib. Qış dağda sərt keçir, soyuq olur. Bizdə təbii qaz yoxdur. Odun əldə etmək də bir problemdir. Odun tədarük etməyə qoymurlar. Deyirlər ki, hökumət icazə vermir. Qışı keçirtmək zülmdür. Çadırın içində qarda, yağışda necə yaşamaq olar? Müraciət etmişəm ki, heç olmasa çadırı dəyişin, dəyişmirlər. Rayon icra hakimiyyətində mənə bildirdilər ki, fevralda ev hazır olacaq, köçərsiz. Çarəsiz qalmışam”.
“Ev tikməyə imkanımız yoxdur”
Rayonun Sığaloni kəndində daha bir ailə – İskəndərovlar ailəsi də çadırda yaşayır. Təcrübə İskəndərova deyir ki, çadıra bu il köçüblər: “Torpaq ilin əvvəlində sürüşməyə başladı. Evi yararsız hala saldı. Evin bir tərəfi tamamilə dağılıb. Torpaq sürşməsindən əvvəl evə əl gəzdirmişdik, pis deyildi. Bir neçə dəfə gəlib baxıblar. Bir müddət keçdi, çadır verdilər. Oğlum ailəsi ilə çadırda yaşayır, məktəbli uşaqları var. Kasıb adamlarıq, qazandığımızı dolanışığa . veririk. Ev tikmək imkanımız yoxdur. Dedilər ki, ev inşa ediləcək. Gözləyirik. Allaha dua edirik ki, qışa qədər bizi evlə təmin etsinlər”.
“Rayonda 36 mənzilli ev tikilir”
Kijabə qəsəbə icra nümayəndəliyndən bildirdilər ki, Burzibənd kənd sakini Elşən Həşimovun adı ev növbəsində var: “Həmin ərazi bizə baxır. Ərazidə sürüşmə nəticəsində evi dağılmış 7 ailənin adı da ev növbəsindədir. Bu ailələrdən ikisi çadırda yaşayır. Bu məqsədlə rayonda 36 mənzilli yaşayış binası tikilir. Prezident pul da ayırıb. Yəqin, yaşayış evi ilin sonuna kimi inşa ediləcək”.
Astara Rayon icra hakimiyyəti aparatından bildirdilər ki, birinci növbədə çadırlarda yaşayan ailələr evlə təmin olunacaqlar.